Rusiyada aldadılan iş adamı Prezidentdən kömək istədi: Biznesimiz və həyatımız təhlükədədir!

Rusiyada aldadılan iş adamı Prezidentdən kömək istədi: Biznesimiz və həyatımız təhlükədədir!

Azərbaycanlı biznesmen İlqar Hacıyev Rusiya Federasiyasında qarşılaşdığı haqsızlıqla bağlı ölkə başçısına müraciət etib. 
İ.Hacıyev Azərbaycandan olan biznesmenlərin ona, ailəsinə və biznesinə münasibətdə qanunazidd hərəkətlərin həyata keçirilməsi faktının araşdırılması ilə bağlı proseslərin nəzarətə götürülməsi üçün Prezident İlham Əliyevdən kömək istəyirş. 
 "AzerTaym.az" İ.Hacıyevin müraciətinin tam mətnini təqdim edir:
"Möhtərəm, Cənab Prezident!
İlk olaraq söyləməyi vacib hesab edirəm ki, doğma Azərbaycanımızın inkişafı üçün durmadan apardığınız davamlı daxili və xarici siyasət sayəsində ölkəmiz beynəlxalq aləmdə mövqeyini yüksək dərəcədə gücləndirə bilmişdir. Artıq dünyada böyük nüfuza, rəğbətə malik olan ölkəmizə etibarlı tərəfdaş kimi baxılır. 
Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc olunan hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Və bu hesabatlarda ildən-ilə ölkəmizinin yüksələn xətlə irəli getdiyinin şahidi oluruq. 
Sizin apardığınız hərtərəfli fəaliyyətin nəticəsidir ki, bu gün mən və mənim kimi minlərlə iş adamları ölkəmizlə yanaşı, xarici ölkələrdə də həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə sərmayə yatırır, minlərlə insanları işlə təmin edir və ən əsası xaricdə etibarlı tərəfdaş kimi tanınırıq.
Möhtərəm, Cənab Prezident!
Müraciətimin səbəbinə keçmədən qısa olaraq özüm barədə məlumat verim. Mən, 03.07.1973-cü il təvəllüdlü Hacıyev İlqar Əlləz oğlu 2005-2009-cu illər ərzində ölkəmizdə fəaliyyət göstərən və qısa müddətdən sonra Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə də beynəlxalq əhəmiyyətli infrastruktur layihələri yerinə yetirən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri olmuşam. O dövrdə icraçısı olduğumuz layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakınız və bizlərə verdiyiniz tövsiyyələr daim yaddaşımdadır. İş adamlarını ölkədən kənarda da investisiya yatıraraq fəaliyyət göstərməyə həvəsləndirən əsas səbəb Sizin xaricdə fəaliyyət göstərərək ölkəmizə daha çox gərəkli ola bilməmizlə bağlı verdiyiniz mesajlar oldu. 2011-ci ildən etibarən sahibi olduğum "SDI Group” Rusiya Federasiyasında fəaliyyət göstərir.
Şirkət qısa müddətdə bir sıra böyük layihələrə imza atıb: Moskvanın cənub-qərbində, "Prospekt Vernadskoqo” metro stansiyasının yaxınlığında 25 mərtəbəli, öz ticarət mərkəzi olan "VernadSKY” yaşayış kompleksini; Moskva vilayətində, Piroqovo kəndində 49 hektar ərazidə yerləşən 20 doqquz mərtəbəli binadan ibarət "Piroqovskaya rivyera” yaşayış kompleksini; Mitkino kəndində 34 hektar ərazidə yerləşən, ümumi sahəsi 131 min kvadrat metr olan 12 binadan ibarət "Akkord Smart-kvartal” yaşayış kompleksini; Ümumrusiya Xalq Təsərrüfatı Nailiyətləri Sərgisinin (VDNX) yaxınlığında Kreml atçılıq məktəbini və Moskvanın Krılatskaya küçəsindəki rəqs məktəbini, eyni zamanda Moskvada və Moskva vilayətində 50-dən çox infrastruktur obyektini göstərmək olar. Ümumilikdə, Qrupun şirkətlərinin Rusiyadakı işi dövründə 8 milyard rublluq dövlət podratı yerinə yetirilib. Bütün bu işləri biz 2019-cu ilin əvvəllərinə qədər uğurla və ən yüksək səviyyədə yerinə yetirmişik...
