“Süpürgəçiliklə oğul böyütmüşəm...” - Əlillik ala bilməyən qazinin anası kömək istədi...

Ötən gün Milli Məclisin Lənkəran - Astara seçki dairəsi üzrə deputatı Ziyafət Əsgərov rayonda şəhid ailələri və qazilərlə görüş keçirib. Görüşdə Vətən müharibəsi qazisi Davud Bağırzadənin anası da iştirak edib.

  “Qafqazinfo” xəbər verir ki, deputat qarşısında təsirli çıxış edən qazi anası hələ də övladınının haqqının verilmədiyini bildirib.

“Müharibə başlayanda oğlum könüllü ərizə yazıb cəbhəyə yollandı. Döyüşdəki şücaətinə görə 3 medal alıb, Füzuli, Hadrut uğrunda döyüşüb. Əl-ayağı yerindədir, amma orqanları param-parçadır. Oğlumun 1.90 sm boyu var, uşağım gözümün qabağında çapalayanda mən ana kimi özümü öldürmək istəyirəm. Əlillik təyinatı üçün müraciət eləmişik, bir dəfə imtina gəlib. Qarda pəncərini açıb yatırdı, o qədər sağlam idi oğlum. Ağciyərində 7 qəlpə var. Bağırsaqlarının yarısı yoxdur. Qolundan sinir çıxarılıb. Əlillik təyinatı verilən yerdə özləri rahatdılar, kiminsə dərdini başa düşmürlər. Bu uşaq gedib öz canını verib, siz niyə ona belə qiymət qoyursunuz? Bu övladlar qeyrətlə, namusla gedib vuruşdular, niyə onların haqqı qayıtmamalıdır?”

Qazi anası çətinliklə, süpürgəçi işləyərək iki övlad böyütdüyünü bildirib: “Mən tək ana, süpürgəçi işləyə-işləyə onları böyütmüşəm. Niyə bir nəfər gəlib mənim qapıçmı açmır? Demir ki, sən bu evin içində nə çəkirsən?

...Mən anayam axı, özümə qəsd eləmək istəmişəm. Öz sağlam övladımı bu vəziyyətdə görmək istəmirəm. Bizim borcumuzdur, övladın borcudur Vətən borcunu yerinə yetirsin. Amma Vətən də bizim qolumuzdan tutmalıdır. Mən heç kimdən nə ev, nə pul istəmirəm. Övladımın haqqını versinlər. Zəhmət, zillət çəkib süpürgəçiliklə onu oxutmuşam, ona iş versinlər”.

Məsələ ilə əlaqədar deputat Ziyafət Əsgərovla əlaqə saxladıq. O bildirdi ki, qazi Davud Bağırzadənin problemini nəzarətə götürüb və həlli üçün çalışacaq: “Mən qazinin anasından xahiş elədim ki, bütün sənədləri bizə göndərsin. Onun həm iş məsələsi var idi, həm də əlillik təyinatı ilə bağlı problemi var idi. Biz onu nəzarətə götürmüşük. Oradaca məsələni danışdıq, bütün sənədləri bizə göndərəcək. Mən o sənədləri nazirliyə göndərəcəyəm. Xahiş edəcəyəm ki, bu məsələni bir də diqqətlə yoxlasınlar. İnşallah nəticə də olar. Bu bizim borcumuzdur, biz buna çalışırıq”.

Qeyd edək ki, qazi Davud Bağırzadənin əlillik təyinatı ala bilməməsi və səhhəti ilə bağlı problemləri saytımızda işıqlandırılıb. Lakin aidiyyəti qurum tərəfindən qazinin orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı əsas gətirilərək təyinatdan imtina edilib.






Fikirlər