“QURUYAN AĞACLARIN YERİNƏ YENİLƏRİ ƏKİLİR...” – Nərimanov İcra Hakimiyyətindən açıqlama (+FOTOLAR)

Nərimanov Rayon İcra Hakimiyyəti rayon ərazisindəki yaşıllıq ərazinin məhv edilməsiylə bağlı iddiaları təkzib edib. 

Bu gün bəzi saytlarda yayımlanmış videomaterialda iddia olunub ki, Nərimanov rayonunun Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində yerləşən və Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış parkdakı ağaclar qurudularaq yox edilir. 

Nərimanov Rayon İcra Hakimiyyətinin bu iddialarla bağlı açıqlamasında bildirilir ki, bəzi KİV-lərdə əksini tapmış Nərimanov rayonu Aşıq Molla Cümə küçəsindəki mövcud yaşıllıq sahəsində ağacların qəsdən qurudulması iddiaları həqiqəti əks elətdirmir:

 

 

“Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) olaraq bildiririk ki, həmin ərazidə 2013-cü ildə 7,47 ha ümumi sahəsi olan, metal lövhəli çəpərlə əhatə olunmuş üç ədəd ayrı-ayrı yaşıllıq sahəsi yaradılmışdır. Qeyd edirik ki, həmin ərazidə RİH tərəfindən, o cümlədən İH-nin təşəbbüsü ilə mütəmadi olaraq keçirilmiş iməciliklər yolu ilə təxminən 5.000 ədədə yaxın müxtəlif cinsli ağaclar əkilmişdir. Ağaclara qulluğun və suvarılmasının təmin olunması üçün xüsusi işçi qrupları ayrılmış, 4 ədəd artezian quyusu vurulmuş, su anbarları tikilmiş, 2 ədəd su daşıyan maşın təhkim olunmuş, damcı-suvarma sistemi yaradılmışdır. Əkilmiş ağacların növünə gəldikdə, əsasən yerli iqlimə uyğunlaşmış həmişəyaşıl iynəyarpaqlı leylandra, eldar şamı, küknar və xan çinarı növlərini qeyd etmək olar.

 

 

Lakin ərazidəki ağaclara daimi qulluq və kultivasiya (dərmanlanma, budanma və sair) işlərinin aparılmasına baxmayaraq, müxtəlif parazitar xəstəliklər səbəbindən mütəmadi olaraq leylandra ağaclarının quruması müşahidə edilir. Bununla yanaşı qeyd edirik ki, ərazi tərəfimizdən nəzarətdə saxlanılaraq qurumuş ağaclar çıxarılaraq yerində yenilərinin əkilməsi daim təmin olunur. Belə ki, mövsümi olaraq bu ilin yaz aylarında 67 ədəd qurumuş və zədələnmiş leylandra ağacı yenisi ilə dəyişdirilmişdir. Hal-hazırda qurumuş ağacların dəyişdirilməsi isə ağacların köküstə bitməsi üçün tələb olunan mövsümi iqlim şəraitini nəzərə alaraq sentyabr ayında dəyişdirilməsi nəzərdə tutulmuş, tingliklərə yerli növ ağaclar sifariş verilmişdir. Yeni ağaclar əkilərkən üstünlük daha çox yerli xan çinarı və küknar ağaclarına verilir.

 

 

Onu da qeyd edək ki, yaşıllıq zolağı salınarkən 2015-ci ildə həmin ərazidə 1 ha ərazini əhatə edən sahədə “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksi salınmışdır. Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 2020-ci ilin may ayında Kompleksdə əsaslı yenidənqurma işləri aparılmış və ətraf ərazidə bir çox abadlıq işləri görülmüşdür.

Əlavə olaraq bildiririk ki, həmin ərazidə son tikinti işləri 2015-ci ilə qədər aparılmışdır. Hal-hazırda həmin yaşıllıq sahələrində heç bir tikinti işləri aparılmır və gələcəkdə də aparılması nəzərdə tutulmamışdır”.

"AzerTaym.az"

 

 

 

 

 






Fikirlər