Pensiyalar 1700 manat olacaq? – “Dövlətin kifayət qədər sərvəti var”
“Prezidentliyə namizədliyini verən şəxslərin vədlərində, sözsüz ki, populizm mövcuddur. Yəni onlar şişirdilmiş vədlər də verilə bilər. Lakin Azərbaycanda pensiyaların minimum məbləğini 1700 olmasa da, 700-800 manata çatdırmaq mümkündür ki, bunu da mərhələli şəkildə həyata keçirmək olar”. Bu sözləri Yenisabah.az-ın suallarını cavablandırarkən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O, prezidentliyə namizəd Razi Nurullayevin pensiyalarla bağlı açıqlamasına münasibət bildirib. Xatırladaq ki, partiya sədri seçki platformasından danışarkən bəyan edib ki, əgər o, prezident seçilsə, pensiyaları minimum 1700 manat edəcək. Məsələyə münasibət bildirən A. Nəsirlinin sözlərinə görə maaş və pensiyaların artması Azərbaycan iqtisadiyyatının xarakterinə uyğun olaraq, dərhal qiymətlərin də artmasına səbəb olur: “Qiymətlərin artması ilə də artırılan məvaciblərin nominal dəyərinin real dəyəri itir. Ona görə də, ilk növbədə, maaş və gəlirləri artırmaq barədə düşünməzdən əvvəl bazar iqtisadiyyatı prinsiplərinin hamısını ölkədə bərqərar etmək lazımdır. Bu olarsa, pensiyaların artması mümkündür. Azərbaycan dövlətinin pensiyaçılar üçün kifayət qədər sərvəti var və onların təqaüdünün artırılması üçün ayrılmalar həyata keçirə bilər. Norveçi misal gətirsək, bu məsələ aydınlaşacaq. Norveçdə Dövlət Pensiya Fondu var və vətəndaşların pensiyası həmin fonddan maliyyələşir. Digər dövlət dəstəyi isə xırda xarakter daşıyır. Yəni dövlət bu məbləğin saxlanılmasını təmin etməyə çalışır. Lakin hər ilin yanvar ayında pensiyalar orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir”. A.Nəsirlinin sözlərinə görə, Azərbaycan təqaüdçilərə yalnız dövlət dəstəçi olur, başqa dəstəkçi yoxdur: “Hazırda əmək qabiliyyətli əhali işləyir və pensiyaçıları saxlayır. Bu, qaneedici səviyyədə deyil. Çünki Azərbaycanda rəsmi iş yerlərinin sayı azdır. Normal ölkələrdə hər bir pensiyaçıya 3 rəsmi işçi sayı düşürsə, Azərbaycanda 1 pensiyaçıya 2 işçi düşür. Elə ölkələr var ki, bu rəqəm 5-6 nəfərə qədər gedib çıxır. Bu məsələdə ya dövlət Norveç sistemi kimi təminat verməlidir, ya da digər ölkələrdəki kimi əmək qabiliyyətli əhalinin sayı çox olmalıdır ki, pensiyaçılar özlərini 1 ayın ərzində dolandıra biləcək təqaüd alsınlar. Təəssüf ki, bir tərəfdən, Azərbaycanda 1 pensiyaçıya düşən işçi sayı kifayət qədər deyil, digər tərəfdən, dövlət bu məsələyə kifayət qədər dəstək vermir. Buna görə təqaüd məbləği kiçikdir. Əksər ahıl adamları övladları və qohumları saxlayır. Onlar olmazsa, pensiyaçılar küçədə dilənər. Ölkədə, namizədlər qarışıq, hamı xalqın yaralı yerini bilir. Odur ki, bu barədə danışırlar. Əslində, indiki sistemdə pensiya və maaşların yüksək dərəcədə qaldırılmasının əhəmiyyəti yoxdur. Çünki pensiya və əməkhaqqı qalxanda avtomatik olaraq istehlak qiymətləri də yüksəlir. Rəqabət mühiti yaradılmalıdır. İnhisarçılıq aradan qaldırılmalıdır ki, inhisarçılar qiymət artımı hesabına əhalinin ciblərindəkini yeməsin. Rəqabət mühiti, əslində, bazar iqtisadiyyatının ürəyidir. İnhisarçılıq isə onu öldürən vasitə. Azərbyacanda öldürən tərəf daha çoxdur”.