Hürdürmərtəbəli binadakı yanğınla bağlı rəsmi məlumat - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binada baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumatda bildirilir: "Bakı şəhəri, Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyə edilib. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb". 22:44 Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın nəticəsində zəhərlənənlər var. Modern.az xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Şahidlərin sözlərinə görə, yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib. Bir azyaşlı uşaq isə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, yanğın elektrik qəfəsinin yanması nəticəsində başlayıb. 22:29 Bakıda çoxmərtəbəli binada yanğın olub. Modern.az xəbər verir ki, yanğın 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 13-cü mərtəbəsindən başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə yerinə nazirliyin canlı qüvvə və texnikası cəlb olunub. Binadan 15 nəfər sakin təxliyə edilib. Hazırda yanğının səbəbləri araşdırılır.