Azərbaycan Dövlətinin beynəlxalq səviyyədə imicini zərbə altında qoymamaq üçün fəaliyyətimizi daim yerli normativlər, qanunvericilik bazasının tələbləri və beynəlxalq standartlara uyğun olaraq aparmışıq. Qarşıya qouduğumuz əsas məqsədlərdən biri də xaricdə iş görərkən əsas tərəf müqabillərimizi məhz yerlilərimiz olan Azərbaycan vətəndaşlarından seçməmiz olub... 
Burada Azərbaycan diasporu bizimlə çox sıx təmasdadır. Azərbaycandan çıxmış iş adamları bir-birini tanıyır. Mən də onlardan bir neçəsi ilə xüsusən əslən Azərbaycan Respublikasının Quba rayonunun, Qırmızı Qəsəbəsindən olan iş adamları German Raşbiloviç Zaxaryayev və Qod Semyonoviç Nisanovla işgüzar tərəfdaşlıq barədə razılığa gəldim. 
Düzünü deyim ki, məni buna həvəsləndirən əsas məsələlərdən bir də bu şəxslərin Sizin tərəfinizdən də qiymətləndirilmələri olmuşdu. 4 iyul 2011-ci ildə imzaladığınız Sərəncamla Qod Semyonoviç Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdu. Sonradan 14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuş Qod Semyonoviç 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" yenidən Sizin Sərəncamınızla 3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə təltif edilib. German Raşbiloviç Zaxaryayev öz növbəsində Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Bu sadaladıqlarım mənə tərəf müqabilimi seçməkdə yanlış addım atmadığıma qarant idi. 
Lakin təəssüflə qeyd etməliyəm ki, Vətənin dəyər verdiyi bu şəxslər məni və şirkətimi təmsil etdiyim ölkədə çıxılmaz vəziyyətə saldı, imicimi zədələdi. Artıq nə edəcəyimi bilmirəm və təkcə biznesim deyil, ailəmin və yaxılarımın həyatı da təhlükə altındadır. 
Təəssüflə qeyd etməliyəm ki, dəfələrlə bu durumu nizama salmağa çalışsam da sonunda müsbət nəticə əldə edə bilmədim. Qod Semyonoviç Nisanov başda olmaqla onun ətrafında olan yaxınları bütün fəaliyyətimi darmadağın ediblər. 
Möhtərəm, Cənab Prezident!
Əslində nələrin baş verdiyni qısa da olsa anlatmaq istəyirəm. 2014-cü ildə mən Moskva vilayətinin Piroqovo qəsəbəsində Klyazmya su anbarında yaşayış binası tikmək üçün dəyəri 70 milyon dollar (həmin vaxtın məzənnəsi ilə təxminən 2 milyard rubl) olan sahə tapdım və onu, əslən Azərbaycan Respublikasının Quba rayonunun, Qırmızı Qəsəbəsindən olan iş adamı German Zaxaryayev və onun qardaşı İsayla (Zaxaryayev və Nisanov uşaqlıq dostlarıdır) şərik aldım. Mən layihə üzrə yaradılmış "Komfort nedvijimost” şirkətində 50% pay sahibi oldum. Zaxaryayevlər isə öz paylarını nominal mülkiyyətçi kimi qeydiyyatdan keçirdilər. Həmin ərazidə "Piroqovskaya Rivyera” komfort sinifli yaşayış kompleksinin tikintisi başladı. Baş podratçı "Akkord-stroy”, layihəni inkişaf etdirən və həyata keçirən şirkət isə "SDI Group” idi.
İlkin mərhələdə mən tikintinin bütün işlərini özüm aparırdım, lakin 2014-cü ilin sonlarında Zaxaryayevlər öz baş direktorlarını təyin etdilər və məni operativ idarəçilikdən uzaqlaşdırdılar. Biz binanın ilk mərhələsinin təhvil veriləcəyi 2016-cı ilin əvvəlinə işləri yekunlaşdıra bilmədik və mən layihəni öz əlimə qaytarmağa çalışdım, bundan bir şey çıxmayınca Nisanovla danışıqlara başladım.
