“Yaxın 5 ildə su qıtlığı yaranacaq”
Su tarix boyu insan üçün ən qiymətli təbii sərvət olub. Dünyada su üçün savaşlar aparılıb, su ehtiyatları azalan ərazilərdə məskunlaşmış insanlar yaşayış yerlərindən köç ediblər. Təmiz su olmayan bölgələrdə həyat həyat olmur. Yəni flora və fauna su ilə yaşayır. Qurani-Kərimdə: "Həyatda olan hər şeyi sudan düzəltdik" yazılıb. Su ilə həyat arasındakı ən sıx əlaqənin ifadəsi - su həyatdır! Suyun Allahın lütfi, ikramı və neməti olaraq səmadan endirildiyi söylənilir. Yer kürəsində quru və yarımquru iqlim zonalarında yerləşən ölkələrdə təmiz su ehtiyatının əsas hissəsi əkin sahələrinin suvarılmasına yönəldilir. Azərbaycan Respubliksanıda da il ərzində müxtəlif məqsədlər üçün 10-12 km3 həcmində təmiz sudan istifadə olunur. Ölkəmizdə axan çaylarda illik su ehtiyatı 32,3 km3 qəbul edilir ki, bunun da 10.0 km3-u sərhədlərimiz daxilində formalaşır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Bizimyol.info-ya bildirib ki, planetimizdə təmiz su ehtiyatı qeyri-bərabər paylandığından rütubətli, yarım quraq və quraqlıq regionları mövcuddur. Dünyada yağıntının orta illik miqdarı 807 mm olduğu halda, aqrar sahənin ikişaf etdiyi Kür-Araz düzənliyində 250-300 mm-dir. Bu düzənlikdə suvarma meliorasiyası layihələri həyata keçirilmədən əkilən bitkilərdən məhsul götürmək mümkün deyil: "Azərbaycan Respublikasında 1.45 mln. hektar əkin sahəsinin suvarılması üçün istifadə olunan suyun həcmi təxminən 8-8.5 km3-dur. Suvarmada işlədilən sudan səmərəli istifadə olunmur. İstismar müddətləri başa çatmış kanallardan olan su itkiləri mövcud suvarma sistemlərində əsasən öz axını ilə suvarma texnikalarının tətbiqi və dövrü suvarma normalarından artıq suyun əkin sahələrinə verilməsi sudan qənaətlə istifadəyə imkan vermir". F.Həsənov qeyd edib ki, planetimizdə 1800-cü ildə suvarılan əkin sahəsi 8,0 mln. hektar, 1900-cu ildə isə 48,0 mln. hektar olduğu halda, 2001-ci ildə təxminən 271,68 mln. hektar olub. Suvarılan əkin sahələrinin 131,6 mln. hektarı, yəni 48,44%-i üç ölkənin payına düşür: Hindistanda 54,8 mln. hektar, Çində 54,4 mln. hektar və ABŞ-da 22,4 mln. hektar. ABŞ-da damcılarla suvarılan sahə 1,344 mln. hektardır ki, bu da ümumi suvarılan sahənin 6%-ni təşkil edir. "İsrail dövlətinin təmiz su ehtiyatlarından suvarmada səmərəli istifadə təcrübəsi dünyanın bütün ölkələri üçün nümunədir. Ölkədə əkin sahələrində mütərəqqi suvarma texnikalarından istifadə olunması, 1970-ci ildən sonra damcı suvarma texnikasının tətbiqi suvarmada istifadə olunan su həcmini ciddi formada azaldıb. Ölkədə 230 min suvarılan sahədən 170 min hektarında damcı suvarma texnikasından istifadə olunur", - deyə ekspert vurğulayıb. Qeyd edək ki, BMT-nin Baş katibi 2002-ci ildə mütəxəssislərin rəyini nəzərə alaraq 2025-ci ildə dünyada yaşayan əhalinin 2/3-nin təlabata uyğun su təminatında problemlər olacağını demişdi. Dünyanın inkişaf etmiş şəhərlərində yaşayan insanlar sutka ərzində 300-600 