“Trol” işləyən şəxsdən maraqlı açıqlama: “Ayda 3-4 min qazanmaq olur”
""Trol" deyib təhqir etdikləri insanlar da çörəkpulu qazanmaqdan ötrü o işi görürlər. Onlar (hökumətyönlü jurnalistləri, bloqerləri nəzərdə tutur-red.) məmurların pulu ilə yazı yazıb-pozur, oturur-durur. Biz də tapşırılan sözləri yazırıq. Neynəyək, ac qalaq?", – bu sözləri Azadlıq Radiosuna müsahibəsində sosial şəbəkələrdə ona tapşırılan rəyləri yazaraq pul qazanan, başqa sözlə, trolluq edən B.B. deyib. Trolluğa gedən yolda ilk addım B.B. 12 ilə yaxın müxtəlif nazirliklərdə çalışıb. 2017-ci ildə isə səhhətindəki problemlər ucbatından işdən ayrılmalı olub. 2020-ci ildə COVID pandemiyasının dünyanı bürüdüyü vaxtda B.B. internetdə iş elanlarına baxanda maraqlı bir vakansiya ilə rastlaşıb. B.B. elanın tələblərini oxuduqca, öz sözləri ilə desək, gözləri parlayıb. "Hamının işsiz qaldığı vaxtda qarşılaşdığım elan məni təəccübləndirdi. Başlanğıc üçün 2 min manatdan başlayan sosial media meneceri axtarırdılar. İş saatı pandemiya zamanı evdən səhər saat 9-dan axşam saat 9-a kimi idi. Pandemiyadan sonra isə səhər 9-dan axşam 6-a kimi nəzərdə tutulmuşdu. İş şərtləri isə "əsas sosial şəbəkə hesabın, telefonun, internetin olsun, qalanı izah edilir", - deyə yazılmışdı. Mən də əlaqə saxladım, görüş üçün "Nizami" metrostansiyası yaxınlığında bir plazaya çağırdılar. Görüşə gedəndə məlum oldu ki, məsələ nə imiş", – o, AzadlıqRadiosuna müsahibəsində bildirib. Klaviaturanın arxasındakı kimdir? B.B. ona iş müsahibəsi zamanı siyasi və dini görüşü, siyasi partiyalara, siyasətçilərə münasibəti haqda xüsusi suallar verildiyini deyir: "Müsahibə kompüter üzərindən təşkil edildi. Sualların böyük əksəriyyəti siyasi məzmunlu idi. "Rüşvət alan adamı sosial mediada tənqid edərsənmi", "Mitinqə çıxmısınızmı və ya hansı hallarda çıxarsınız", "Hüquq-mühafizə orqanlarına münasibətiniz necədir", "Siyasi partiya üzvlüyünüz varmı, yoxdursa, səbəbi nədir" tipində bir çox sual var idi. Vaxtilə nazirlikdə çalışdığım üçün onsuz da siyasi düşüncələrim onların istədiyi yöndə idi, yəni hakimiyyətyönlü. Sualları cavablayıb evə getdim. Üç gün sonra zəng gəldi ki, işə qəbul olmusunuz". Bir-iki sosial şəbəkə hesabı üçün 600 manat... B.B. deyir ki, işə qəbul olan gündən bugünə kimi verilən siyahıya uyğun olaraq paylaşımlara rəy yazmaqla məşğuldur. O, əsasən, müxalifət təmsilçilərinə mənfi, hakimiyyətə yaxın partiyaların isə təbliğatına yönəlik rəylər yazdığını söyləyir: "İşin ilk iki-üç həftəsi bizə təlim keçirildi. Təlim də oturub nəyisə izah etmək deyildi, ilk gündən tapşırılan statuslara rəy yazırdıq. Məsələn, cəbhəçilər (müxalifətdə olan AXCP fəalları), feministlər aksiya keçirirdi. Deyirdilər ki, "girin aksiyanı pisləyin, onları Qərbdən maliyyələşənlər adlandırın". Mən onsuz da siyasi görüşümə görə YAP-çıyam, feministləri isə ailə dağıtmaq üçün qurulmuş təşkilat hesab edirəm. Ona görə də aksiyalara çoxlu rəy yazmaq mənə maraqlı idi. Amma pis işlədiyini düşündüyüm nazirlikləri tərifləmək tapşırılanda özümdən iyrəndiyim olurdu. Amma neyləyəsən, çörəkpuludur". O danışır ki, işin qazancı rəyin təsir gücündən və sayından asılı olaraq dəyişir: "Burada, bəzilərinin düşündüyü kimi, "bomba" gəlir yoxdur. İşləməlisən ki, qazanasan. Əgər bir profilin varsa, ancaq oradan yazılan rəylərə əsasən pul alırsan. Ya da təkcə siyasi mövzularda paylaşımlara rəy bildirirsənsə, yalnız bunun pulunu alacaqsan, 600-1000 manat arası. Əgər gecə-gündüz demədən işləyib, deyilən hər rəyi yazır, hər işi görürsənsə, yaxşı da qazanırsan. Aylıq qazancın 3-4 min manata çatır". Onun dediyinə görə, üzv olduğu şəbəkədə hazırda işləyənlər, əsasən, 25-45 yaş arasıdır. B.B. siyasəti yaxşı bilən və texnologiyadan anlayışı olan 55 yaşa qədər şəxslərin də trolluq etdiyini söyləyir: "Xanımlar yoxdur, varsa da, ofisdə oturmur. Əsasən kişilərdir. Onların da bir hissəsi ikinci iş kimi saat 6-dan sonra gəlir. Aramızda hökumət saytlarının işçiləri, nazirlik əməkdaşları, müəllimlər də var. Kollektiv də yaxşıdır, əsas odur gizlilik qorunur". Onu da qeyd edir ki, rəy yazmalı olduqları paylaşımları özləri seçmir, tapşırıq əsasında formalaşır. İki-üç profildən yazdığını deyən B.B. əlavə edir ki, o, bəzi trollar kimi şərhlərində təhqirdən istifadə etmir, öz düşündüklərini ifadə etməyə çalışır. "Meta" şirkəti bir elektron ünvan üzərindən açılmış, şübhəli görünən profilləri bağlayanda isə onlar həmin profilləri geri qaytarmağa vaxt sərf etmirlər, əvəzində yeni profillər açırlar. Trolların arxasında dayananlar B.B. trol şəbəkəsinin birbaşa hakimiyyətə bağlı olduğuna işarə etsə də, kimlərdən tapşırıq aldığını demir: "İnsan çörək yediyi qaba tüpürməz. İndi bizi kimin maliyyələşdirdiyini desəm, düzgün olmaz. Amma heç kim inkar eləmir ki, ən yuxarıdakı şəxslərin birgə nəzarəti ilə işləyirik. O vaxt dedilər ey, polis, YAP var trolların dalında. O da düz söhbət idi, biz də bunları eşidirdik. Amma dəqiq kiminsə adını çəkə bilmirəm. Hamının bəyəndiyi bir məmur da var, ara-sıra gəlir bizi "Nizami" metrosu yaxınlığındakı ofisdə ziyarətə. Deputatlardan da gələn olub, bizə rəhbərlik edən adamla danışıb gedib". B.B. əlavə edib ki, sözügedən şəbəkədə təxminən mindən çox adam çalışır. Onun sözlərinə görə, şəbəkə həm də öz daxilində sektorlara ayrılıb.