Bayılla bağlı yeni qərar - BU GÜNDƏN...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar - topoqrafik reperlər quraşdırmağa başlayacaq. “AzerTaym.az”xəbər verir ki, bunu Trend-ə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, ərazidə üfüqi hərəkətləri izləmək üçün müşahidə nöqtələrində bir necə reper quraşdırılacaq. Bu cihazlar vasitəsilə ərazidəki kiçik tərpənişləri belə qeydə almaq mümkün olacaq. Ə.Qaralov bildirib ki, hazırda Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində vəziyyət stabildir, ciddi aktivləşmə qeydə alınmayıb. Qeyd edək ki, indiyədək ərazidə tədqiqatların aparılması üçün mayaklardan istifadə edilirdi. Lakin mayaklar Yer səthində çox kiçik tərpəniş olan kimi çatlayırdı.