Sensasiya dalınca qaçan jurnalist və top dalınca qaçan futbolçu...

Saytların, internet-qəzetlərin dəb və yayğın olmadığı, medianın yükünü kağızda çıxan qəzetlərin daşıdığı vaxtlarda bir əməkdaşımız vardı, hansısa siyasətçi ilə müsahibəyə getməzdən əvvəl redaktorlara, şərhçilərə bir-biri yanaşıb soruşardı: “Bəyə (müəllimə) hansı sualları verim?”

 Hər kəs bədahatən bir-iki sual variantı verərdi və qardaş onu bloknotuna yazardı. Mütləq kimsə reportyora tövsiyə verərdi: “Onu yaxşıca sıxarsan”.

 O da mütləq belə cavab verərdi: “Elə ona görə gedirəm”.

 Əməkdaşımız müsahibəyə elə hazırlaşırdı ki, sanki döyüşə, kriminal jarqonda desək, “strelka”ya gedir – ya məğlub olacaq, ya qalib gələcək. Gerçəkdən də məsələyə bu prizmadan yanaşılırdı. Həmkarlarımız da, oxucular da ertəsi gün qəzetdə çıxan müsahibəni oxyur, bu cür qənaətlər səsləndirirdilər: “Onu üstələmisən”; “bata bilməmisən” və sair.

 Bu üzdən onun müsahibələri çox zaman qalmaqallı olurdu, siyasi gündəmdə yeni mövzular yaradırdı.

 Bəzən zarafatla ona deyirdik ki, sən MÜSAHİBƏyə getmirsən, MÜBAHİSƏyə gedirsən. Dostumuz gerçəkdən də müsahibə götürdüyü adamların bəziləri ilə ciddi-ciddi mübahisə edir, axırda dalaşıb qayıdırdı.

 Bu trendin axırı yaxşı gəlmədi. Siyasətçilərin bəziləri ona müsahibə verməkdən imtina etdilər, bəziləri müsahibəni yarımçıq saxlayıb onu qərargahdan qovdular (“çıx, qapını o üzdən ört”), bəziləri yola verdi.

 Bir dəfə hətta əməkdaşımızın verdiyi sualların həcmi aldığı cavablardan daha böyük olmuşdu. Onun 3-5 cümləlik, əhatəli sualına həmsöhbəti qısaca “yox, elə deyil”, “bu fikrinizi bölüşmürəm”, “bu sual qarşı tərəfə ünvanlanmalıdır”, “yersiz sualdır” kimi cavablar vermişdi.

 Yuxarıda dediyim kimi, ictimai-siyasi fəallar bu səpkili müsahibələri xoşlayır, bəyənirdilər. Çünki jurnalist onların sevmədiyi, rəqib partiyadan olan siyasətçini “sıxır”, “ifşa edirdi”. Amma elə ki, “sıxılan”, “ifşa edilən” onların öz liderləri olurdu, o zaman ritorika dəyişirdi, deyirdilər, jurnalist NKVD müstəntiqi kimi sual verməli deyil, versə də, aldığı cavabla qane olmalıdır, yoxsa müxbir az qalır diktofonun yanına kəlbətin qoysun.

 Dünən bir jurnalistin Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova sual verib cavab almaq cəhdlərini görəndə istər-istəməz adamın yadına köhnə vaxtlar düşürdü...

Əslində necə olmalıdır? Müsahibə elə bir janrdır ki, sual verənin və o sualı cavablandıranın ortaq mətbu məhsuludur. İkisi əməkdaşlıq edərək ortaya oxunaqlı, maraqlı bir iş çıxarmalıdırlar.

 Ayaqüstü birifinqlərdə isə belə olmalıdır ki, jurnalist sualını adi nəzakət qaydaları çərçivəsində, peşə etikasına riayət edərək verməlidir və məmur da onun sualını eyni qaydada cavablandırmalıdır. Bu zaman sual verən jurnalist ard-arda başqa suallar da verərək, sual vermək növbəsi gözləyən həmkarlarının haqqına girməməlidir.

 Bu da bir gerçəkdir ki, məmurun jurnalistə “sənə nə dəxli var” deməyə ixtiyarı yoxdur. Ən yaxşı halda susa bilər, amma döyüş xoruzu kimi üzə dura bilməz.

 Çünki çox dəxli var, adamın işi budur, bu işi görənlərə əbəs yerə 4-cü hakimiyyət demirlər, ictimaiyyəti maraqlandıran suallara cavab verilməlidir.

 Ancaq jurnalistin də aldığı cavaba qane olmamaq, özünü şübhəli şəxs qismində saxlanan şəxsdən zorla, işgəncə ilə ifadə almaq istəyən müstəntiq kimi aparmaq lüksü yoxdur. Bu ixtiyarı heç rəsmən mühüm işlər müstəntiqinə vermirlər.

 Jurnalist qardaşımızın sual verərəkən ifadələri (“hesab sormaq”) düzgün seçmədiyi də ortadadır, amma fakt odur ki, məmur soydaş da üzrlü səbəbdən düzgün ifadə seçmir. Ona görə ki, bu şəxsdə o cür qabiliyyət heç əvvəldən olmayıb.

 Bayram Səfərova verilən sualın məğzi elə də ictimai-siyasi əhəmiyyət daşımır. Nə dəxli var ki, o, Şuşa şəhərində olub və ya olmayıb. Sualın qoyuluşundan da görünür ki, jurnalist bu sualı məhz Bayram Səfərova “ilişmək”, onun qabalığını xalqa bir daha göstərmək üçün verib.

 Ancaq bu hadisədən sui-istifadə edərək yenidən sosial şəbəkələrdə jurnalistlərin üzərinə yerimək, onların hamısını qeyri-peşəkarlıqda, savadsızlıqda, səriştəsizlikdə ittiham etmək absurddur.

 Ümumiyyətlə, bizim ölkəmizdə jurnalistlərlə bağlı qəribə bir qənaət, betonlaşmış ittiham var, söz sözü gətirən kimi deyirlər: “Onlar sensasiya dalınca qaçırlar”.

 Birincisi, heç də elə deyil. İkincisi, bəs necə olmalıdır ki? Jurnalistin (qəzetin, saytın) işi budur. Qəzetçini sensasiya dalınca qaçmaqda ittiham etmək təxminən futbolçunu top dalınca qaçmaqda suçlamaq kimi bir şeydir. İkisi də öz işini görür. Necə ki futbolçu top dalınca qaçır, onu yaxalayır, jurnalist də sensasiya dalınca qaçaraq onu yaxalamalıdır və buraxılmış boşluqlara, zəif yerlərə qol vurmalıdır.

Xalid KAZIMLI (musavat.com)

 

  






Fikirlər