Toylara görə icazə tələbi də ləğv edilib - DİN-dən AÇIQLAMA...

Toylara görə icazə tələbi də ləğv edilib

 Şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sabahdan mərasimlər üçün məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi ilə bağlı tələb də ləğv ediləcək.

“Sabahdan şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı, saat 00:00-dan gec olmamaqla, qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb ləğv olunacaq.

Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli qərarında göstərilən bir sıra məhdudiyyətlər də aradan qaldırılacaq.

Bugünkü qərarına əsasən, sabahdan Azərbaycanda şənlik mərasimlərinin - toy, nişan, ad günləri və s. keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti ləğv olunur. Bununla əlaqədar yuxarıda qeyd olunan tələb də ləğv edilir.

Buna baxmayaraq, ancaq etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər, yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, şənlik mərasimlərində - toy, nişan, ad günlərində və s. iştirak edə biləcəklər.

O cümlədən, şənlik mərasimlərində digər tələblər - girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə də qüvvədə saxlanılır”, - DİN rəsmisi vurğulayıb.






Fikirlər