“Biri BIÇAĞI qarnına soxdu, biri qolunu doğradı…” – “VOSMOY BAZARI”na qəfil basqın

vasmoy

Təxminən üç həftə əvvəl Bakının ən ucuz və eyni zamanda ən kriminallaşmış bazarı hesab edilən, xalq arasında “Vosmoy bazarı” kimi tanınan 8-ci kilometr Ticarət Mərkəzində yüzlərlə ticarətçinin piştaxtaları dağıdılıb.

Virtualaz.org xəbər verir ki, bu Ticarət Mərkəzi ilə “Ramal” Ticarət Mərkəzini ayıran küçə boyu sağda-solda uzun illərdir fəaliyyət göstərən piştaxtaları dağıdaraq ticarətçiləri küçəyə atıblar. Təxminən 300-ə yaxın piştaxtanın dağıdıldığı, malların küçəyə səpələndiyi, ticarətçilərin isə döyüldüyü bildirilir.

Bazardan qovulan  ticarətçilər bir müddət əvvəl etiraz əlaməti olaraq Nizami Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd etsə də, polis aksiyanı dağıdıb.

Bu bazarda baş verənləri yerində araşdırmaq jurnalist üçün  elə də asan məsələ deyil. Əvvəllər də müxtəlif mövzularla bağlı “Vosmoy bazarı”ından reportajlar hazırlamışıq və hər dəfə də özümüzü bazarda yox, sanki hansısa qapalı hərbi bazada hiss etmişik. Əlində mikrofon, diktafon, yaxud fotokamera olan kimsə bazarın ərazisinə daxil oldusa dərhal kriminal görkəmli mülki geyimlilər tərəfindən təqib başlanır. Bazarda çəkiliş aparmağa, ticarətçilərlə söhbətləşməyə əngəl yaradılır. Ticarətçilər də “başlarının ağrımaması üçün” danışmaq istəmir, adlarını deməkdən imtina edir  və fotolarının çəkilməsinə icazə vermir.

İndi də belə oldu və bazarda təxminən üç həftə əvvəl baş verənlər barədə ticarətçilərdən bir-ikisini danışmağa razı sala bilmək üçün çox dilə tutmalı olduq.

Obyekti sökülən şəxslərin virtualaz.org-a bildirdiklərinə görə, hələ də bazarda gərgin ab-hava var. Ticarət mərkəzi polis əməkdaşlarının xüsusi nəzarəti altındadır. Onlara obyekti sökülən ticarətçiləri bazara buraxmamaq tapşırığı verilib.

“Təxminən 20 gün öncə 300-ə yaxın adamı bazardan qovub çıxarıblar. Qəfil hücum çəkdilər. Deyirdilər yolu genişləndiririk, təmizləyirik, çıxın. Vəd verirlər ki, guya “Neftçilər” metrosundan bazara qədər ərazidə yaşıllığı qırıb tikdikləri yeni ticarət obyektində bizə yer verəcəklər. Hələ orada tikinti gedir, neçə ilə başa gələcəyi də bəlli deyil. Biz bilirik ki, bu yalandır, heç kimə orada obyekt verilməyəcək. Əsl məqsədləri nədir bilmirik. Bilmirik yuxarıda – bazar rəhbərliyində kimə pul çatmır. Burada camaata zülm edirlər, 1 manat çörək puluna görə süründürürlər. Hətta həyatından bezib canına qıyanlar da olub. Bir nəfər qollarının damarlarını doğrayıb, biri də bıçağı qarnına soxub intihar etmək istəyib”, – deyə ticarətçilərdən biri adının çəkilməməsi şərtilə bildirir.

Mənbəmiz bildirir ki, bazarın digər tərəfində küçə boyu cərgələnmiş piştaxtaların, dükanların da  söküləcəyi haqdabağlı xəbərlər gəzir. Ticarətçilər deyirlər ki, onlar hər an küçəyə atılmaq qorxusu ilə yaşayırlar.

Bu bazarın çölündə ötən ilin oktyabrında da bir neçə piştaxta sökülmüşdü. Onlardan bəziləri bazarda özlərinə yer tapa bilsə də, onların ödədikləri icarə haqqı qaldırılıb: “Bəzilərimiz yer tapmışıq, amma “yer pulu”nu qaldırıblar. Əvvəl yerimiz böyük idi, 15 manat icarə pulu verirdik. İndi gətirib bizi balaca bir yerə yerləşdiriblər. Gündə 20 manat pul veririk. Dərdimizi heç kimə deyə bilmirik, eşidən yoxdur. Pulumuzu da alırlar, canımızı da alırlar…”, – piştaxtası sökülən şəxs bildirir.

Həmsöhbətimiz həmçinin bildirir ki, piştaxtaları dağıdanda ticarətçilərə qarşı qadın-kişi demədən zorakılıq edilib.

“Təpiklə camaatın malını vurub dağıtdılar. Bir qadın yalvarırdı ki, dəyməsin, yığışıb getmək üçün bir-iki gün vaxt versin. Nə yaşına hörmət qoydular, nə vəziyyətini nəzərə aldılar. Təpiyi vurub bütün satdığı malları tökdülər palçığın içərisinə. Yazıq ağlaya-ağlaya palçıqdan geyimləri yığıb getdi…” – həmsöhbətimiz danışır.

Hazırda bazardan çıxarılanlar işsizdir, ailələrinə gündəlik çörək pulu aparmaq imkanından məhrum olublar. Onlar ölkə rəhbərliyinə müraciət edib kömək istəməyə hazırlaşırlar.

Xatırladaq ki, ötən il oktyabrında da bazarda ticarətçilərlə rəhbərlik arasında böyük qarşıdurma olmuşdu. Xırdavat və geyim alveri ilə məşğul olan 350-yə yaxın ticarətçini zorla işlədikləri yerdən çıxararaq mallarını bazarın arxasındakı boş əraziyə daşımışdılar. Sonra obyekti sökülən şəxslərin təxminən yarısı öz yerlərinə qaytarılsa da, qalanlar bazarı tərk etməli oldu.






Fikirlər