Azərbaycanda dərman qıtlığı: Həkim səbəbləri açıqladı ...

Azərbaycanda dərman qıtlığı: Həkim səbəbləri açıqladı

“Dərman qıtlığının əsas səbəbi daxili istehsalın yoxluğudur”.

Bunu Yenisabah.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin tədris terapevtik klinikası şüa diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev deyib.

O, ölkədə dərman qıtlığının səbəblərini izah edib. Bu, son aylarda ciddi narazılıq mövzusudur. Dərman qıtlığı hətta Milli Məclis üzvlərinin sərt bəyanatlarına səbəb olub. O cümlədən Səhiyyə Nazirliyinin ünvanına tənqidlər səslənib. 

Qıtlığa izahlar arasında Ukraynada gedən müharibə də əsas gətirilir. Lakin Ukraynadan idxalın dayanması və ya azalması həqiqətən yeganə səbəbdirmi? 

“Müharibə boş söhbətdir. Azərbaycanda dərman istehsalı sıfır dərəcəsindədir. 30 il müddətində yığılan sərvətlə guya daxili istehsalı qurmaq olmazdı?! Təbii ki, olardı. Bəs bunun səbəbi nədir? Əlbəttə, inhisar.

Bildiyim qədər, ölkəyə dərmanı yalnız bir neçə şəxs gətirə bilir. Əgər inhisar olmasa, ilk növbədə, daxili istehsal yaranar, bununla paralel olaraq bəlkə də hansısa bir iş adamı ucuz qiymətə ölkəyə dərman gətirər”.

A.Əliyev ölkədə dərman siyasətinin düzgün qurulmadığı rəyindədir:

“Statistikaya əsasən müəyyən edilməlidir ki, əhali il ərzində hansı dərman preparatlarından istifadə edir. Əgər statistika aparılsa, dərman istehsalı və idxalınını düzgün qura bilərik. Keyfiyyət də mühüm məsələdir. Yaxınlarımızın, hətta özümüzün belə qəbul etdiyiz dərmanların hansı keyfiyyətdə olduğun bilmirik. Onu da bilmirik ki, 5-10 ildən sonra o, hansı fəsadlar törədəcək. 

Dərmanlara xüsusi nəzarət yetirilməlidir. Bəzən görürsən yayın istisində dərman preparatların gün şüalarının altına qoyurlar. Axı bu, dərman preparatının keyfiyyətinə olduqca mənfi təsir edir. 

 

Bilmirik ki, dərmanlar depolarda hansı vəziyyətdə saxlanılır. Əhalimiz isə daim dərmanların keyfiyyətindən şikayət edir. Çünki dərmanların saxlanılmasına olduqca məsuliyyətsiz yanaşırlar. Bəzən əczaçılıqdan başı çıxmayanları apteklərdə vəzifə verirlər”.






Fikirlər