Astara şəhər 6 saylı orta məktəbdə katibə ilə direktor arasında QALMAQAL

Direktor: “Kiməsə qarşı təzyiq qətiyyən ola bilməz”

Astara şəhər 6 saylı tam orta məktəbində 23 il katibə işləyən Validə Məmmədova Musavat.com-a müraciət edərək çalışdığı məktəbdə təzyiqlərə məruz qaldığını bildirib.

O deyib ki, son 3 ildə məktəbə direktor təyin olunan Ülviyyə Bayramova onu və məktəbdə gözətçi kimi çalışan həyat yoldaşını istismar edir: “1999-cu il 1 oktyabr tarixindən bu məktəbdə işləyirəm. İşlədiyim müddət ərzində öz işlərimdə həmişə məsuliyyətli olmuşam və öhdəsindən layiqincə gəlmişəm. Amma direktor “Müəllimlər günü”, “8 Mart” qadınlar bayramı, öz ad günlərində və hər ayın sonu əmək haqlarımız verilən zaman qarşısına siyahı qoyaraq bizdən pul yığır və kimlərəsə yığdırır. Bəli, mən də əvvəllər nə qədər deyirdisə - iyirmi, otuz manat verirdim, ancaq sonralar etiraz etdim. Hər şey o zamandan başladı. O gün-bu gün direktor Ülviyyə Bayramovaya aylıq rüşvət vermədiyim üçün mənə təzyiqlər göstərir, yalan-yanlış aktlar yazaraq öz komandasından olanlara imza atdırır və məni işdən çıxarmaqla şantaj edir. Məktəbə nəyə görə isə şikayətə gələn valideynləri öz otağına salaraq onlara ağ vərəqə imza atdırır, hansı işçi və müəllimlə “prinsipi” varsa, ona qarşı həmin vərəqi şikayətlə doldurur. Üstəlik, fəhləni də istismar edir. Yoldaşım gecə gözətçisidir. Şənbə, bazar günləri də onu işlədir, ancaq həmin günlər üçün ona əmək haqqı vermir. Ən pisi də odur ki, millət vəkillərindən kimsə onu himayə edir. Ona görə kimə desək də faydası olmur”.

WhatsApp Image 2023-01-25 at 17.28.32.jpeg (129 KB)

Şikayətçi onu da qeyd edib ki, 2022-ci ilin fevral ayında Astara şəhər Ərçivan kənd 4 saylı tam orta məktəbin təşkilatçısı Əlihəsən Baxşıyev 15 məktəb barəsində, 6 saylı məktəb də daxil olmaqla Prokurorluğa şikayət yazıb. Həmin şikayət məktəblərdə əlavə məşğələ və fakultativ məşğələ saatlarında olan qanunsuzluqlar barədə olub. Buna görə Ülviyyə Bayramova direktor otağına rəhbər işçiləri və fakultativ dərsləri olan müəllimləri yığaraq, “şikayət var pul verməlisiniz ki, bu iş bağlansın” deyərək məlumat verdi. Direktor Ülviyyə Bayramova qeyd etdi ki, 15 məktəbin hər birinə üç min manat deyilib. Daha sonra Ü.Bayramova mənə məktəbin ərizələrinin qeydiyyat kitabının vərəqlərini dəyişdirməyi əmr etdi. Təbii ki, mən buna etiraz etdim. Ancaq özü həmin kitabı məndən alıb, vərəqləri cıraraq yenisini ora tikdi və mənə yenidən onu yazdırdı. Həmin cırılmış vərəqlər və hadisələrin necə baş verməsinə aid vatsap səs yazıları telefonumda var. Mən bütün bu olanlara dözməyib 2022-ci il aprel ayında Prezidentə və aidiyyəti qurumlara müraciət etmək məcburiyyətində qaldım. Şikayət etdiyim üçün direktor, aidiyyəti qurumlar mənə və yoldaşıma təzyiqlər göstərir və bizi işdən çıxarmaqla şantaj edirlər. Xahiş edirəm, mənə kömək edin”.

Məsələ ilə bağlı məktəbin direktoru Ülviyyə Bayramova ilə də əlaqə saxladıq.

WhatsApp Image 2023-01-25 at 17.38.37.jpeg (58 KB)

O, Musavat.com-a açıqlamasında bildirdi ki, deyilənlər iftiradır: “Şərəf və ləyaqətimin alçaldılması ilə bağlı mən məhkəməyə müraciət etmişəm. Məhkəmənin qərarını da təqdim edə bilərəm. Onun dediyi səs yazıları prokurorluq orqanlarına da göndərilib, heç bir cinayət xarakteri daşımadığı üçün təkzib olundu. Əslində, həmin xanım oğlunu işə götürməyimi istəyirdi. Amma biz həmin iş yerinə qazinin həyat yoldaşını götürdük. Bütün ədavətlər də bundan sonra başladı. Bura tərbiyə ocağıdır, burada kiməsə qarşı təzyiqlər qətiyyən ola bilməz. Onun dedikləri yalan olduğu üçün məhkəməyə vermişəm”.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu göndərdik. Cavab verildiyi təqdirdə dərc edəcəyik.

 






Fikirlər