BAYIL Zonasında- “SÜRÜŞMƏ aktiv fazadadır”
Son günlər yağan yağışdan sonra Bayıl sürüşmə zonasında torpaq qatı ağırlaşıb. Bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək təhlükəlidir: “Ərazidə çoxsaylı, onlarla çat var. Çatlarda kiçik dəyişiklik olsa belə onu müşahidə etmək mümkünsüzdür”. Əziz Qaralov Trend-ə deyib ki, dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında – Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb.
Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: “Dünən və bu gün atmosfer yağıntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik”. Ə.Qaralov bildirib ki, sürüşmə sahəsində torpaq qatının daha da ağırlaşması sürüşməyə səbəb olan amillərdən biridir: “Torpaq qatının ağırlaşması təhlükəni bir az da artırır. Atmosfer çöküntüləri normadan artıq olanda qrunt bir az ağırlaşır, nəticədə yamac boyu, relyefə uyğun olaraq, süxurlar arasında ilişmə qüvvəsi itdiyinə görə o, hərəkət edir. Bu da sürüşməyə səbəb olan amillərdəndir. Hazırda burada kütlənin üzərində o qədər çat var ki, onlardakı artımları gözlə müşahidə etmək artıq mümkün deyil”.
Ə.Qaralov qeyd edib ki, mütəxəssislər ərazidə gündəlik araşdırmalar aparır: “Proses davam edir, sürüşmə aktiv fazadadır. Ərazidə sakin yoxdur”.