BİR AİLƏNİN 4 ÜZVÜ ÖLDÜRÜLÜB - Detallar ÜZƏ ÇIXDI + VİDEO (Yenilənib)
Ötən gecə saat 22 radələrində Beyləqan rayonu Tatalılar kəndində bir ailədən 4 nəfərin - ata, ana və 2 oğulun ov tüfəngi ilə öldürülməsi hadisəsinin yeni detalları üzə çıxıb. “Qafqazinfo”nun məlumatına görə, insidenti törədən 27 yaşlı Fuad Cəlilzadənin atası 2009-cu ildə həbs edilibmiş. Belə ki, həmin vaxt Fuadın atası münaqişə zəminində qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar baş verib. Xatırladaq ki, ötən gecə F.Cəlilzadə qonşusu 1971-ci il təvəllüdlü Tərgül Quliyeva, həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyev və oğulları: 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib. *** Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb. APA xəbər verir ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub. Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib. *** Beyləqanda bir ailənin 4 üzvü öldürülüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.