litr sudan istifadə edirlər. Bu göstəricinin gələcək illərdə 500-800 litr olacağı proqnozlaşdırılır. Asiya, Latın Amerikası və Afrika ölkələrində yaşayanlar sutka ərzində 50-100 litr, su qıtlığında yaşayan bəzi ölkələrdə isə 10-40 litr həcmində sudan istifadə olunur. Su təchizatı sistemlərində işlənmiş suların təmizləndikdən sonra əkin sahələrinə verilməsi təcrübəsi dünya ölkələrində geniş yayılıb. Avropa ölkələrində bu məqsədlə təxminən 8000-10000 m3/saat, Asiya və Afrika qitələrində yerləşmiş ölkələrində 15000-17000 m3/saat, bəzi yerlərdə 20000-25000 m3/saat işlənmiş su təmizləndikdən sonra bitkilərin suvarılmasında istifadə olunur. Mütəxəssis qeyd edib ki, XXI əsrin sonlarına doğru Kür-Araz düzənliyində havanın orta temperaturunun 1,5-2,00 C artacağı və yağıntının orta illik miqdarının 5%-ə qədər azalacağı proqnozlaşdırılır. İqlim dəyişikliklərinin əkin sahələrində bitkilərin suvarma suyu ilə təminatında ciddi problemlər yaradacağı gözlənilir. "Kür-Araz düzənliyində əsas su mənbəyi olan Kür çayında Salyan hidrotermik müşahidə məntəqəsindəki son 55 illik göstəricilər tədqiq edilərkən məlum olub ki, IV-V aylarda orta aylıq sərf 613-526 m3/san intervalında dəyişib. Çayda orta illik sərf 49 m3/san, yaz ayları üçün orta aylıq sərf isə 87 m3/san azalıb", - deyən F.Həsənov bildirir ki, ərzaq məhsullarının bolluğunu yaratmaq üçün Yer kürəsinin arid zonalarında yerləşmiş bütün ölkələrində dövlətin əsas işlərindən biri, bəlkə də birincisi sahib olduqları təmiz su və əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində layihələrin həyata keçirilməsi olmalıdır. Məsələn, Türkiyə Respublikasında illik yerüstü su ehtiyatı 208 km3-dur. Suvarılan torpaq sahəsi 4,5 mln. hektardır. Yaxın Şərqin və Cənubi Qafqazın əsas çayları Dəclənin, Fəratın, Kürün və Arazın mənbəyi bu ölkədir. Çay hövzəsinin yuxarı hissəsində yerləşmiş hər bir ölkənin sudan istifadədə müəyyən üstünlükləri var. Hövzənin aşağı hissəsində yerləşmiş dövlətlər istəklərindən asılı olmayaraq mənbəyə yaxın ərazidə su ehtiyatı yaratmış dövlətdən asılı vəziyyətə salınmış olur. Türkiyə dövləti sahib olduğu bu üstünlükdən yararlanmağı bacarıb. Çaylarının axınını nizamlamaq məqsədilə son illərdə 700 bənd tikilib ki, bunlardan 36-nın hündürlüyü 100 m-dən artıqdır. Tarixin arxivinə göndərilən SSRİ-nin ərazisində axan çayların üzərinə tikilən 4 min süni su anbarında 1200 km3 su ehtiyatı yaradılıb. Böyük həcmdə elektrik enerjisi istehsal olunmaqla yanaşı 20 mln. hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib. F.Həsənov qeyd edir ki, SSRİ dövründə Ob çayından su qəbul etməklə ölkənin cənub ərazilərinə su axıdılması planı olub. Hazırlanmış layihəyə görə, Uralın Çelyabinsk, Kurqan, Orenburq vilayətləri və Tümen vilayətinin Cənub hissələrindəki ərazilər, Qazaxıstan Respublikasının Şimali-qərb və mərkəzi hissələri Ob çayından qəbul edilən su ilə təmin edilməli idi. Cənub istiqamətində axıdılan su Orta Asiya