Məhkəmə sistemində islahatlara kim mane olur? – “Sifariş yerinə yetirən hakimlər var...”

Məhkəmə sistemində islahatlara kim mane olur? – “Sifariş yerinə yetirən hakimlər var...”

“Bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də köklü islahatlara ehtiyac var. Doğrudur, bir sıra qanunlar qəbul olunub, eləcə də Prezidentin 2018-ci ildə həmin islahatlar barəsində fərmanları var, müəyyən dəyişikliklər baş verib, amma bütövlükdə Azərbaycan məhkəmə sistemi amorf bir sistemə çevrilib. Sadəcə olaraq, İcra Hakimiyyəti orqanları prokurorluq, polis və digər yerlərdən gələn qərarları və sənədləşməni təsdiq edən bir quruma çevrilib”.

Bu sözləri  Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədri son dönəmlər Azərbaycanda icra strukturları sahəsində baş verən köklü islahatların məhkəmə sisteminə də sirayət edib-etməməsindən və bu sahədəki problemlərdən söz açıb.

Q. Əlibəylinin dediyinə görə, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanda ən çox pozulan hüquqlardan biri də ədalətli məhkəmə hüququnun pozulmasıdır: “Bu da onu göstərir ki, Azərbaycanın məhkəmə sistemində qanunvericilik nisbətən yaxşı olsa da, kifayət qədər işləmir”.

Onun fikrincə, bundan əlavə, kadr məsələlərinə də diqqət yetirmək lazımdır:

“Düzdür, bəzi hallarda yeni-yeni adamları, cavan kadrları təyin edirlər, bəzən isə bir də görürsən ki, onlar qanunvericiliyə uyğun olmayaraq, eləcə də onun tələblərini pozaraq təyin olunur. Ona görə də, birinci növbədə, Məhkəmə Hüquq Şurasının yenidən formalaşması, onun səlahiyyəti və digər məsələlər dəqiqləşdirilməlidir və onun əsasında da hakim korpusunun yenidən formalaşdırılmasına başlamaq lazımdır”.

Hüquqşünas təklif edib ki, qanunvericilikdə də müəyyən dəyişikliklər edilməlidir:

“Məsələn, məhkəmə səhvi adı altında bir çox hallarda sifarişli məsələləri yerinə yetirən hakimlər var ki, onlar bu günə qədər heç bir cəza almayıblar, hətta tənbehə belə məruz qalmayıblar. Doğrudur, elan olunur ki, kiməsə töhmət verildi, yaxud xəbərdarlıq edildi, amma bu, bütövlükdə məhkəmə sisteminin dəyişilməsi üçün hər hansı bir əsas deyil”.

Müsahibimiz düşünür ki, bir tərəfdən, həm qanunvericilik dəyişilməlidir, eləcə də həm təşkilati hüquqi forma, yəni hakimlərin təyin olunması qaydasına, həm də Məhkəmə Hüquq Şurasının tərkibinə yenidən baxılmalıdır:

 

“Bura daha çox müstəqil adamlardan ibarət bir şura kimi formalaşdırılmalıdır. Yəni Məhkəmə Hüquq Şurası Ədliyyə Nazirliyinin tərkibindən çıxarılmalıdır. Sonradan isə onlar hakimlərin yenidən hazırlanması prosesinə başlamalıdırlar. Qısası, bu sahədə köklü islahatlara ehtiyac var”.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 

 






Fikirlər