Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Balakən rayonunda davam etdirilib.
Nazirliyin sifarişi əsasında rayonda inşa olunan fərdi yaşayış evlərindən tikintisi başa çatmış 2 ev növbədə olan Qarabağ müharibəsi əlillərinə - Rəhimov Aydəmir Ağabəy oğluna və Layıcov Ceyhun Əsədulla oğluna təqdim olunub.
Bu barədə musavat.coma ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərindən bəhs edib, mənzillə təmin edilənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. S.Müslümov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə keçən il əvvəlki illə müqayisədə 61,5 faiz çox, yəni 281 mənzil verildiyini qeyd edib: “Cari il ərzində də ötən illə müqayisədə daha çox şəxsin mənzillə təmin edilməsi nəzərdə tutulur. Bu ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzili yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş 53 mənzil, 20-dən artıq rayonda 96 ədəd fərdi yaşayış evi, ümumilikdə 203 ədəd mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub”.
Bu vaxta qədər nazirliyin xətti ilə 5435 nəfər əlil və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirən nazir onların 91 faizinin məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri olduğunu, digərlərini İkinci Dünya müharibəsi, Çernobıl AES əlilləri və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillər təşkil etdiyini diqqətə çatdırıb: “Bununla yanaşı, nazirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilən 55,4 mindən çox şəxsin 47 faizi və ya 26 min nəfərə yaxını ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlar və şəhid ailələridir. Onların böyük əksəriyyəti həmin təqaüdlərlə yanaşı, əmək pensiyası, qalan hissəsi isə sosial müavinətlərlə təmin edilirlər. Bütün bu sosial ödənişlərin mütamadi olaraq artırılması da təmin edilir. Cari ilin fevral ayından onlarda növbəti artım həyata keçirilib”.
S.Müslümov Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin pensiya təminatı sahəsində də müəyyən güzəştlərinin olduğundan bəhs edib, onların uşaqlarının aylıq sosial müavinətlə təmin edildiyini bildirib: “Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarının təhsilinə də xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən, onların respublikamızın ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”. Nazir sözügedən insanların bərpa müalicəsinin təşkili yönündə tədbirlərə də toxunub: “Nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsi, eləcə də ölkə xaricində ixtisaslaşmış bərpa müalicəsi təşkil edilənlərin, yaz-yay mövsümündə sağlamlıq istirahət mərkəzlərinə göndərilənlərin də bir hissəsi məhz Qarabağ müharibəsi əlilləridir”.
Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlillərinə bu münasibətlə xoş arzularını ifadə edən S.Müslümov onların və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsinə yönələn işlərin qarşıdakı dövrdə də davam etdiriləcəyini vurğulayıb.
Qarabağ müharibəsi əlilləri A.Rəhimov və C.Layıcov onların rifah halının yaxşılaşdırılması yönündə aparılan mühüm işlərə, hazırda isə yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Fikirlər