Nəticədə, mən Zaxaryayevlərin payını almalı və Nisanovun maraqlarını təmsil edən Albert İmanilovupartnyor kimi qəbul etməli oldum. O zaman partnyor dəyişikliyini bizim artan biznesimizin dəstəklənməsinə zərurətin yaranması ilə izah etdilər və bunu Nisanov təmin edə bilərdi. Mən çox vəsait qoymuşdum, həm də yaşayış obyektində artıq payçılar var idi, buna görə də, başqa seçimim yox idi. 
2017-ci ildə "SDI Group” "VernadSKY” yaşayış kompleksində ümumi sahəsi 48 min kvadrat metr olan klub evinin və kommersiya sahələrinin tikintisinə başladı. Mən tikintinin təşəbbüskarı idim və ilkin mərhələdə təxminən 5 milyon dollar vəsait qoymuşdum, bir il ərzində - layihənin sıfırdan inkişafı, icazə sənədlərinin alınması, layihələndirmə və təməlsalma vaxtında operativ idarəetmə ilə məşğul idim. 2018-ci ildə şirkətimiz satış ofisi açdı və bir ay ərzində 300 mənzildən 40-nı satdıq.
Biznes-plana əsasən, kompleks 200 milyon dollar xeyir gətirməli idi. Biz gəliri aşağıdakı kimi bölüşdürməyi qərarlaşdırmışdıq: yaşayış sahəsinin 70%-i və kommersiya sahəsinin 50%-i mənə, yerdə qalanı isə partnyora aid olacaqdı. Təməl inşaatının getdiyi vaxt mən kommersiya sahələrindəki payımı satmaq qərarına gəldim və özümə yalnız yaşayış sahələrini saxladım. Lakin mənim üçün gözlənilməz olaraq Nisanovun nümayəndələri bildirdilər ki, kommersiya sahələri satılmır. Bu, onların sahəsi olduğuna görə, görünür, həmin sahələri təkbaşına idarə etmək fikrinə düşmüşdülər. O zaman mən layihədəki payımı təxminən 3 milyard rubla almalarını təklif etdim. Danışıqlar dalana dirəndi və mənə sadəcə olaraq təklif edildi ki, bütün layihəni partnyorlarıma verərək çıxım.
2019-cu ilin yanvar ayında "VernadSKY” yaşayış kompleksinin tikinti meydançasına hücum edildi. "Vernad SKY”da işlər Qod Nisanovun adamlarının hücumundan sonra tamamilə donduruldu. Ailəmə hədə-qorxu gəlindiyindən, mən Avropaya sığınaraq oradan Qod Nisanovla məsafədən danışıqlarımı davam etdirdim, lakin nəticə hasil olmadı. Bundan əlavə, mənim Moskvada olmadığımdan istifadə edərək, onlar ofisimi ələ keçirdilər. Ofisimiz Özəl Mühafizə Müəssisəsi (ÖMM) tərəfindən mühafizə edilir. Əməkdaşlarım ofisə buraxılmır! "112”-yə zəng edib polis çağırırıq. Necə olursa, hər dəfə eyni heyət gəlir, hərçənd, bu mümkün deyil. Gələn polis əməkdaşları bizi yox, şirkəti ələ keçirənləri müdafiə edirlər. 
Hücum nəticəsində tikinti işləri tamamilə dondurulub, inşaatçıları isə iş yerlərini tərk etməyə məcbur ediblər. Bütün bunlar ona gətirib çıxardı ki, kreditor borclar yarandı və təchizatçılarla subpodrat şirkətləri qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün oldu.
Bundan sonra, yanvarın 25-də növbəti hücum baş verdi – bu dəfə şirkətimin baş ofisinə. İş gününün sonunda şirkətin Kutuzov prospektində yerləşən ofisinə təxminən 20 nəfər naməlum və aqressiv əhvallı silahlı şəxs daxil oldu. Onlar ofisdən çıxışları bağlayaraq, hamıya mobil rabitə, audio və videoyazı vasitələrindən istifadəni qadağan etdilər. Onlar ofisdə və yaxın ərazidəki videomüşahidə sistemini barbarcasına sökdülər.