Respublikaları üçün həyat mənbəyi olan Sırdərya və Amurdərya çaylarına birləşdirilməklə regionda olan su qıtlığını həll etmiş olurdu. SSRİ Elmlər Akademiyası 1977-ci ildə Ob çayının axınından su götürməklə ildə 25 km3 həcmində suyun Urala və Orta Asiya Respublikalarına ötürülməsini təmin edəcək layihə üzərində işlərin aparılmasına başlandı. Layihədə magistral kanalın başlanğıcda sərfi 1150 m3/san, uzunluğu 2550 km, kanalın dibdən eni 200 m, dərinliyi 16 m nəzərdə tutulmuşdu. Birinci mərhələdə cənub istiqamətinə axıdılan suyun 4,9 km3-nun Rusiya ərazisinə, 3,4 km3-nun Qazaxıstan ərazisinə, 10 km3-nun isə Özbəkistan ərazilərinə verilməsi planlaşdırılırdı. "Nəzərdə tutulan layihə SSRİ Meliorasiya və Su Təsərrüfatı nazirinin birinci müavini Polad Poladzadənin rəhbərliyi ilə işlənirdi. Onun yazdığına görə, 1981-ci ildə Ob-Orta Asiyə Layihəsinin detallarını Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsində aqrar sahəyə baxan katib Mixail Qorbaçova izah edərkən o, demişdi: "Sən hələ axıracan dərk etmirsən ki, bu layihə ölkə üçün necə vacib və lazımlı işdir. Xomeyni sindromu göstərdi ki, müsəlman aləmi ilə gərək gözdə-qulaqda olasan, özlərini pis apararlar, su kranını bağlayarıq". Onun söylədiklərini eşidərkən şoka düşdüm. Təsəvvür edə bilmirdim ki, dövlət rəhbərlərindən biri bu qədər həyasızcasına öz dövlətinin vətəndaşlarının bir hissəsinə təhqiramiz formada etimadsızlıq bildirir. 1985-1986-cı illərdə Ob-Orta Asiya Layihəsinin əleyhdarları bütün kütləvi informasiya vasitələrindən istifadə edərək layihədə görülən işləri dayandırmağa çağırış etdilər. Onların fikrincə, bu layihədə Ob çayının axınını döndərməklə təbiətdə tarazlığı pozmaq nəzərdə tutulub: “Əslində isə Ob çayının illik axım həcminin 5-6%-nin cənuba axıdılması nəzərdə tutulurdu. Layihə həyata keçirilsəydi, Kulu Prirtiş düzlərinin, Orta Asiya səhralarının suvarılması mümkün olacaqdı. Ob-Orta Asiya Layihəsinin həyata keçirilməsinə 20 milyard dollar vəsait tələb olunurdu. Layihənin 7-8 il ərzində başa çatdırılması nəzərdə tutulmuşdu", - deyə eskpert bildirir. 1986-cı ilin 14 avqustunda Şimal və Sibir çaylarının axınının bir hissəsinin cənuba axıdılması sahəsində aparılan layihə-araşdırma işlərinin dayandırılması haqqında qərar qəbul edilib. Qeyd edək ki, yerüstü su ehtiyatlarından səmərəli istifadə etmək məqsədi ilə 1991-ci ilə kimi müxtəlif su tutumlarına malik 135 süni su anbarı tikilib. Bu anbarlarda yığılmış su ehtiyatının həcmi ümumilikdə 21,5 km3 olub. Müstəqillik dövründə ümumi həcmi 268,4 mln. m3 olan Taxtakörpü su anbarı (2013), həcmi 160 mln. m3 olan Şəmkirçay su anbarı (2014) tikilib. Tikintisi yarımçıq qalmış Vayxır su anbarında (2005), Göytəpə su anbarında (2010) və Tovuzçay su anbarında (2016) tamamlama işləri başa çatdırılıb. Hazırda istismar olunan 140 su anbarında yığılan su ehtiyatlarının həcmi 22,0 km3-dan artıqdır.Mütəxəssis: “Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə olunmur”