Quba məzarlığı ilə bağlı HƏYƏCAN TƏBİLİ

2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının  yüzilliyi tamam olur.

 Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.

 Azərbaycanlıların soyqırımının tanınmasında Quba memorial kompleksi xüsusi əhəmiyyət daşıyır. Lakin son illər “Soyqırımı memorial kompleksi”ndə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə edilir. Bu baxımdan  prezident İlham Əliyevin göstərişi ilə xüsusi komissiya yaradıldı.

Maraqlıdır, Quba məzarlığında hansı işlər görülüb?

 Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev Modern.az-a açıqlamasında deyib ki, Quba məzarlığında vəziyyət eynidir:

 “Quba məzarlığının şüşə altına salınması və bu vasitə ilə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsini mən qaldırmışdım. Amma bu dəqiqə Quba məzarlağı ilə bağlı heç nə deyə bilmərəm. Çünki bəzi məsələlər var, onlar qıraqda qalıb. Mən bir balaca hay-küy yaratdım, lakin hələki bir nəticə yoxdur. Bilirsiniz, qabaqda da soyqırımının yüzilliyi gəlir. Quba məzarlığı ilə əlaqəli komissiya təşkil etmişdilər. Komissiya gəldi, ancaq nə tədbir gördülər bilinmir. Onlar burada xüsusi konstruksiyanın qurulacağının desələr də, necə olacağı məlum deyil.  Yalnız  soyqırımı yaxınlaşanda səs-küy salmağa başlayırlar. Elə ki, soyqırım qurtardı, qırağa çəkilirlər”.

 Q.Ağayev qeyd edib ki, məzarlıq mütləq şüşə altına salınmalıdır:

 "Məzarlıqdakı sümüklərin çürüməməsi üçün müvafiq qurumlar tədbirlər görməlidir.  Belə ki, sümüklər üzərinə şüşə örtük çəkilməli və vakuum vasitəsilə içəridəki hava çıxarılaraq sabit hava cərəyanı təmin edilməldir. Bilirsiniz, sümüklər çox həssasdır.

 Eyni zamanda əlimizdə 7000 sümük də var və onlar Patoloji Anatomiya Birliyində saxlanılır. Həmin sümükləri lazım gələndə bizə verəcəklər və onları yerinə - məzarlığa qoyacağıq. Quba məzarlığında sümüklər məhv olmaq üzrədir. Mən orada can qoymuşam və ürəyim yanır. Bu, nəinki azərbaycanlılara, həmçinin bütün türk dünyasına qarşı törədilən soyqırımıdır və soyqırımı kompleksi ermənilərin göz dağıdır. Bu baxımdan məzarlıq mütləq şüşə altına salınmalıdır. Bu məzarlıq yeganə soyqırımı abidəsi, canlı sübutdur”.

 Quba məzarlığı ilə əlaqədar yaradılmış komissiyanın üzvlərindən biri, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Modern.az-a bildirib ki, məzarlığın beynəlxalq standartlara uyğun olaraq fəaliyyəti həyata keçiriləcək:

 “Komissiyanın yekun təklifləri  hazırlanıb və yəqin ki, bu təkliflər əsasında ölkə prezidenti cənab İlham Əliyev qərar verəcək. Ən optimal variantda memorial kompleksin fəaliyyəti bundan sonra davam edəcək. Yekun təkliflərə görə, məzarlıqda olanların dəfn olunması məsələsi gerçəkləşdiriləcək. Yəni bundan sonra Quba məzarlığı kompleks şəklində öz fəaliyyətini davam etdirəcək. Orada nə işlər lazımdırsa, dövlət səviyyəsində, ölkə prezidentinin tapşırığı ilə hamısı həll olunub və həll olunacaq. Məzarlığın beynəlxalq standartlara, eyni zamanda milli-mənəvi dəyərlərimizə uyğun olaraq fəaliyyəti həyata keçiriləcək”.

 






Fikirlər