Oqtay Gülaliyevin oğlundan atası ilə bağlı sevindirici XƏBƏR
“Bu gün atam Oqtay Gülalıyevin EEG müayinəsi üçün həkim Bülent Kahyaoğlu gəlib. O, atamın komadan ayılma ehtimalının çox olduğunu deyib”.
Yeniavaz.com xəbər verir ki, bunu O.Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün facebook səhifəsində yazıb.
“Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa "ödəm" qaldığı üçün zamana ehtiyacımız var. Çəkilən şəkildə göründüyü kimi atam sağ gözünü az da olsa açmaq istəyib”- deyə o qeyd edib.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.