Anar Məmmədlini niyə həbs etdilər...
İlham Əliyevin bu balaca, amma məğrur ölkənin azadlığını və rifahını təmin etmiş fenomenal neft-qaz strategiyasına indi heç nə mane ola bilməz.
Ekspretlərin hamısı bir ağızdan heyrətlə deyirdilər ki, axı bu necə ola bilər, axı Qazaxıstanın “Kaşağan” yatağındakı qaz ehtiyatları “Şahdəniz”dəkindən az deyil, amma nə Qərb, nə Rusiya, nə də Çin buna o qədər də maraq göstərmədilər.
Azərbaycan elə həmin bu Qərbin Putinin qaz kamerasına, özü də Şərqi və Mərkəzi Avropanın zorla itələndiyi kamerasına alternativ olaraq yaratdığı enerji-nəqliyyat arteriyasında həddən artıq vacib yer tutur. Bunu Azərbaycan müxalifətinin permanent böhran içində, özü də aqoniya vəziyyətində olan və düşdüyü dalandan çıxa bilməyən azsaylı qrupundan başqa hamı başa düşür.
Bunun ən bariz nümunəsi Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqin dünənki brifinqi idi. Britaniyalı nazir insan haqlarının pozulmasına dair çeynənmiş suallara cavab verməkdən yayındı.
“Cənab nazir, sizə elə gəlmirmi ki, Britaniya insan haqlarını enerji maraqlarına qurban verir?” – bu sual cavabsız qalır.
Və nazir müasir dünya düzəninin yeni fəlsəfəsini hələ də anlamayan bu ipə-sapa yatmaz jurnalistə az qala min dəfə izah eləməyə məcbur olur ki, “iqtisadi inkişaf insan haqlarının müdafiəsini gücləndirir”.
Bunun ardınca nazirin düz gözünün içinə baxaraq ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) az öncə həbs olunmuş tərəfdaşı Anar Məmmədli barədə sual verirlər.
Və nazir bu anlamaz jurnalistə yenə də uzun-uzadı başa salmağa çalışır ki, Britaniya ilə Azərbaycan arasında səmimi münasibətlər var və münasibətlərin bu xarakteri bütün məsələləri, o cümlədən A.Məmmədlinin həbsi kimi problemləri də qarşılıqlı şəkildə müzakirə etməyə imkan verir...
Elə həmin günün axşamı isə ABŞ hökuməti prezident Barak Obamanın adından İlham Əliyevi zorla cələklənib Putinin qaz kamerasını soxulmuş Avropa ölkələri üçün əsl oksigen yastığı demək olan strateji qaz layihəsinin reallaşdırılması münasibətilə təbrik edir. Və bu təbrik məktubunda da Anar Məmmədli və yaxud ABŞ dəniz piyadalarını tezliklə Bakı buxtasına tökəcəklərinə inanan “beşinci kolon”un digər nümayəndələri haqda bircə kəlmə də olmur...
Azərbaycanda vəziyyətin gərginləşib qarışacağına hələ də ümid edən bu bir ovuc bədbəxt beyinsiz insan Avropada çoxdan əlifbanın “a”sı qədər anlaşıqlı və sadə olan bu həqiqəti doğrudanmı hələ də anlamır ki, bəşəriyyətin hələ düz 50 ildən sonra gerçək həyatda görəcəyi gələcək nəzəri Avropa məkanı Azərbaycanın sərhədlərində bitir? Bu region Qərbdən ötrü siyasi baxımdan Mərkəzi Asiyadır. Buna görə də ona qarşı irəli sürülən tələblər, tutalım, Avropaya inteqrasiya eləmiş ölkələrə baxanda bir qədər fərqlidir.
Digər tərəfdən, Qərb Şərqi və Mərkəzi Avropada əldə etməyə, nail olmağa çalışdığı tələb və standartları Azərbaycanda da tətbiq eləməyə başladı. Amma başqa cür düşünənlər vəziyyəti dəyişməyə axı qadir deyillər! Müxalifət adlanan bu qüvvələr son 15 ildə Azərbaycanda vəziyyəti gərginləşdirməyin, qeyri-sabitlik yaratmağın əvvəlcə Ukrayna, sonra Gürcüstan, bir qədər sonra ərəb, indi yenə də Ukrayna modellərini tətbiq etməyə uğursuz cəhdlər göstərirlər. Amma onların nə siyasi, nə iqtisadi, nə də hətta sosial çağırış və şüarları cəmiyyət tərəfindən anlaşılımır və dəstəklənmir. Onlar isə özlərinin bu iflasını balaca ölkə olan Azərbaycanda “tarixin fəlsəfəsinin böhranı” ilə izah eləməyə çalışırlar. Təsəvvür edirsinizmi? Azərbaycandakı vəziyyət guya heç bir dialektik izaha yatmırmış...
