“Yaxşı olardı, Emin Əmrullayev çıxışında deyəydi ki...” - Deputat şok fakt açıqladı
Elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı edib. Nazir deyib ki, alimlərə siyasi vəzifə vermək düzgün deyil: “Alimlərin statusu vacibdir. Elə şərait yaratmaq lazımdır ki, alim sırf elmlə məşğul olsun. Həmin şəxsə siyasi status, yaxud hər hansı inzibati vəzifə verəndə alim olmur, çünki elmlə məşğul olmağa vaxtı qalmır. Misal olaraq, Əziz Sancar heç yerdə direktor deyil, sırf elmlə məşğul olur. Kənar işlərə, inzibati vəzifələrə meyl etməkdənsə, elmlə məşğul olmaqdan qürur duysun". Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, bir insanın iki vəzifədə çalışaraq uğur qazanmağı mümkünsüzdür: “Alimlər bəzən böyük vəzifələr tutur, həm də kafedralarda kafedra müdiri vəzifəsini daşıyırlar. Zaman-zaman xeyli sayda bu cür insanlar olub. O vaxt universitet rektorları həm də Milli Məclisin üzvü olublar, sonradan bu aradan qaldırıldı. Bir insanın iki sahədə çalışması qeyri-mümkündür. Bu bütün dünyada belədir, elm adamları konkret olaraq elmin arxasınca gedirlər. Əziz Səncər özü qeyd etmişdi ki, o, düz 40 il DNT ilə bağlı araşdırmalar aparıb, sonda kəşfə nail olub. Hətta vaxtilə bir şəxs 20-25 il səfir vəzifəsində çalışıb, sonra qayıdıb universitetə gəlib ki, bu kafedra mənim kafedramdır, vəzifə mənə verilməlidir. Görün, elmdən nə qədər uzaq düşüb ki, elmə bu cür dırnaqarası yanaşma meydana çıxıb”. Dünya təcrübəsindən danışan millət vəkili Avropa ölkələrində elm adamlarının vəzifəyə can atmadığını deyib: “Dünyada Nobel mükafatçılarının böyük əksəriyyəti Amerikada yaşayır, onların hər hansı birinin siyasi vəzifədə çalışdığını görmüsünüzmü? Halbuki onlar konqresə də namizədliklərini verə bilərlər, deyə bilərlər ki, Nobel mükafatı almışıq və bu vəzifəyıə layiqik. Lakin bunu etmirlər. Yaxşı olardı ki, Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyəydi ki, Akademiyanın nəzdində olan institutların direktorları uzun illərdir bu vəzifədədir. Orada 30-40 il eyni vəzifəni daşıyanlar var. Axı elmə yeni nəsil gəlməlidir. Elmin paradiqmaları yenilənir və bir çox hallarda yaşlı nəsil onlarla ayaqlaşa bilmir, yeni texnologiyalara alışa bilmirlər, fiziki baxımdan buna gücləri çatmır. Bu Azərbaycanda sanki ənənəyə çevrilib, çox uzun illər eyni vəzifəni bir nəfər icra edir. Məsələn, bu gün Bakı Dövlət Universitetində bir kafedra müdiri var, 50 ildən çoxdur ki, həmin vəzifədədir, 90-dan çox yaşı var, hələ də vəzifəsinə davam edir. (Araşdırmalarımız zamanı məlum oldu ki, həmin şəxs 94 yaşlı professor Məsumə Məlikovadır. O, 55 ildir ki, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiridir - red) Elmdə bu cür anomaliyalar var. Bu da elmin inkişafına mənfi təsir göstərməklə yanaşı, həm də pis ənənə yaradır. Elm və təhsil naziri bu barədə konkret misallar çəksəydi, yaxşı olardı”.