Nazir: "ŞAHDƏNİZ”də QAZ hasilatı artacaq"
“Cənub Qaz Dəhlizi işə düşəndən sonra “Şahdəniz” yatağında qaz hasilatı artacaq”. AzerTaym.az xəbər verir ki, bunu bu gün IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?” mövzusunda paneldə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. Cənub Qaz Dəhlizi, Azərbaycanın alternativ və bərpa olunan enerjiyə verdiyi önəm barədə danışan nazir deyib ki, Avropaya qazın çatdırılmasında heç bir problem görmür. Latviyanın paneldə iştirak edən sabiq prezidenti Valdis Zatlers bildirib ki, enerji resurslarının diversifikasiyası mühüm əhəmiyyət kəsb edir: “Müxttəlif istiqamətlərdən Avropaya neft, qaz kəmərlərinin çəkilməsi vacibdir. Neft və qazdan əlavə Günəş, külək və digər alternativ enerji mənbələrindən də istifadə edilməlidir. Bəzən bildirilir ki, Günəş, külək enerjisi daha baha qiymətə başa gəlir, neft və qaz ucuz başa gəlir. Alternativ enerji mənbələrindən enerji əldə edilməsi ilə bağlı yeni texnologiyalar tapılmalıdır ki, vəziyyəti dəyişmək mümkün olsun. Hazırda dünyada neftin qiymətləri çox aşağıdır. Bu, neft istehlak edən ölkələr üçün yaxşıdır. Lakin neft hasil edən ölkələr də nəzərə alınmalı, qiymətlərdə bir balans yaradılmalıdır”. Serbiyanın sabiq baş naziri Mirko Cvetkoviç deyib ki, neftin qiymətləri həm istehsalçı, həm istehlakçı ölkələr üçün balanslı şəkildə olmalıdır: “Əvvəllər Serbiya büdcəsinin əhəmiyyətli qismini enerji daşıyıcılarının alınmasına ayırırdı, indi bu göstərici aşağı düşüb. Qiymətlər arasında bir balans olmalıdır. Biz qiymətlərdə neqativ disbalansın olmasını da istəmirik”. Nigeriyanın təhsil üzrə sabiq federal naziri Obiaqeli Ezekvesili alternativ və bərpaolunan enerji mənbələrinin inkişafının vacib olduğunu söyləyib.