BSU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində TƏMSİL OLUNUR

Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib.

 "AzerTaym.az" bildirir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul olunub və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.

Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıq qurulmalıdır. Nazir qeyd edib ki, sərgi Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın daha da dərinləşməsinə və zənginləşməsinə xidmət edəcək. Ceyhun Bayramov qeyd edib ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb.

Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyini deyib. O, sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ölkələrimiz arasında səmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açıb. Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin böyük əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirib. Daha sonra iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur. Ziya Selçuk Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını əminliklə vurğulayıb.

Qeyd edək ki, sərgidə ölkəmizin digər ali təhsil müəssisələri ilə yanaşı, Bakı Slavyan Universiteti (BSU) də təmsil olunur. BSU-nun rektoru, professor Nurlana Əliyeva sərgidə Təhsil naziri Ceyhun Bayramova və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya universitetin tədris strukturlarını, mövcud ixtisaslarını, elmi fəaliyyətini, professor-müəllim heyətinin çap edilən elmi əsərlərini, o cümlədən ölkəmizdə və xaricdə dərc olunan məqalələrini, beynəlxalq əlaqələrini, mübadilə proqramlarındakı iştirakını, BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini, universitetin xarici ölkələrdəki Azərbaycan dili və mədəniyyəti mərkəzlərini, tələbə həyatını, tələbə-gənclərin musiqi, idman, intellektual yarışlarda qazandıqları kubok, medal və diplomları əks etdirən stend barədə ətraflı məlumat verib. BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini təmsil edən və slavyan xalqlarının, eləcə də türk və yunan xalqının milli geyimində olan tələbələr də ziyarətçilərdə olduqca xoş təəssürat yaradıb.






Fikirlər