100 MİLYONLA QAÇAN BANKİRİN MAXİNASİYALARI – “Bankın sahibi və müavini TEATR QURUBLAR…”
Azərbaycanın ilk kommersiya banklarından olan və 1992-ci ildən fəaliyyət göstərən “GünayBank” ASC-də baş verənlər barədə redaksiyamıza yeni sensasion məlumatlar daxil olub. Belə məlum olur ki, bankın idarə heyətinin sədr müavini, on milyonlarla manatla xaricdə qaçdığı deyilən Emin Zeynalov “GünayBank”da rəsmi bankçılıq fəaliyyəti ilə yanaşı qeyri-leqal pul dövriyyəsi sxemi də təşkil edib. Bu sxem üzərindən on milyonlarla dollar dövr elətdirib və üstəlik həmin pulları “Forex” beynəlxalq online valyuta mübadiləsi birjasında “fırladıb”, amma bu əməliyyatlarda böyük pullar itirib. Bankir Emin Zeynalovun 100 milyon manata yaxın pulla ölkədən qaçdığı barədə xəbərimizdən sonra “GünayBank” ASC-nin Müşahidə Şurasının sədri, xanımı Yeganə Şirinova ilə birlikdə bankın səhmlərinin 90 faizə yaxın hissəsinə nəzarət edən Mahmud Məmmədov saytlardan birində təkzib xarakterli bəyanatla çıxış edib. Bildirib ki, Emin Zeynalovun bankın pullarını götürüb qaçması yalandır, amma onun “xaricdəki biznes tərəfdaşları” qarşısında borcları olub və həmin borclar barədə eşidən kimi Zeynalovu vəzifədən uzaqlaşdırıb. Lakin Emin Zeynalovun adı bu gün səhər saatlarına qədər “GünayBank”ın saytında bankın idarə heyəti sədrinin müavinləri sırasında yer alırdı. Yalnız saat 12.00 radələrində həmin məlumat saytdan silindi. Mənbəmiz bildirir ki, Emin Zeynalovun atası iri bankir olub, ölkənin iri banklarından birində rəhbər vəzifə tutub. E.Zeynalov “GünayBank” ASC-də vəzifəyə keçəndən sonra Bakıda müxtəlif imkanlı şəxslərdən milyonlarla manat yığaraq hesaba alınmamış vəsaitlər qismində bankda dövriyyəyə buraxıb. Bu qanunsuz pul dövriyyəsinin bankın Müşahidə Şurasının rəhbərinin xəbəri olmadan təşkil edildiyi ağlabatan hesab edilmir. Mənbə bildirir ki, bankda uçota alınmamış pulların dövriyyəsindən böyük gəlirlər əldə etmək mümkün olur. Qeyd edək ki, Cahangir Hacıyevin dövründə eyni sxem Azərbaycan Beynəlxalq Bankında da təşkil edilmişdi və bankda uçotsuz “fırlanan” vəsaitlərin həcmi onun rəsmi aktivlərinin həcmindən dəfələrlə çox olmuşdu. Söhbət milyardlarla dollardan gedirdi. Mənbənin bildirdiyinə görə Emin Zeynalovun Mahmud Məmmədova 15 milyon dollar borcu yaranıb. Həmin pulun 8 milyon dollarını onun atası ödəyib. Zeynalovun borclarının ümumi məbləği isə 60 milyon dollar, yəni 100 milyon manata yaxındır. Mahmud Məmmədovun pullarının bir hissəsini geri alandan sonra Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına məlumat verdiyi bildirilir. “GünayBank” ASC-də baş verənlər və Emin Zeynalovun əməlləri barədə daha bir məlumat redaksiyamızın elektron poçtuna daxil olub. Həmin məktubda deyilir: “Hörmətli Redaksiya, Sizə “GünayBank” ətrafında yaranmış situasiya ilə bağlı müraciət edirəm. Mən bu fırıldaq sxemindən zərər çəkənlərdən biriyəm, amma hələlik təhlükəsizlik nöqteyi-nəzərindən kimliyimi gizlətməyə məcburam. Bir ildən də artıq müddət ərzində bu bankda tam mənada qara valyuta bazarı fəaliyyət göstərib. Emin pulları nəğd şəkildə bankın filiallarında götürüb (şəxsən mən pulları “Azzure” filialında birbaşa kassaya vermişəm, mənə qəbz vəd etdilər, amma vermədilər) və hər ay 1-3 faiz həcmində “komission haqqı” ödəyib. Emin faktiki olaraq ölkədə avro, dinar və digər valyutaların mübadiləsini inhisara almışdı. Hamı onunla işləyirdi. Bank tamamilə bu prosesə cəlb olunmuşdu, pullar kassalarda qəbul edilirdi, komission haqqı da kassalarda ödənilirdi. Emin deyirdi ki, bankın sahibi valyuta əməliyyatlarından qazanılan pulların bir hissəsini özünə götürür və ona görə də hər şeyə göz yumur. Məndə bununla bağlı səsli mesajlar var və onları sizə təqdim edə bilərəm. Mən və mənim kimi 20-30 nəfər, hamımız Eminə inanmışdıq və bütün pullarımızı ona verdik. Günlərin birində Emin yoxa çıxdı, biz Mahmud Məmmədovla görüşməyə getdik, o isə açıq mətnlə dedi ki, Emin ondan 7 milyon pul oğurlayıb. Ona görə də o, Eminin ailəsinin bütün əmlakını hədə yolu ilə əlindən alıb, özünün barəsində isə hüquq-mühafizə orqanlarına müraciət edib. Sonra isə o mətbuata deyir ki, bankdan guya heç bir pul itməyib, oğurluq olmayıb, Eminlə isə əlaqəni kəsib. Tam ziddiyətli açıqlamalardır. Ölkədə irimiqyaslı fırıldaq əməlinin baş verdiyi ortadadır-bankın sahibi və onun müavini teatr qurublar, özləri isə böyük pulları oğurlayıblar. Belə çıxır ki, bir ildən çox bankın kassalarına milyonlarla manat pul verilir, faizlər də hər ay kassadan ödənilir, amma bankın sahibinin bunlardan xəbəri olmur? Hamı bilir ki, Mahmudun xəbəri olmadan bu bankda bir qəpik də xərclənə bilməz. Məhz bizim pullarımız hesabına bank bir ilin içində böyüyüb, xeyli valyuta mübadiləsi məntəqəsi açıb və həmişə gəlirlə işləyib. Mənim kimilər onlarladır və biz son həddə gəlib çatmışıq. Bütün həyatımız məhv olub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət yazmışıq, Mahmud Məmmədovla görüşmüşük, o isə heç nədən qorxmur və hamımıza açıq deyir ki, yuxarılarda güclü “krışası” var. Xahiş edirik bu məsələyə diqqət ayırasınız. Biz təslim olmayacağıq, çünki itirməyə heç nəyimiz qalmayıb!!!” Bu misli görünməmiş bank fırıldağı diqqətdə saxlayacaq və Emin Zeynalovun əməllərindən zərər çəkənlərlə təmas yaratmağa çalışacağıq (Virtualaz.org)“GünayBank”da batan on milyonlarla dollar qara pullar barədə yeni iddialar