Mən Tərtərdə heç vaxt olmamışdım. Ona görə də əslən Tərtərdən olan fotoqraf dostumuz Mahir Hüseynbəyli məni Tərtərə dəvət edəndə sevindim ki, yolum ilk dəfə 30 il təmas xəttində, 44 gün atəş altında qalan, amma düşmənə boyun əyməyən Tərtərə düşəcək. Vətən müharibəsində düşmənə meydan oxuyan rayonlardan oldu Tərtər. 44 gün ərzində bu qəhrəmanalar torpağına16 mindən çox top mərmisi, 21 raket atılıb.
Tərtərə səfərimizin çox mühüm bir səbəbi də var idi. Milli Məcilisin vitse-spikeri Adil Əliyevin iştirakı ilə iş adamları tərəfindən Tərtərin Yenikənd və Qaradağlı kəndlərində iki Vətən müharibəsi şəhidinin– Azər Qasımov və Aslan Hüseynovun adına inşa edilən mənzillər şəhidlərin ailələrinə təqdim ediləcəkdi.
Tərtərin giriş qapısında qürur yerimiz olan şəhidlərin adına salınan abidə qarşıladı bizi. Milli Məcilisin vitse-spikeri Adil Əliyev, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və bir qrup rayon sakini ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdik. Xiyabanda Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhid olan qəhrəman oğulların xatirəsini yad etdikdən sonra şəhid Aslan Hüseynovun doğulub boya-başa çatdığı Qaradağlı kəndinə yola düşdük. Aslan Hüseynov Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Onun bir il bundan əvvəl mənzil şəraiti yaxşı olmayan ailəsi indi rahat, işıqlı mənzillə təmin olunub.
Kəndin girəcəyindən düz şəhidin adına tikilən yeni mənzilin həyətinə qədər böyük bir izdiham var idi.
Millət vəkilinin iş prinsipinin əsasını elə millətin arasında olmaq təşkil edir.
Mən ilk dəfə şahidi oldum ki, millət vəkili təkcə seçildiyi dairənin, rayonun, şəhərin məsuliyyətini deyil, həm də bütün Azərbaycan xalqının məsuliyyətini öz çiyinlərinə götürüb. Adil Əliyev Prezident İlham Əliyevin göstərişi üzrə bütün bölgələrdə mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, onların problemləri ilə yaxından maraqlanır.
Şəhid Aslan Hüseynovun adını daşıyan mənzilin açılış tədbirində çıxışı zamanı Adil Əliyev bir daha vurğuladı ki, şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərilməsi ilə bağlı Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri ziyarət edilir, onları narahat edən problemlərin həllinə çalışılır.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra vitse-spikerin şəhid analarına, atalarına müraciəti xüsusilə diqqətimi çəkdi: “Əziz şəhid anaları, kimin mənə sözü varsa, irəli gəlsin. Mən sizi dinləməyə hər zaman hazıram. Siz ən dəyərli varlıqlarınızı, övladlarınızı bu vətənin ərazi bütövlüyü, suverenliyi üçün şəhid verdiniz. Biz bu yaxınlarda Qələbə gününü qeyd edəcəyik. Ancaq o qələbə gününə qədər bizim şəhidlərimizin anım günləridir. Biz hər zaman şəhidlərimizi yad edirik. Çünki onlar bizim and yerimizdir. Bizim də vətəndaş olaraq borcumuz bu vətənin keşiyində duran insanların yanında olmaqdır”.
44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Aslan Hüseynovdan bu vətənə iki körpə balası yadigar qalıb. Şəhidin atasının kənardan söhbətinə qonaq oldum. Aslan şəhid olduğu gündən bəri Adil Əliyev onun ailəsinin problemlərini diqqətdə saxlayıb.
Növbəti səfərimiz Tərtərin Yenikənd kəndinə oldu. 44 günlük Vətən müharibəsində şəhid olan Azər Qasımovun 4 körpəsi üçün tikilən 4 otaqlı mənzil də şəhidin ailəsinə təqdim edildi.
Azər Qasımov Suqovuşan istiqamətində döyüşlərdə göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Mənzillər sahiblərinə təqdim edildikdən sonra Adil Əliyev şəhid analarına söz verdi ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq hər bir şəhid ailəsinin problemləri həll olunacaq.
