İlham Əliyevin meliorasiya və su təsərrüfatına diqqəti əhalinin maddi rifahının yüksəlməsi ilə nəticələnmişdir
5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günüdür. Qeyd edək ki, Azərbaycanda meliorasiya və irriqasiya işləri keçən əsrin əvvəllərində təşəkkül tapsa da, onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılıb. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi. 2003-cü ildən respublikamıza rəhbərlik edən Prezident cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli və praqmatik siyasəti sayəsində bütün sahələrdə yüksək inkişaf mərhələsinə qədəm qoyuldu.İqtisadi, hərbi və siyasi sahədəki misilsiz uğurlarımız artıq birmənalı şəkildə dünya dövlətləri tərəfindən də qəbul olunur. Ölkəyə rəhbərliyi dövründə respublikamızın, o cümlədən kəndlərimizin sosial-iqtisadi inkişafı və iqtisadiyyatımızın dünyaya inteqrasiyasının təmin edilməsi sahəsində ölkə başçısı İlham Əliyevin göstərişi ilə icrası həyata keçirilmiş və regionların sosial-iqtisadi inkişafını təmin etmiş Dövlət proqramları çərçivəsində görülmüş işlər, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi ilə nəticələnmişdir. Dayanaqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətəqabliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsi məhz bu siyasətin əsasında dayanır. Azərbaycan Respublikasında su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə ölkə başçısı 30 mart 2023-cü ildə müvafiq Fərman imzalamışdır. Fərmana əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Fərmanla müəyyən edilmişdir ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 kilometr suvarma kanalı, 32633 kilometr kollektor-drenaj şəbəkəsi, 1048 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 9578 subartezian və artezian quyusu, 2 min kilometrdən artıq sel və daşqınlardan mühafizə bəndi, 125 min hektar qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar Səhmdar Cəmiyyəti tərəfindən səlahiyyətlərinə uyğun olaraq ölkənin əsas su və su təsərrüfatı obyeklərində su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, alternativ mənbələrdən, o cümlədən təmizlənmiş tullantı və kollektor-drenaj sularından, ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə ilkin olaraq mövcud 22 ədəd hidroqovşaq və suvarma kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasına və layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Hamıya məlum olduğu kimi 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, vətənpərvər xalqımızın dəstəyi ilə 44 gün ərzində ərazi bütövlüyümüz bərpa edildi. Bu zəfərlə biz 20 faiz ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyduq. Qəlbimizdə yüksək qürur hissi yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. İşğaldan əvvəl bu ərazilərdə 9 su anbarı, 7 sututarı, 6426 kilometr suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 8003 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı. 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidənqurulması məqsədilə Tərtər rayonu ərazisində yerləşən, sututumu 5,86 milyon kubmetr olan Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən, sututumu (23 milyon kubmetr) Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən, sututumu (15,5 milyon kubmetr) olan 3 ədəd Köndələnçay su anbarları və magistral kanalların təmir-bərpası və uzunluğu 20,2 kilometr olan Tərtərçay Sol Sahil kanalının yenidənqurulması kimi bir sıra tikinti işlərinə başlanılmışdır. Ötən il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuş və ASC-nin sədri Zaur Mikayılov dövlətimizin başçısına layihələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, aparılmış müvafiq araşdırmalar əsasında layihələrdə nəzərdə tutulan ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su anbarının yaradılması daha münasibdir. Su anbarının hündürlüyü 40 metr, uzunluğu 615 metr olan torpaq bənddən yaradılması nəzərdə tutulub. Nəticə etibarilə Qubadlı və Zəngilan rayonları ərazisində “Dost Aqro” şirkətinin 1900 hektar, “Azərsun” MMC-nin 3300 hektar, “AzərAqrar” şirkətinin 2500 hektar, “Aqrovay” şirkətinin 2700 hektar, “Dost Ziraat Heyvandarlıq” şirkətinin 1700 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaqdır.
Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra işğaldan azad edilmiş infrastruktur layihələrin təmir və bərpasına başlanılmışdır. Görülən işlər çərçivəsində Suqovuşan və Xaçınçay su anbarlarında, bu anbarlardan çıxan beton kanallarda da əsaslı təmir işlərinə başlanıldı. İşğaldan əvvəl Suqovuşan su anbarı 7 rayonun 96 min hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edib. İşğal müddətində Xaçınçay, Ağdamkənd, Köndələnçay və digər işğalda qalan su anbarları kimi, Suqovuşan da baxımsız qalıb. Nəticədə su sızmalarının sayı artıb. Anbarın yenidən təmiri üçün suyun boşaldılmasına başlanılıb. 5,86 milyon kubmetr tutumu olan anbarın suyu Tərtərçaya axıdılır. Anbar boşaldıqdan sonra dibinin lildən təmizlənməsi və yamacının 20 sm qalınlıqda beton üzlüyə alınması həyata keçirilir. Cari ildə Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisindəki Xaçın çayının üzərində inşa olunmuş 23 milyon kubmetr tutuma malik Xaçınçay Su Anbarında da təmir-bərpa işlərinə başlanılmışdır. Anbarın suyu boşaldıqdan sonra dibinin lildən təmizlənməsi və yamacının beton üzlüyə alınması işləri həyata keçirilir. Respublikanın suvarılan torpaqlarının su təminatının və hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması, suvarma normalarının təyin edilməsi, torpaqların şorlaşmasının qarşısının alınması və həyata keçiriləcək zəruri meliorativ tədbirlərin müəyyən edilməsi üçün yeraltı suların səviyyə rejimi və minerallıq dərəcəsi üzərində stasionar rejim-müşahidələrinin aparılması, suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi olduqca vacib məsələlərdən biridir. Bu işlər Cəmiyyətin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi (HGMX və SİMNİ) tərəfindən həyata keçirilir və rejim-müşahidə materialları əsasında dövrü hesabatlar və xəritələr hazırlanaraq meliorativ tədbirlərin görülməsi üçün Cəmiyyətə təqdim edilir. Respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görmək, suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətini və onlarda baş verən dəyişiklikləri öyrənmək, torpaqların şorlaşmasının və bataqlaşmasının səbəblərini araşdırmaq, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmək və onların yaxşılaşdırılması üçün müvafiq tövsiyələr hazırlamaq, səlahiyyətləri daxilində su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsini, hidrotexniki qurğuların təhlükəsizlik və dayanıqlı istismarını, eləcə də su ehtiyatlarının səmərəli istifadəsinə nəzarəti və mühafizəsini təmin etmək Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin (HGMX və SİMNİ) qarşısında mühüm vəzifələr kimi qoyulmuşdur. Bununla əlaqədar olaraq İdarəmiz tərəfindən suvarılan torpaq sahələrini əhatə edən rejim müşahidə quyuları şəbəkəsi vasitəsilə, təlimata uyğun rejim müşahidə və çöl tədqiqat işləri yerinə yetirilir. Çöl tədqiqatı işləri respublikanın 43 inzibati rayonunda, magistral kanallar və kollektorlar üzərində qurulmuş hidrometriya məntəqələrində aparılır. Hazırda HGMX və SİMNİ tərəfindən suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinə və meliorativ sistemlərin texniki vəziyyətinə nəzarət etmək üçün 1443293 hektar suvarılan ümumi torpaq sahəsinin 1348837 hektarında hidrogeoloji-meliorativ xidmətin nəzarəti həyata keçirilir. Nəzarətdə olmayan 94456 hektar torpaq sahələri isə Quba, Qusar, Xızı, Şamaxı, Qobustan, Gədəbəy və işğaldan azad edilən suvarılan ərazilərə aiddir. Hazırda HGMX və SİMNİ hidrogeoloji-meliorativ xidmətin təşkil edildiyi ərazilər faktiki olaraq Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Arazboyu, Qanıx-Əyriçay, Masallı-Lənkəran, Gəncə-Qazax və Samur-Abşeron massivlərinin suvarılan torpaqlarını əhatə edir. Mövcud rejim-müşahidə şəbəkəsi qrunt sularının yatım dərinliyinin və minerallaşma dərəcəsi xəritələrinin tərtib olunmasına, torpaqların meliorativ vəziyitinə nəzarət etməyə, suvarma rejiminin korrektə olunmasına, kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması və meliorativ tədbirlərin effektivliyinin artırılması istiqamətində tədbirlərin hazırlanmasına imkan verir. Suvarma vegetasiya dövrünün davam etdiyi hazırkı vaxtda respublikamızın suvarılan torpaqlarının hidrogeoloji-meliorativ vəziyyəti üzərində apardığımız tədqiqatlarla müəyyən edilmişdir ki, hazırda nəzarətdə olan 1353731 hektar suvarılan torpaqlarının 466505 hektar yaxşı, 766438 hektar kafi, 120788 hektar isə hidrogeoloji-melıiorativ tədbirlər tələb edən ərazilərdir. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996- cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi münasibətilə “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır. Hər il olduğu kimi, bu il də “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı respublikamızda təntənə ilə qeyd olunur. Mən də fürsətdən istifadə edərək bu əlamətdar gün münasibətilə həmkarlarımın hər birini təbrik edir, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsində onlara uğurlar arzulayıram. Saleh SADIQOV, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin rəisi, respublikanın əməkdar mühəndisi.