YENİ REKTOR TƏYİN OLUNDU - Əminağa Sadıqov kimdir? + DOSYE

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub.

"AzerTaym.az" bildirir ki, bu barədə məlumatı Elm və Təhsil üzrə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təsdiqləyib.

Bildirilib ki, bu vəzifəyə Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov təyin edilib.

Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olub. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul edilib, 1985-ci ildə adı çəkilən universiteti bitirib. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini alıb. 

2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilib.

1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilib. 2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində işləyib. 12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin olunub.

Əminağa Sadıqov 190 elmi əsərin, o cümlədən 4 elmi monoqrafiyanın, 6 kitabın, habelə 2 patentin və 2 ixtiranın müəllifidir.

Ana dilindən başqa ingilis, rus, türk və ukrain dillərini bilir.

Evlidir, 1 qızı və 2 oğlu var.






Fikirlər