İmişlidəki göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub – sakinlərin suvarma problemi həll olunur.

about1

Ölkəmizdə suvarma suyunda yaranan problemin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. İmişlidəki antropen göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub. Nəticədə İmişli, Saatlı və Sabirabadın əkin sahələrində suvarma işləri daha da yaxşılaşıb.

Görülən işlər tanış olmaq məqsədilə İmişliyə gələn Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev açıqlamasında bildirib ki, son 3 ildə ölkə ərazisində olan çaylarda su azlığı müşahidə edilir. Bu da öz növbəsində əkinçilikdə suvarma işlərinə təsir göstərir. Bu kimi problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən respublikada suyun idarə edilməsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. Məqsəd ölkə ərazisində yerləşən su ehtiyatlarından səmərəli istifadə edilməsidir. 

“Görülən işlərin davamı olaraq İmişli rayon ərazisində yerləşən göllərə baxış keçirildi və həmin su mənbələrindən suvarma işləri üçün istifadə etmək məqsədə uyğun sayıldı. Göl üzərində yerləşən üzən nasos stansiya vasitəsi ilə avqustun 3-dən Baş Muğan kanalına su vurulur. Səkkiz gündə Baş Muğan kanalına 3,5 milyon kubmetr su nəql edilib və kanal boyunca yerləşən, su çatışmazlığından əziyyət çəkən əkin sahələrinin su təminatı yaxşılaşıb. Xüsusilə də İmişli və Saatlı, qismən də Sabirabad rayonlarının pambıq tarlalarında suvarma işlərinə müsbət təsir göstərib. Ümumiyyətlə, vurulan su hesabına həmin rayonlarda 5 min hektar sahənin suvarılması yaxşılaşıb”, - deyə ASC-nin sədr müavini əlavə edib.

Zakir Quliyev bildirib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən son vaxtlar suvarmada olan çətinliklə bağlı məsələ xüsusi diqqətdə saxlanılır. Daxil olan müraciətlər ASC tərəfindən araşdırılır, növbəlilik prinsipinə uyğun olaraq çətinliklər aradan qaldırılır.

Fermerlərlə söhbət zamanı onlar da suvarmada qarşılaşdıqları çətinlərin həll olunduğunu bildiriblər. İmişli rayonunun Çaxırlı kənd sakini Naqil Vəliyev qeyd edib ki, bir müddət öncə suvarmada yaranan çətinliklə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlanıb: “Ondan sonra qısa müddətdə bu kanal üzərində qurğu inşa edildi və Baş Muğan kanalına vurulan su hesabına bizim sahələrdə olan çətinlik aradan qalxdı. Artıq pambığı üçüncü dəfədir suvarırıq. Prezidentimizə təşəkkür edirik ki, biz sakinlərin müraciətlərinə dərhal reaksiya verildi və çətinliklər aradan qaldırıldı”.

Suvarmada problemlə qarşılaşan rayonun Məzrəli kənd sakini Müştəba Qənbərov da çətinlikərin arxada qaldığını vurğulayıb. “Su çatışmazlığı bir çox problemlərə səbəb olmuşdu. Lakin dövlətimizin başçısının tapşırıqları nəticəsində göllərdən qurğu quraşdırıldı və suyun verilişi təmin olundu. İndi əkin sahələrimizi rahatlıqla suvarırıq. Əgər problem həll olunmasaydı, məhsuldarlıq xeyli az olacaqdı. Görülən bu işlərə görə Prezidentimizə və bu qurğunun quraşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkür edirik”, - deyə Müştəba Qənbərov bildirib.

 






Fikirlər