AFFA İntizam Komitəsi tanınmış futbolçu, hazırda "Baku Fans” futzal komandasının formasını geyinən Aqşin Ömərovu cəzalandırıb.
AzerTaym.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ömərov ötən il dekabrın 27-də futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Bu səbəbdən, futzalçı 2 il müddətinə futboldan kənarlaşdırıb.
Matç sonadək oynanılmadığına görə "Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, Aqşin Ömərov futbolçu karyerası ərzində "Xəzər Universiteti" (sonradan "İnter", hazırkı "Keşlə”), "Simurq” və "Muğan" kimi komandalarda çıxış edib.