Rabitədə səs-küylü həbslər: Beytulla Hüseynova yaxın vəzifə sahibləri və iş adamları saxlanıldı

 

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad olunmasından sonra "MTN işi" ilə bağlı vəzifədən çıxarılanlarla bərabər, həbs olunanların sayı da günbəgün artır.

"AzerTaym.az"  Strateq.az-a istinadən məlumat verir ki, hüquq-mühafizə orqanları "MTN işi" ilə bağlı bir neçə gün əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyində də (BTRİB) həbslər həyata keçirib.  

Məlumata görə, adıçəkilən qurumun baş direktoru, sabiq nazir Eldar Mahmudovun bibisi qızının həyat yoldaşı Beytulla Hüseynov saxlanıldıqdan sonra BTRİB-də ciddi olaylar yaşanır: "Artıq Beytulla Hüseynovun həbsindən sonra BTRİB-də yoxlamalara start verilib. Yoxlama çərçivəsində birliyin bir sıra vəzifə sahibləri ilə yanaşı, qurumla əməkdaşlıq edən MMC rəhbərləri də saxlanılıb. Hələlik dəqiq bəlli olan odur ki, Beytulla Hüseynovun "xeyir-duası" ilə BTRİB və onun tabeliyindəki qovşaqlarda təchizat, təmir-tikinti və digər işlərini həyata keçirən 3 MMC-nin rəhbəri saxlanılaraq, istintaqa cəlb ediliblər".

Bu arada onu da qeyd edək ki, BTRİB-in baş mühasibinin və digər vəzifə sahiblərinin saxlanılması haqda da xəbər yayılıb.Artıq Beytulla Hüseynovun ən etibarlı kadrlarını istintaqa cəlb etməyə başlayıblar: "BTRİB-in baş mühasibi Anar Mustafayev və digər bir neçə vəzifə sahibi saxlanılıb. Onlar Beytulla Hüseynovun qurumdakı ən yaxın adamları olub".

AzerTaym.az 

   

 






Fikirlər