Beynəlxalq aləm Xocavənddəki kütləvi məzarlıqlara görə narahat olacaqmı...

Ekspert: “Kəllə sümüklərinin qırıqları onlara küt alətlə də xəsarət yetirildiyini göstərir”

Birinci Qarabağ savaşı zamanı yoxa çıxan 4000 minə yaxın Azərbaycan vətəndaşının taleyinə Ermənistan bugünədək aydınlıq gətirməyib.  Ehtimallar vardı ki, ermənilər qətlə yetirdikləri soydaşlarımızı Qarabağda kütləvi şəkildə basdırıblar. Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan apardığı axtarışlar nəticəsində bir neçə kütləvi məzarlıq aşkarlayıb. Bugünlərdə Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib.

Məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa, aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanıb.

Qeyd edək ki, məsələ ilə bağlı artıq Ermənistan tərəfi öz ənənəsinə sadiq qalaraq uydurma iddialar irəli sürüblər. Belə ki, yayılan uydurma iddialara görə, guya Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanmış 12 nəfərə aid olduğu ehtimal edilən qalıqlar Azərbaycan tərəfindən basdırılıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bu iddialara münasibət bildirərək, Ermənistan tərəfinin bu iddialarını tamamilə əsassız adlandırıb. O qeyd edib ki, sümüklərlə torpağın qarışdığını göstərmək mümkündür: “Həmin qalıqların sonradan qoyulması ilə bağlı söhbət gedə bilməz. Onların üstü, sadəcə olaraq, təmizlənib. 12 nəfərə aid qalıqların Azərbaycan hərbçilərinə aid olduğu ilk baxışdan da görünür. Onların hamısı hərbi paltarda dəfn olunub”.

Ədalət Həsənov: Mikayıl Müşfiqin qohumlarıdan nümunələr götürülüb | Kaspi.az

Ədalət Həsənov

Ə.Həsənovun sözlərinə görə, həmin ərazinin aşağısında meyitlərin olub-olmaması hələ də bilinmir: “12 nəfərin bir yerdə kütləvi şəkildə qeyri-insani formada dəfni işgəncə, əzab barədə düşünməyə əsas verir. Onların hər birinin əlləri yuxarıdadır, sümüklərində zədələr və xəsarətlər var. Kəllə sümüklərinin qırıqları onlara küt alətlə də xəsarət yetirildiyini göstərir”.

Ə.Həsənov həmçinin qeyd edib ki, Edilli kəndi ərazisində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən 5-6 oktyabr tarixlərində götürüləcək. Baxış protokolu başa çatdırılandan sonra əraziyə qutular gətiriləcək:

“Daha sonra qalıqlar qutulara şəxsi əşyaları, nömrələri ilə qoyulacaq. Sonra isə Hərbi Prokurorluğun qərarları ilə birlikdə maddi sübutlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin kriminalistika şöbəsinə təqdim ediləcək. Müayinələr bitdikdən sonra skelet sümükləri və faktlar xüsusi qutularda xüsusi şəraitdə saxlanılacaq”.

Nəzərə çatdıraq ki, Birinci Qarabağ savaşı zamanı yoxa çıxan 4000 vətəndaşımızın xeylisi məhz hərbçilərdir. 30 ilə yaxındır döyüşə gedib, itkin düşən, ailələri yolunu gözləyən döyüşçülərimiz var. Yeni tapılan 12 nəfərə aid cəsədin kimliyini müəyyən etmək üçün proses başlayıbmı? DTN analizləri ilə dəqiq olaraq onların kimliyini öyrənmək mümkün olacaqmı?

Və ən əsası, erməni hərbçilərin guya güllələnməsinə görə hay salan, qərəzli bəyanatlar verən təşkilatlar, dövlətlər bu fakta, azərbaycanlılara qarşı cinayətə görə səsini çıxaracaqmı?

Güclü Azərbaycan naminə - Ceyhun Məmmədov

Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

 “Təəssüf ki, bu gün Ermənistan tərəfi xaricdə təbliğat  aparır ki, guya Azərbaycan ermənilərə qarşı hansısa  neqativ addım atıb və sairə. Bunu da əllərində bayraq edərək, bir sıra dövlətlər Azərbaycana qarşı iddia və ittihamlar səsləndirdilər. Amma bu günə qədər ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə bağlı heç bir çağırış və sanksiyalar görmürük. Söhbət Xocalıda, Daşaltı və digər yerlərdə törədilən hadisələrdən gedir. Həmçinin 4 minə yaxın azərbaycanlının taleyi məlum deyil və  beynəlxalq qurumlar buna heç bir reaksiya vermir. Ermənilər  ərazilərimizi bu qədər minalayıb, mina xəritələrini dövlətimizə təqdim etmir, amma hansısa saxta məlumatlar əsasında Azərbaycan haqqında iddialar və ittihamlar səsləndirməyə çalışırlar ki, bu da ikili standartların, qərəzli yanaşmaların növbəti təzahürüdür.

Bizə gəldikdə isə, əlbəttə ki, bu prosesdən ciddi nəticə çıxartmalıyıq. Proseslər onu göstərir ki, ermənilər çirkin,  məkrli niyyətlərindən əl çəkməyəcək və informasiya müharibəsi davam edəcək. Ona görə də səfirliklərimizin  üzərinə böyük vəzifə düşür, onlar çox fəal olmalı, Azərbaycan həqiqətlərini təbliğ etməli, erməni vəhşiliyini ifşa etməlidirlər. Həmçinin xaricdəki diasporluğumuz fəal  olmalıdır, bu çox vacibdir. Azərbaycanda xarici dildə məlumatlar yayan mediaların fəaliyyətinə dövlətin dəstəyi artırılmalıdır. Bəzən özümüz deyib, özümüz də eşidirik. Çalışmalıyıq ki, daha çox xarici dillərdə məlumatları yayaq, təbliğ edək.

Yəni baş verənlər  onu göstərdi ki, biz heç vaxt arxayınlaşmamalı, gecə-gündüz çalışıb, səy göstərməliyik,  hədəflərimizə, məqsədlərimizə nail olaq. Bunu etməsək, Ermənistan davamlı olaraq Azərbaycana qarşı beynəlxalq qurumlara, ayrı-ayrı dövlətlərə yalan informasiyalar təqdim  edərək, onları çaşdırmağa davam edəcək".

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd etdi:

“Əlbəttə ki, bugünkü təbabətin, o cümlədən məhkəmə tibbi-ekspertizanın imkanları yol verir ki, DNT analizinə əsasən həmin şəxslərin kimliyi dəqiqliyi ilə müəyyən olunsun. Hətta nəinki yaxın vaxtlarda, həmçinin daha uzun illər əvvəl baş vermiş hadisələrin izinə düşmək mümkün olur”.






Fikirlər