Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusunun açılışı olub

Image

İyulun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində yeni tikilən korpusun açılışı olub.

Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ATİAHİ RK-ya üzv təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

AHİK sədri binaya baxış keçirib. Bildirilib ki, üçmərtəbəli korpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si 3 nəfərlik, 33-ü isə 5 nəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təchiz olunub.

Konfederasiya sədri istirahət mərkəzinin ərazisində yeni tikilmiş 2 kotecin də açılışını edib. Məlumat verilib ki, koteclər ikimərtəbəlidir və hər kotec 10 nəfər üçün nəzərdə tutulub (ümumilikdə 20 nəfər). Koteclərdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün hər cür zəruri şərait yaradılıb.

Bunlardan başqa, mərkəzin ərazisində istirahət edənlərin çimib sərinləməsi üçün daha bir hovuz tikilib. İki hissədən ibarət olan hovuz böyüklər və uşaqlar üçün nəzərdə tutulub. Hovuz vaxtaşırı təmizlənib dərmanlanır, xlorlama və dezinfeksiya əməliyyatları aparılır.

Həmçinin istirahət məkanının yeməkxanası və mətbəxi yenidən təmir olunaraq genişləndirilib. İstirahətdə olanlar burada milli və Avropa mətbəxlərinin müxtəlif təamlarından dadırlar.

Yeni tiklilərlə tanışlıqdan sonra Konfederasiya sədri Səttar Möhbalıyev istirahət mərkəzinin ərazisini gəzib, korpus otaqlarına və kotteclərə baxıb, ittifaq üzvlərinin dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub. Həmçinin sədr mərkəzdə dincələn insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib. AHİK sədri mərkəzin rəhbərliyinə texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunması barədə tapşırıqlarını verib.

Sonda AHİK sədri Səttar Möhbalıyev jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, 2013-cü ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatə edir: “Buraya yeni tikililərlə birlikdə üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət edə bilir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir”.

Səttar Möhbalıyev əlavə edib ki, təhsil işçilərinin, eləcə də həmkarlar ittifaqlarının bütün üzvlərinin səmərəli və mənalı istirahəti üçün bundan sonra da müvafiq addımlar atılacaq.

       

 






Fikirlər