Xocalıya ədalət nə zaman olacaq?
Azərbaycan xalqının qan yaddaşı olan 26 fevral, Xocalı soyqırımının 30-cu ildönümüdür. Artıq 30 ildir ki, hər kəs 26 fevralı qəm, kədərlə qarşılayır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdilər. Fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdü. İnsanlara qarşı vəhşicəsinə soyqırım törədildi. Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub. 63 nəfəri uşaq olmaqla, 106 qadın, 70 qoca qətlə yetirilib. 8 ailə isə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanmışdır. Eyni zamanda 1275 nəfər əsir götürülmüş,150 nəfər itkin düşmüşdür. Artıq 30 ildir ki, Xocalıda əsir və itkin düşənlərdən bir xəbər almaq mümkün olmayıb. Xocalıda hər iki valideyinini, bacısını itirən Gülnar Kərimova “Yeni Sabah”a danışarkən soyqırım zamanı 23 günlük körpə olduğunu, lakin danışılanlara görə müəyyən təsəvvürü yarandığını deyir: “Xocalı soyqırımı zamanı mən 23 günlük olmuşam heç nə xatırlamıram. Həmin vaxt mən orada hər iki valideyinimi, iki dayım, bacım və babalarım itirmişəm. Nəslimizdən bir nənəm və böyük bacımla mən sağ qalmışam. Bacımı nənəm böyüdüb. Mən isə çox balaca, südəmər körpə olduğum üçün övladlıq verilmişəm. Həmin vaxtlar o qədər pis olub ki, xatırlamasam belə orada olanlar yanımda danışılıb. Təəvvür edin evə hər gün bir meyit gəlir, həmin vəziyyətdə südəmər körpəyə necə baxmaq olar? Nənəm mənə baxa bilmədiyini görüb uzaqdan bizə qohum olan Şuşalı bir ailəyə övladlıq verilmişəm. Həmin ailə məni böyüdüb. 19 il həqiqətən kim olduğumu bilməmişəm. 19 il sonra bilmişəm ki, Xocalıdanam, ailəm başqadır....
Bacımla isə onu tanımadan əlaqə qurmuşam. Bacım və nənəmin qaçqın kimi yerləşdiyi bina ilə bizim evimiz qarşı-qarşıya idi. Ailəm və nənəm bir-birilərini tanıyıblar lakin mənə heç nə bildirməyiblər. Bacım da 6 yaşından hər şeyi bilib heç nə deməyib mənə. Kiçik uşaq 6 yaşından sirr saxlamağa başlayıb, ta ki mənim 19 yaşım olana qədər. Allah insanların həyatına elə bir ssenari yazır ki, nəyisə, nəyəsə calaq etməyə ehtiyac olmur, hər şey zəncirvari formada sıraya düzülür. Mənim öz bacım və nənəmlə qonşu olmağım, bacımla eyni məktəbə getməyimiz, bacımın praktikant kimi bizim məktəbə gəlməsi. Hər şey bir-birini o qədər tamamlayırdı ki.... Mən 19 yaşımda ailə qurdum, sonradan bu məsələni mənə də dedilər. Həmin hissləri ifadə etmək mümkün deyil. Neçə illər bacımı uzaq qohumumuz bilmişəm, yaxın rəfiqə olmuşuq onunla lakin bacı olduğumuzu deməyib mənə. Məni övladlığa götürən ailə icazə verməyib ki, indi dərs oxuyan vaxtıdır başı qarışar, keçid dövrüdür özünə xəsarət yetirər və s. Bu cür məsələlərə görə 19 il əsl ailəm məndən gizlədilib. Bacımla bir almanın yarısı qədər bir-birimizə bənzəyirik amma bu bənzərlik mənə heç bir şey hiss etdirmirdi. Çünki məni övladlığa götürən ailə mənə doğma övladları kimi baxıblar. Əvvəl adım Xəlilova Xəyalə olub. Sonradan adım, soyadım, ata adım tamamilə dəyişdirilib. Lakin bizim rayonun icra başçısından tutmuş, deputatına qədər hər kəs bilib ki, mən kiməm, əsl adım nədir”. Gülnar dövlət tərəfindən hər zaman bacısına, nənəsinə dəstək göstərildiyini bildirib: “Dövlət tərəfindən bacıma hər zaman dəstək göstərilib. Mən övladlıq verildiyimə görə 19 yaşıma qədər dövlətdən heç nə görməmişəm. Bacımla