Rüşvətə görə tutulan DGK-nın sabiq əməkdaşı ilə bağlı YENİ XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilən Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş əməkdaşı, 1969-cu il təvəllüdlü Namiq Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. N.Əsədovun vəkili məhkəməyə vəsatətlə müraciət edib. Vəkil müdafiə etdiyi şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Baxış iclası oktyabrın 25-nə təyin edilib. Qeyd edək ki, DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib. O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb. Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə N.Əsədov tutduğu vəzifədən azad edilib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib və daha sonra barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.