GƏNCƏdə törədİlən qanlı hadİsələrə görə 9 NƏFƏR HƏBS OLUNDU - RƏSMİ
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə məlumat yayıb. "AzerTaym.az"-ın xəbərinə görə, məlumatda deyilir: "İyulun 12-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş verən məlum hadisələrlə əlaqədar yaradılan istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçiribş, görülən işlər barədə hesabatlarını dinləyib. Məruzə olunub ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər. Müşavirədən sonra Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak ediblər. Onlar, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına Dövlət Başçısının başsağlığını çatdırıb, kədərlərinə şərik olublar".