“Deyirlər, 31 Dekabr peyğəmbərin vəfatı günüdür, bayram etmək olmaz...”
Azərbaycanda bir qisim insanlar Yeni il bayramını qeyd etmək istəmir. Onun xristianlara məxsus olduğunu iddia edirlər. Mövzu ilə bağlı danışan ilahiyyatçı Əkrəm Həsənov “Yeni Sabah”a bir sıra mətləblərə toxunub: “Mən yaşadığımız cəmiyyətdə bütün bayramlarda iştirak edir və qeyd olunmasına müsbət hal kimi baxıram. Ancaq bu məsələni İslam dini baxımından şərh eləməyə çalışacağam. Bəzi xristian məzhəblərinə görə İsa peyğəmbər yanvarın 1-də dünyaya gəlib. Bu, dəqiq deyil. Xristianlar dinlərini təhrif ediblər. Hətta "İncil" də. Daha sonra dörd nəfərin yazdığı "İncil"i saxlayıb digər bütün "incil"ləri yandırıblar. İndi bir az "Quran"a uyğun gələn "Barnaba İncili"dir. Ancaq Yeni ilin qeyd olunub-olunmaması ayrı mövzudur. Bəli, İslam dininə görə yeni ili qeyd etmək adəti yoxdur. Dünyanın bir çox yerlərində müsəlmanlar bu günü qeyd etmirlər. Çünki müsəlmanların qeyd etməsi üçün iki gözəl və böyük bayram müəyyən edilib: Qurban və Ramazan. Bizim cəmiyyətdə 70 illik ateizm dövrünü nəzərə alsaq, sovet dövrünün adətlərini mənimsədiyimiz üçün Yeni il bayram əhval-ruhiyyəsi bizdə qalıb. Buna görə də cəmiyyətdə bununla bağlı təzadlı fikirlər var. Bəziləri bu bayramı qeyd edirlər. Digərləri isə onu bayram hesab etmir. Bu məsələ hər kəsin baxışına görə dəyişir”. İlahiyyatçı bildirir ki, 31 dekabrı Məhəmməd peyğəmbərin dünyadan köçən günü kimi uyduran fırıldaqçılar da var: “İslamda o qədər bidətlər (yeniliklər) ediblər ki, Allah Rəsulunun sözlərini unudulub. Özünü islama nisbət edən məzhəblər iddia edirlər ki, guya 31 Dekabr Məhəmməd peyğəmbərin vəfat günü və İmam Hüseynin şəhadət günüdür. Həmin günlər guya Yeni ili keçirmək olmaz, günahdır. Yeni il sadəcə təqvimdə rəqəm dəyişikliyidir. Yəni 2023 rəqəmi 2024 rəqəmi ilə əvəzlənir. Rəqəm dəyişikliyini qeyd etmək dinimizdə yoxdur. Yeni il keçirmək adəti isə bizə xristianlıqdan keçib. Düzdür, ölkəmiz tolerantdır, müxtəlif dinlərin mənsubları azad və rahat, qarşılıqlı hörmət əsasında yaşayırlar. Bir də nəzərə alınması vacib məsələ budur ki, 70 il biz ateizm mühitində yaşamış, onunla paralel olaraq 70 il xrsitian olan rusların adət-ənənələrini mənimsəmişik. Bu üzdən ənənəvi olaraq bu bayramlar bizdə qeyd edilir. Ancaq 31 Dekabr bizim ölkəmizdə ən yaxşı bir hal kimi qeyd olunur. Həmin gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu günü də hər il qeyd edirik bu ildə öz axarı ilə dövlət səviyyəsində qeyd olunacaq. Bunda dinə zidd heç nə yoxdur. Çünki dində örfə, adətə önəm verilir, əgər həmin örfdə, adətdə dinə zidd olan əməllər varsa, onlar icra olunmur”. Əkrəm Həsənov bildirir ki, bayramlarda kafirlərə bənzəmək, cahillərin bayramlarında iştirak etməklə onların izlədikləri digər yollarla getməyin heç bir fərqi yoxdur: Bu səbəbdən də alimlər deyirlər ki, cahillərin bayramlarında iştirak etməklə onların izlədikləri digər yollarla getməyin heç bir fərqi yoxdur. Yəni əgər sən müsəlmansansa və bu bayramın cahiliyyə bayramı olduğunu bilirsənsə, bundan uzaqlaşmalısan, çünki bayramda cahillərlə olmaq, digər işlərində də cahillərlə olmaq kimidir. Onların bayramlarının hamısını qəbul etmək onların küfrünü qəbul etmək deməkdir. Onların bayramlarından bir qismini qəbul etmək, onların küfrlərindən bir qismini qəbul etmək deməkdir".