Balakəndə narkobaron helikopterlə tutuldu - FOTO

Balakəndə narkobaron helikopterlə tutuldu

Balakənin Mahamalar kənd sakini Kamal Sultanovun yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

 "AzerTaym.az" DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində helikopterlə həmin ərazi havadan müşayiət edilən zaman orada narkotik tərkibli bitkilərin becərilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-istintaq qrupu K.Sultanovun yaşadığı ünvana cəlb edilib və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman bostan bitkilərinin arasında əkib-becərdiyi, ümumi çəkisi 34 kiloqrama yaxın olan 587, həmçinin dibçəklərdə kultivasiya yolu ilə yetişdirdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb. Araşdırma zamanı həmin şəxsin narkotik vasitəni bir müddət əvvəl becərdiyi, onlara xüsusi qulluq göstərdiyi və yetişdirib, qurutduqdan sonra isə satmaq məqsədində olduğu məlum olub.

Kamal Sultanov rayon ərazisində narkobaron kimi tanınır və bir neçə dəfə törətdiyi əməllərə görə, cinayət məsuliyyətindən yayınmağa cəhd edib. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, K.Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Bundan başqa, Gərəkli kəndi ərazisindəki meşə massivində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.

Həmin əraziyə baxış keçirilən zaman orada xüsusi qulluq göstərilərək yetişdirilən, ümumi çəkisi 101 kiloqramdan artıq olan 71 ədəd çətənə kolu və qurutmaq üçün bir neçə yerə sərdikləri, ümumi çəkisi 47 kq 570 qr narkotik vasitə qurudulmamış marixuana aşkarlanıb. Həmin narkotik vasitəni becərən şəxslərin aşkar edilərək, cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. /“Qafqazinfo”

 



 






Fikirlər