Sirkin qarşısındakı sui-qəsd cəhdinin izi - İstanbuldakı qətlin hesablaşması...
Martın 10-da Bakı Sirkinin qarşısında iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumla bağlı yeni təfərrüatlar üzə çıxmaqdadır. Hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində 3 nəfərin həbs edildiyi, onlardan birinin Elvin Qasımov adlı şəxs olduğu deyilir. Elvin Qasımov kriminal avtoritet Emin Qasımovun qardaşı olduğu bildirilir. Qeyd edək ki, silahlı hücumda hədəfin kriminal aləmdə Talış Nicat ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir. Bəs, Qasımovlarla Nicat Lənkəranskinin nə əlaqəsi, nə düşmənçiliyi? Musavat.com-un məlumatına görə, ötən ilin oktyabr ayının 25-də İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, “Qardaşoğlu” ləqəbilə tanınan Elnur Qasımov öldürülüb. Hadisə İstanbulun Ataşəhər adlanan hissəsində baş verib. Belə ki, oktyabrın 25-də Ataşəhərə qardaşı oğlu ilə birgə gələn Şərur rayon sakini Elnur Qasımov oradakı binaya daxil olmaq istəyərkən bu zaman onlara yaxınlaşan avtomobildən atəş açılıb. 6 güllədən 4-ü Elnur Qasımova müxtəlif yerlərindən dəyib. Ağır xəsarət alan E.Qasımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. “Qardaşoğlu” Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. Emin Naxçıvanski kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə ötən il həbsdən buraxılıb. Elnur Qasımov Türkiyədən gətirilərək Şərur rayonunda dəfn edilib. Hələ o zaman yerli mediada qətl işində Nicat adlı şəxsin adı hallanırdı, onun Nadir Səlifovun(Lotu Quli) adamı olduğu bildirilirdi. Rövşən Lənkəraniskidən sonra cənub zonasında çox sürətlə məşhurlaşan Nicat Lənkəran şəhərində anadan olub. O “Talış Nicat” və “Boksçu Nicat” kimi də tanınır. Onun boks üzrə ölkə çempionu olduğu haqda da iddialar var. Yerli mətbuatda haqqında gedən məlumatlardan bəlli olur ki, Nicat Lənkəranski əvvəl Rövşən Caniyevin adamlarından biri olub. Bir versiyaya görə, Rövşən Lənkəranksinin qətlindən sonra onun Lotu Qulinin tərəfinə keçdiyi iddia edilirdi. Başqa bir versiyada isə bunun əksi iddia olunur. Bildirilir ki, Rövşən Lənkəraniskidən sonra Nicat Lənkəraniski parçalanmış və dağınıq halda olan “rövşənçiləri” bir araya toplamağa çalışıb. Bu da digərlərinin xoşuna gəlməyib. Nicat Lənkəranskinin adı 2018-ci ilin noyabrında Rövşən Lənkəranskinin daha bir yaxın adamı, Əhmədli Ruslan kimi tanınan avtoritetin yaralanmasında da hallanmışdı. Ruslanın da Lənkərandan olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilirdi. Onun 1 saylı Cəzaçəkmə Müəssəsində məhkumluq həyatı yaşadığı vaxt həm də Pervıy Ruslan kimi tanınmağa başlamışdı. Elə orada da Rövşən Lənkəranskinin "praqon"u əsasında uzun müddət "vəziyyətə baxdığı" barədə kifayət qədər məlumatlar var. 2016-cı ilin yayında isə Rövşən Lənkəranski İstanbulda “qanuni oğru”ların toplantısı keçirərkən Ruslan Əhmədliyə “tacqoyma” mərasimi keçirib. Məlumatda bildirilirdi ki, guya Lənkəranskinin qətlindən sonra Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, “oğru dünyası”nın əsas adamlarından olacaq. Bu iddiaya düşməsi isə kriminal çevrələrdə xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş Ruslana həvalə edilib. Nicat və Ruslanın münasibətləri Rövşən Lənkəranskinin sağlığında heç də pis olmayıb. Bildirilirdi ki, o, 2018-ci ilin noyabr ayının 30-da Nicatı ofisinə çağıraraq, onunla söhbət edib, sonra isə mübahisə ediblər. Bu zaman Nicat üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Onun İstanbulun məşhur xəstəxanalarından birində uzun müddət müalicə aldığı bildirilirdi.