İlham Əliyev Qərbi qane edir. Əliyev elə işlər görüb ki, bunu onun rəqiblərinin və siyasi opponentlərinin heç biri bacarmaz. İlham Əliyev bu geosiyasi qarmaqarışıqlıq içində sabit ölkə yaradıb. Bu ölkədə iqtisadiyyat sürətlə inkişaf edir, insanların rifahı yaxşılaşır. Bu ölkədə ən effektiv dövlət mexanizmlərindən biri yaradılıb, güclü və alternativsiz hakimiyyət var...
Əliyev hətta Ərdoğanla Putinin bacarmadıqlarına da nail olub. Qərbi isə yalnız sabitlik və enerji-nəqliyyat dəhlizində hər hansı gözlənilməz və xoşagəlməz olayın olmaması variantı qane edir.
Lakin Əliyevin Qərbi qane etməyən xüsusiyyətləri də var. Məsələn, Əliyev Qərbə onunla tutaq ki, Yunanıstanın baş naziri ilə davrandıqları kimi davranmağa icazə və imkan vermir. Təsəvvür edin ki, yunan baş nazir Antonis Samaras təyyarəyə oturub Bakıya yola düşür. Lakin elə bu an ona zəng gəlir. Və o, təyyarəni geriyə - Afinaya döndərmək əmri verməyə məcbur olur. Nə demək olar?! Sözəbaxan, itaətkar baş nazirdir... Özlərinin nəzarət və idarəolunan uşaqlarıdır. Beləsi ilə işləmək rahat və qorxusuzdur...
Yaxşı, bəs əgər Samaras ona gələn zəng və xahişə qətiyyətlə “yox” deyib təyyarəsini Afinaya qaytarmasaydı, ölkəsinin milli maraqlarının ondan ötrü ən vacib məsələ olduğunu desəydi, onda necə?
Qərbdə bu tipli baş nazirlərdən ötrü humanizm və hüquq donuna bürünmüş bir sürü “xoşxassəli” təsisatlar, mərkəz və fondlar yaradılıb. Əgər Samaras müqavimət göstərsəydi, o dəqiqə ya Vaşinqtonda, ya da Berlində düyməni basacaq və ya dəstəyi qaldıracaqdılar. Və demokratiya, insan haqları, lap elə ellinizm pərdəsi altında gizlənən həmin təsisat və fondlar elə ilk əmrdən sonra Yunanıstanda vəziyyəti dözülməz həddə gətirmək üçün əsl təxribatçılıq fəaliyyətinə başlayacaqdılar.
Əgər qeyri-münasib və sərf eləməyən yararsız prezident bu təxribatlara müqavimət göstərməyə başlasaydı, onda da digər qrup - bu dəfə artıq hüquq müdafiəçiləri dövriyyəyə buraxılacaqdı. Bu hüquq müdafiə təşkilatları da etibarlı və tirajlı KİV-lərdə təbliğat kampaniyasına başlayacaqdı...
Mexanizm bu yolla işə salınacaqdı. Əgər prezident qeyri-münasibdirsə, onu ipə-sapa yatırırlar. Əgər yaramırsa - devirib dəyişirlər.
Dallesin “soyuq müharibə”nin şərtlərinə uyğunlaşdırımış bu metodologiyası hələ də saat mexanizmi kimi işləyir...
İlham Əliyev Qərb üçün münasib lider deyil, amma ona sərf eləməyən lider də deyil. Buna görə də ona qarşı Dalles metodologiyasının birinci hissəsini - “qamçı və kökə” taktikasını işə salıblar. Qamçı rolunda MDİ, “Amnesty İnternational”, yaxud əslində ayıb yeri örtmüş əncir yarpaqları demək olan hansısa “human”lar və “rayts”lar çıxış edir.
Amma Əliyev Samaras deyil. O, müqavimət göstərir və qamçını neoimperialistlərin əlindən alıb qırıq-qırıq edir, hər qırığını bir tərəfə tullayır...
