Azərbaycanda özəl pensiya fondları niyə yaradılmır?
Bu gün əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir. Amma Azərbaycanda hələ də bu sahədə irəliləyiş yoxdur. Halbuki özəl pensiya fondları vətəndaşa pensiya yaşına çatdıqda, yalnız dövlətdən deyil, özəl pensiya fondlarından da pensiya almağa imkan verir. Bu əsasda isə pensiyaya çıxan şəxs aldığı pensiyanın məbləği də yüksək olur. Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bildirib ki, 2006-cı ildə ölkədə pensiya islahatlarına başlananda, həyata keçirilən layihədə özəl pensiya fondlarının da yaradılması nəzərdə tutulurdu. Amma 2017-ci ildə pensiya qanunvericiliyinə dəyişiklik edildikdən sonra həm pensiya təminatının prinsipi dəyişdi, həm də özəl pensiya fondlarının yaradılmasına gedən yol qapadıldı: “Özəl pensiya fondlarının fəaliyyət göstərdiyi ölkələrdə pensiyanın ödənilmə prinsipi ölkəmizdə olduğu kimi deyil. Belə ki, Azərbaycanda əmək qabiliyyətli insanlar işləməklə pensiyaçıları saxlayır. Ölkəmizdə dövlət sosial müdafiə fonduna ödənilən sosial sığorta hesabına pensiyaçıların pensiyası təmin edilir. Özəl pensiyaların mövcud olduğu ölkələrdə isə prinsip başqadır. Hər kəs əmək fəaliyyəti dövründə özü üçün şəxsi hesabına pensiya kapitalı yığır. Özəl pensiya fondları həm də dövlət pensiya fondlarına nisbətdə daha səmərəli fəaliyyət göstərir”. Ekspertə görə Azərbaycanda əmək bazarının normal şəkildə formalaşmaması da özəl pensiya fondlarının yaradılması yolunda əngəldir: “İş qabiliyyətli əhalinin 60-70 faizi qeyri-leqal işlə məşğuldursa, deməli onun sosial sığorta fondları ilə əlaqəsi olmur. Özəl pensiyanın fəaliyyəti üçün əmək bazarı da vacibdir. İş yerləri genişləndirilməlidir. Sahibkarlıq fəaliyyəti də genişlənməlidir ki, əmək qabiliyyətli insanların seçim imkanları geniş olsun. Bu problemlər həll olunmadan Azərbaycanda özəl pensiya fondlarının yaranması mümkün deyil”.