AMEA-nın yeni prezidenti kimdir? – Bir oğlu general, digəri Baş Nazirin...

AMEA-nın yeni prezidenti kimdir? – Bir oğlu general, digəri Baş Nazirin...

Xəbər verdiyimiz kimi, İsa Əkbər oğlu Həbibbəyli bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.

“Yeni Sabah” xəbər verir ki, İ. Həbibbəyli 16 oktyabr 1949-cu ildə Şərur rayonunda anadan olub. O, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvüdür.

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb.

2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.

III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olub. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə təhsil alıb (1974–1978). "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusunda namizədlik (1980), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri"  mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2001-ci ildə AMEA-nın müxbir üzvü (ixtisasın adı: Azərbaycan ədəbiyyatı) , 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü (ixtisasın adı: Ədəbiyyatşünaslıq) seçilib. 2001-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

2006-cı ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunun akademiki seçilib.

89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir.

29 elmlər namizədi, 4 elmlər doktorunun elmi rəhbəri olub.

12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir.

Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunub.

İsa Həbibbəylinin 2 oğlu, bir qızı var. Onların üçü də yüksək vəzifədə çalışır.

Oğlu Səhət Həbibbəyli 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. O, gömrük xidməti general-leytenantı rütbəsini daşıyır.

Digər oğlu Ərəstü Həbibbəyli Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi vəzifəsini və Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini daşıyır. 

Qızı Günay Mənsimova Xırdalan şəhər 1 saylı Notariat Kontorunun rəisi vəzifəsini tutur.






Fikirlər