...Bir dılğır - MDİ-nin baş texnoloqu Aleks Qriqoryevs bu oyuna girsə də dişlərini (özü də bunlar süd dişləri deyildi!) 2013-ün martında o meydanda qoyub çıxdı.
Belə olanda MDİ də taktikasını dəyişdi. O, bilavasitə rezidentura vasitəsilə yox, bütün “narıncı inqilablar” dövrü boyunca yetişdirib hazırladığı milli kadr ehtiyatlarının köməyi ilə işləməyə başladı. Sabiq səfir Enn Dersidən başlayaraq dövlət katibi Hillari Klintona qədər bütün amerikalı diplomatların dəfələrlə təkrarladığı kimi, artıq yeni nəsilə stavka olunmağa başladı. Amerikalılar köhnə nəsli görəndə artıq təəssüflə başlarını bulayırdılar. Çünki 2005-ci ilin rəngli inqilab cəhdinin iflasa uğramasından sonra onlar da anlayırdılar ki, milli-demokratların köhnə nəsli özünün inkişaf və dərketmə səviyyəsinə görə haradasa Burbulis və ya Şaxray dövründə ilişib qalıb. Anladılar ki, bu düşərgədə nə intellekt, nə təhsil, nə təcrübə, nə resurs, nə düzlük, nə də prinsip və ideyalar yoxdur. Orada sadəcə böyük boşluq var...
...Mübarizə cəbhəsinin yeni nəslə mənsub pionerlərindən biri olan MDİ eksperti Anar Məmmədli “Şahdəniz” təntənəsi ərəfəsində həbs edildi. O, 2005-ci ildən etibarən MDİ rezidenturasının faktiki olaraq ən vacib agenti rolunu oynayırdı. Sirr deyil ki, MDİ Amerika xüsusi xidmət orqanlarının sadəcə olaraq gözəgəlimli və cazibədar üstqurumudur. Bu qurum gənc fəalları dəstə-dəstə yığıb Ukrayna inqilabının yuvasına (“Pora”) və Gürcüstan “Kmara”sına təcrübəyə, staj yığmağa göndərirdi. Bununla həm də ona çalışırdı ki, həmin ölkələrdəki seçkilərlə bağlı istədiyi fonu yaratmağa nail olsun.
A.Məmmədli isə 2013-cü il prezident seçkilərini pozmaq üçün 400-dən artıq adamı əlinin altında hazır saxlayırdı. Onları ələ almışdı, inandırıb cəlb etmişdi, pullarını ödəyir, ona verilmiş tapşırıq və missiya əsasında təlimatlandırır və istiqamətləndirirdi...
A.Məmmədlinin rəhbərlik elədiyi mərkəzin hazırladığı və seçkilərdə irimiqyaslı saxtakarlıq hallarının olduğunu göstərən hesabat ATƏT DTİHB-nin hesabatı və “Azərbaycan demokratiyasının çürüməsi” barədəki qəzəb dolu bəyanatlarla bir yerdə MDİ-nin vahid konsepsiyasını təşkil edirdi. Bu konsepsiya ilə silahlanan MDİ yeni platforma hazırladı. Bu da “qeyri-legitim hakimiyyət”ə qarşı mübarizənin təşkili idi. MDİ-nin konsepsiyasını məntiqinə görə, əgər Əliyev legitim deyildisə, o, Azərbaycanı necə idarə edə bilərdi? İdarə etməməli idi!
A.Məmmədlinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi faktiki olaraq MDİ-nin yerli nümayəndəliyinin köməkçi təşkilatı funksiyasını yerinə yetirib və birbaşa MDİ-dən və NED-dən maliyyələşib. Hakimiyyət A.Məmmədlinin izinə hələ bir neçə il əvvəl düşərək onun QHT-sinin qeydiyyatını ləğv etmişdi. Buna baxmayaraq “yeni Aleks” inqilab törətmək məqsədilə ona verilən pulların leqallaşdırılması üçün yeni yollar tapmış və həmin pulları “Könüllülərin beynəlxalq əməkdaşlığı” İctimai Birliyi vasitəsilə almağa başlamışdı.
