MTN generalı Elçin Quliyev məhkəməyə ÇIXARILDI
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, həmin Mərkəzinin polkovniki Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. "Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Müdafiəçilər müvəkkillərinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, cinayət işinə xitam verilməsini və işin adiyyatı üzrə prokurorluğa qaytarılmasını istəyiblər. Vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası mayın 4-nə təyin edilib. Qeyd edək ki, E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar. Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Hazırda Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun və digər qrup - MTN sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.