Qarabağa çox yaxın olan Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. 44 gün ərzində əsl poliqona çevrilən bu kiçik rayona düşən minlərlə top mərmisi və raketlər əhalinin həyat şəraitini çətinləşdirimişdi. Onlardan bir çoxunun evləri yarasız vəziyyətə düşmüşdü. Ancaq Prezident İlham Əliyevin göstərişi ilə rayonda qısa müddət ərzində bərpa işləri həyata keçirilib. Viste-spiker Adil Əliyev çıxışında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova rayonda aparılan əsaslı bərpa işlərinə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi.
Onu da qeyd edim ki, şəhidlərin adına inşa olunan mənzillər Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən şəhid ailələri və qazilərin həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən təşəbbüslərə qoşulan “Çarbağ” MMC-nin direktoru Anar Hüseynovun dəstəyi ilə tikilib. Adil Əliyev iş adamının nəcib addımına görə ona təşəkkürünü bildirdi.
44 günü təmas xəttinə yaxın şəhər və rayonlarda camaat göydən yağan mərmi və raketləri saya-saya keçirdi. Şəhərlər dağılsa da, itkilər verilsə də, heç kim evini, torpağını qoyub can hayına qalmadı. Adil Əliyev də çıxışlarında ata-babalarının yolu ilə gedən bu qəhərman millətin, mövzu Vətən olduğu zaman heç bir şeydən qorxmadan, çəkinmədən meydanlara axışdığını, sinəsini, övladını düşmən gülləsinə sipər etdiyini iki il əvvəl 44 gün ərzində bütün dünyaya göstərdiyini bildirdi.
“Əziz analar, atalar, mən sizin qarşınızda baş əyirəm. Sizlər əziyyətlə böydüb, boya-başa çatdırdığınız övladlarınızı bax, indi dayandığımız bu həyətyanı torpağın müdafiəsi uğrunda deyil, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid vermisiniz. Odur ki, onlar tək sizin şəhidləriniz deyil, həm də bizim, bütün Azərbaycan xalqının şəhidləridir”.
Bir gün ərzində hələ baş çəkəcəyimiz çox yer vardı. Odur ki, şəhid anaları ilə sağollaşıb Tərtər Əlahiddə taborunun giziri, kəşfiyyatçı Əhməd İsmayılovun toy mərasiminə yola düşdük.
Əhməd İsmayılov haqqında çox eşitmişdim. Əhməd Murovdağ, 457 Mübariz və Göyarx yüksəkliklərinin alınmasında şücaət göstərib. Birinci Qarabağ müharibəsində çox igid oğullarımızı udan Ağdərə istiqamətində düşmənin saysız-hesabsız diversiya hücumlarını dəf edərək onları ağır itkilər verməyə məcbur edib. 3 dəfə yaralanmasına baxmayaraq, yenidən cəbhəyə qayıdan Əhməd müharibənin sonuna kimi qəhrəmanlıqla döyüşüb. Bu cür qəhrəmanın şad günündə iştirak etmək sözün əsl mənasında fəxr hissi yaşadırdı insana.
Mərasimdə iştirak edən vitse-spiker Adil Əliyev Əhmədin qəhərmanlığından ürək dolusu danışıb, qazimizə xeyir-duasını verdi. Məclisdə Azərbaycanın bütövlüyü uğrunda döyüşən digər qazilərlə də görüşən vitse-spiker onlara Vətən torpağını canları bahasına qoruduqları üçün təşəkkür etdi.
Tərtərdə Adil Əliyevə böyük sevgi və hörmət var idi. Çünki müharibə başlayandan bitənə qədər, hətta müharibə bitəndən sonra da daim xalqın yanında oldu. Adil Əliyev Milli Məcilisə bir bölgənin millət vəkili olaraq deyil, Azad Azərbaycanın təmsilçisi olaraq gələn millət vəkillərindəndir.
Mənim Tərtər səfərim Əhmədin toyu ilə yekunlaşsa da, Adil Əliyevin səfəri üzü Tovuz istiqamətində davam etdi.
Tərtərdən xoş təəssüratlarla ayrıldım. Bu kiçik, ovuc içi boyda rayonda demək olar ki, hamı müharibə iştirakçısı idi. Çünki onlar böyüklü, kiçikli 44 gün düşmənə meydan oxuyub. Elə bu səbəbdən də müharibə dövründə Tərtər “Azərbaycanın Stalinqradı” adlandırılıb.