Biz özümüz də baş verənlərdən şoka düşmüşdük. Lakin şirkətimə məxsus əmlakın ələ keçirilməsi faktı audio və video yazılarla sübut olunur. Bu şəxslər ofis binasını tutaraq, hamıdan qeyd-şərtsiz hansısa Flera Teplinskayanın göstərişlərini yerinə yetirməyi tələb etdilər ki, bu qadın da Qod Nisanovun nümayəndəsidir.
Ertəsi gün şirkətin ofisinə Qod Nisanovun dayısı oğlu Vladislav Yusupov gələrək şirkətin top-menecerlərini yığdı və hamıya elan etdi ki, bundan sonra o, şirkətin yeni sahibidir və bütün əməkdaşlar onun və Flera Teplinskayanın göstərişlərini yerinə yetirməlidirlər. Eyni zamanda, bütün flash-kartların və elektron bank açarlarının da ona verilməsini tələb edib.
Sonradan Flera Teplinskayanın tikinti şirkətlərimə müdaxiləsi nəticəsində bütün tikinti meydançalarında tikinti işləri iflic vəziyyətinə düşdü. Bunların arasında yuxarıda adı çəkilən yaşayış komplekslərində yaşayan vətəndaşlar üçün nəzərdə tutulmuş uşaq bağçaları və poliklinikalar da vardı. Kontragentlərə ödənişlərin edilməsi, həmçinin vergilərin ödənişi, əməkdaşlara əməkhaqqının verilməsi, materiallara görə təchizatçılara, yerinə yetirilmiş işə görə podratçılara ödənişlər mümkün olmadı.
Möhtərəm, Cənab Prezident!
Mən baş verənlərin hüquq müstəvisində həll edilməsi ilə bağlı Rusiya Federasiyasının prezidenti cənab Vladimr Putinə rəsmi müraciət ünvanlamışam. Eyni zamanda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlunu da vəziyyətdən xəbərdar etmişəm. Amma etiraf edim ki, yeganə ümidim Sizədir. 
Yüzlərlə Azərbaycan vətəndaşının da çalışdığı "SDI Group”un gələcək taleyi Sizin əlinizdədir. Sinəsində "Vətənə xidmətə görə" orden daşıyan insanların öz millətinə qarşı bu qədər acımasız ola bilməsi anlaşılmazdır. 
Acizanə surətdə xahiş edirəm, vəziyyəti nəzarətinizə götürəsiniz və məsələnin hüquq müstəvisində, heç bir təzyiqlər olmadan həllinə köməklik edəsiniz.
Çünki şirkətim zorla əlimdən alındıqdan sonra mənim ünvanıma Qod Semyonoviç Nisanovun nümayəndələri tərəfindən bir sıra hədə-qotxular, o cümlədən fiziki cəzalandırma, həmçinin mənim şirkətlərimin fəaliyyətinin Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və digər nəzarət orqanları tərəfindən yoxlanlmasının təşkili ilə bağlı təhdidlər daxil olub, pul qoparma yolu ilə təzyiq göstərilib. 
Baş verən münaqişə nəticəsində həmçini Moskvadakı "VernadSKY”, "Piroqov Rivyerası” və "Akkord Smart-kvartal” yaşayış komplekslərindəki mənzillərin pulunu ödəmiş insanlar ziyan çəkir, şirkət isə gecikməyə görə vergi orqanları tərəfindən yüksək məbləğdə cərimələrlə üz-üzədir. 
Baş verənlər nəticəsində işgüzar nüfuzuma ciddi zərbə vurulub ki, bunun da gələcəkdə biznesimin inkişafına mənfi təsir göstərməsi qaçılmazdır. Nəticədə şirkətlərimi Etibarsız Təchizatçılar Reyestrinə daxil edə bilərlər.
Möhtərəm, Cənab Prezident!
Göstərilənlərlə əlaqədar,
XAHİŞ EDİRƏM:
1. Mənə və mənim biznesimə münasibətdə qanunazidd hərəkətlərin həyata keçirilməsi faktının araşdırılması ilə bağlı prosesləri nəzarətinizə götürəsiniz.
2. Yaranmış vəziyyətin həllinə və mənə - biznesimə qarşı qanunsuz hərəkətlərin dayandırılmasına hərtərəfli kömək göstərəsiniz.






Fikirlər