SABİQ DEPUTATIN QIZI “KAMAZ”la QUBA YOLUNDA… – Yol Polisindən ŞOK protokol
“Bu gün ünvanıma elektron protokollar göndərilib. Baş Dövlət Yol Polisi İdarəsi 99- MP-847 nömrəli başqasının maşınının protokolunu da mənim adıma göndərib! Ona görə də məktubu mənə göndərənlər inciməsinlər, başqasının əvəzinə pul ödəmək həvəsim yoxdur… “AzPolitika”nın məlumatına görə, bu barədə yazıçı, sabiq millət vəkili Xeyrəddin Xoca sosial şəbəkədə yazıb. Sabiq deputatın səbrini daşıran isə qızının ünvanına göndərilən protokol olub. Belə ki, Yol Polisinin göndərdiyi protokolda qeyd olunur ki, X. Xocanın qızı Quba yolunda “Kamaz” sürərkən yol qaydalarını pozub: “MMX 7308883 nömrəli elektron protokolda qızımın sürdüyü “Opel” markalı maşının nömrəsinə uyğun bir “Kamaz” markalı maşının böyüdülmüş və kiçildilmiş şəkilləri görünür. Tərs kimi ətrafda heç bir maşın görünmür ki, qızımın maşınına oxşadaq… İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə görə qızım 50 manat cərimə olunub! Həm də protokolda göstərilir ki, qızım maşını ilə 27 iyun 2018- ci ildə Quba yolunda yol qaydalarını pozub. Qızım həmin gün işdə olub, həm də Kamaz sürməyib… Ümumiyyətlə nəsil- nəcabətimizdə Kamaz sürən adam olmayıb! And içirəm!
Buna dözmək olar, uzaqbaşı fikirləşərəm ki, “texniki səhv” olub. Bəs, qızımın ünvanına gələn protokola nə ad verək?”
A kişilər, belə işləmək olar? Mənə elə gəlir ki, həmin məktubları göndərənlərin başına gün dəyib! Hava çox istidir, axı!..”