Məqsəd mümkün qədər çox şəxsin həlak olmasıdır – Ermənilərin qurduğu TƏLƏ

Məqsəd mümkün qədər çox şəxsin həlak olmasıdır – Ermənilərin qurduğu tələ 

Torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan həmin minalı sahələrin xəritələrini Azərbaycana təhvil vermir. Müharibə yekunlaşdıqdan sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir. Xarici ekspertlər də bildirirlər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir, bundan imtina etməsi isə cinayət işi hesab edilir.

Məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bütün minalanmış ərazilərin xəritəsinin Ermənistanın əlində olmadığını düşündüyünü deyib: 

“Bu xəritələrin Azərbaycana verilməsi üçün bizim əlimizdə olan, mümkün bütün vasitələrdən istifadə etdik, lakin bunlar indiyə qədər nəticə verməyib. Hazırda Azərbaycan həmin xəritələrin əldə olunması üçün beynəlxalq  təşkilatların Ermənistana təzyiq göstərməsi istiqamətində fəaliyyətini davam etdirir. Mən  düşünmürəm ki, Ermənistanın əlində bütün ərazilərin dəqiq xəritələri mövcuddur. Çünki uzun müddət işğal altında olan ərazilərin azad edilməsi ilə həmin ərazilərdə yerləşən hərbi hissələrin qərargahları da sıradan çıxardılıb. Lakin bu xəritələrin müəyyən hissəsinin Ermənistanın əlində olduğuna əminəm”.

Ə.Verdiyev müharibənin bitməsinə baxmayaraq ermənilərin hələ də düşmənçilik mövqeyində olduğunu qeyd edib. Hərbi ekspert vurğulayıb ki, onların xəritələri verməkdən imtina etməsində məqsəd mümkün qədər çox sayda mülki və hərbi şəxslərin həlak olmasıdır:

“Onlar bu xəritələri verməməklə Azərbaycanla “mehriban qonşuluq” şəraitində yaşamaq niyətində olmadıqlarını bir daha sübut etmiş olurlar. İkinci tərəfdən isə xəritələri Azərbaycana verməməklə minatəmizləmə proseslərinin ləngidilməsinə çalışır və bu ləngimə sayəsində həmin ərazilərimizdə daha çox mülki və hərbi şəxslərin ziyan görməsinə ümid edir. Lakin bu xəritələr verilsə də, verilməsə də Azərbaycan bu istiqamətdə fəaliyyətlərini davamlı olaraq genişləndirir. 

 

Diqqət etdinizsə, ötən gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi  (ANAMA) ilə Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramının rəhbərliyi arasında görüş keçirildi, müəyyən imzalanma mərasimi də oldu. Ümumilikdə proseslər gedir, lakin insanlarımız bir daha bu məsələ diqqətli olmalı, minalanmış ərazilərə getməkdən çəkinməlidirlər. Çünki bunun ağrı-acılı nəticələrini bizlər demək olar ki, hər həftə duymaqdayıq”./ Yenisabah.az






Fikirlər