hər 26 fevralda danışırdım, onunla birlikdə ağlayırdıq, ölənlərinə rəhmət diləyirdim, mən rəhmət dilədikcə o daha çox ağlamağa başlayırdı. Təsəvvür edirsiz, mən bilmədən doğma ailəm üçün rəhmət diləmişəm”.... Kazımova Gülnar Xocalıya getmək istədiyini də söyləyib: “Bacım hər zaman deyir ki, Xocalının qoxusu mənim burnumdadır. Lakin mən heç nə xatırlamıram. İstəyərəm gedim Xocalını görüm, amma mənə oranı xatırladacaq heç bir xatirəm yoxdur. Mən Şuşalı ailəsində böyümüşəm deyə Şuşa mənim üçün daha əziz kimi gəlir sanki. Lakin Şuşa, Laçın mənim üçün nə ifadə edirsə, Xocalı da onu ifadə edir”. Hüquqşunas Çingiz Qənizadə bu günə Xocalı soyqırımının tanıdılması ilə bağlı görülən işlərdən danışıb: “Xocalı Azərbaycan tarixinin qan yaddaşıdır. 30 illiyini qeyd etdiyimiz acı hadisənin əsas məqsədi bir daha dünya ictimaiyyətinə Xocalıda baş verənləri çatdırmaq, Azərbaycan xalqının etirazını göstərmək və müharibə cinayətlərinə hüquqi qiymət verilməsi üçün beynəlxalq təşkilarları, şirkətləri silkələməkdən ibarətdir.
Bir gecədə 613 nəfər günahsız insanın qətlə yetirilməsi və onların içərisində 100-dən çox azyaşlının, qadınların, qocaların olması, (əksəriyyəti mülki əhalinin olduğunu nəzərə alsaq) əsl müharibə cinayətidir və insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Xocalı soyqırımı baş verdikdən sonra ilk illər Azərbaycan məğlub idi, gücü zəif idi və bizi sevməyən qüvvələrin sayı olduqca çoxalmışdı. Çox təəssüflər olsun ki, həmin dövrdə Azərbaycan ərazisində baş vermiş bu hərbi cinayətə beynəlxalq təşkilatlar susqunluqla yanaşdılar, bu cinayəti görmək istəmədilər. Ulu öndər hakimiyyətə gəldikdən sonra Xocalı hadisəsini həm ölkə daxilində, həm də xaricdə siyasi və hüquqi qiymət verməsi ilə bağlı işlər görüldü. Sonra isə Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası başladı. Artıq dünyanın bir çox ölkələrində, o cümlədən, Amerikanın 20-ə yaxın ştatında Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul olunub. Azərbaycan hüquq mühafizə orqanları Xocalı ilə bağlı istintaq işi aparıb, bir çox cinayətkarlarla bağlı axtarışlar verilib. Onların məsuliyyətə cəlb olunması üçün tapılıb və Azərbaycana verilsə də bəzən beynəlxalq təşkilatlar bu məsələlərdə də ikili yanaşma ortaya qoyurlar. Qəbul olunan, özlərinin də imza atdıqları sənədlərə əməl etmirlər”. Çingiz Qənizadə Xocalı soyqırımında əli olanların gec-tez cavab verəcəklərini bildirib: “İllər keçsə də Xocalı soyqırımında əli olanlar cavab verəcəklər. Biz artıq qalib ölkəyik və dünya ictimaiyyəti bizim qələbəmizi, həqiqətlərimizi qəbul edir və Xocalı ilə bağlı Azərbaycanın möveyinin dəstəklənməsi istiqamətində gözəl bir şans yaranıb. Heç şübhə etmirəm ki, Azərbaycan dövləti onun siyasi rəhbərliyi Xocalıya hüquqi qiymət verilməsi üçün əllərindən gələni edirlər. Son vaxtlar kütləvi məzarlıqların aşkarlanmasında beynəlxalq təşkilatların nümayəndələri, araşdırmaçılar, jurnalistlər də iştirak edir. Bu Qarabağ həqiqətərinin dünyaya çatdırılması istiqamətində yeni kampaniyanın başlanğıcıdır. Xocalıda Azərbaycan xalqının qanına əli bulaşmış hərbi, siyasi cinayətkarların gec-tez qanun qarşısında cavab vermələri üçün Azərbaycanın atdığı addımlar dəstəklənəcək və onların əməllərinə hüquqi qiymət veriləcək”. Mehri QURBAN