A.Məmmədli vasitəsilə ildə yüz minlərlə dollar ötürülürdü. MDİ 2005-ci ildən başlayaraq bu layihəyə milyonlarla dollar xərcləyib. A.Qriqoryevs ifşa ediləndən və Azərbaycandan de-fakto sürgün olunandan sonra MDİ-nin baş rezidenti vəzifəsi A.Məmmədliyə həvalə olunmuşdu. Söhbət 2015-ci il parlament seçkiləri ərəfəsində ölkədə yeni kortəbii hərəkat başlatmaqdan gedir...
Hakimiyyət belə vəziyyətdə nə etməli idi? Anar Məmmədlinin və bu şəbəkəyə cəlb olunmuş digərlərinin maliyyə vəsaiti almasına, yeni cəbhə açmaq üçün zəmin hazırlamasına və ölkəni qaynar qazan həddinə çatdırmağa başlamasına bu asanlıqla necə dözmək, buna belə rahatlıqla necə icazə vermək olardı? Hansı ölkənin hakimiyyəti hansısa QHT-yə təxribatçı fəaliyyətlə məşğul olmaq üçün xaricdən nəhəng məbləğlərdə pul gəlməsinə göz yumar?
A.Məmmədlinin müsahibələrini bir daha oxuyun. O, məqsədini heç gizlətmir də: “Legitim olmayan hakimiyyət ölkəni necə idarə edə bilər? Belə hakimiyyəti nə gözləyir?”
Üstəlik bu QHT özünün əsl məqsədlərini gizlətmir - prezidenti və hökuməti devirmək!
Bundan xəbəriniz varmı ki, modernləşmə və avropalaşma yoluna hələ 80 il əvvəl çıxmış Türkiyədə Ədliyyə və Daxili İşlər nazirliklərinin icazəsi olmadan heç bir QHT bir sent də pul ala bilməz?
Bundan xəbəriniz varmı ki, Avropanın aparıcı demokratik dövlətlərindən olan Fransada xarici ölkədən qrant almış istənilən QHT o dəqiqə şübhəli təşkilatlar siyahısına salınır və həmin şübhəli təşkilatların fəaliyyəti yerli xüsusi xidmət və vergi orqanları tərəfindən müntəzəm olaraq yoxlanılır?
Bundan xəbəriniz varmı ki, demokratik Avstriyada QHT-lər polis orqanları tərəfindən qeydiyyatdan keçirilir? Allah eləməsin ki, polis həmin təşkilatların fəaliyyətində Avstriyanın milli maraqlarına təhlükə törədə biləcək hansısa şübhəli məqamı sezə...
Belə misalların sayını artırmaq da olar. Amma buradan gəlinən nəticə dəyişməyəcək. O nəticə də budur: özünə hörmət eləyən istənilən dövlət öz təhlükəsizliyinin keşiyində durur və digər ölkələrin onun daxili işlərinə agentlər vasitəsilə qarışmasına icazə və imkan vermir.
Bu halda sual yaranır: Avstriyada, Türkiyədə, Fransada qınanıb pislənən şeylər bəs Azərbaycanda niyə alqışlanır? Türkiyədə, Fransada, Avstriyada yerləşən xarici xüsusi xidmət orqanları əməkdaşlarına işləmək bu ölkələrdə niyə ayıb sayılır?
Belə əməllər həmin ölkələrdə xəyanət sayılaraq ictimai qəzəbə və qınağa səbəb olur. Azərbaycanda isə xarici agentləri az qala milli qəhrəmanlar sayaq gül-çiçəklə qarşılayıb yola salırlar.
Bu problem hansısa milli əziklik və natamamlıq kompleksindən, özünü ikinci sort insan saymaqdan, özünü qeyri-ixtiyari qınayıb lənətləmək hissindən, digər ölkəyə valeh olub onun qarşısında diz çökmək, əcnəbiyə təzim etmək zəifliyindən doğur. Guya ki, onlar alidir, ucadır, biz yox. Guya ki, onlar postxristian liberal sivilizasiyanın nümayəndələridir, bizsə hələ insan kimi yaşamağı öyrənməli olan piqmeylər, meymunlar...
Belə düşünmək bizdə artıq milli kompleks səviyyəsinə çatıb. Daha doğrusu, yeni milli platformanı bu milli kompleksin üzərində ucaldıblar. Onu oradan qızmar şişlə çıxarmaq lazımdır...
Adam yalnız ona təəssüflənir ki, Anar Məmmədli indi türmədə bu dərin milli natamamlıq kompleksindən qurtulmağa çalışmalı olacaq...
Eynulla Fətullayev