BU GÜN “ÖLÜM OYUNU” MEYDANA ÇIXIR...

C və D qrupunda ilk oyunlara start veriləcək; Argentinanın ulduzları İslandiyaya qarşı   

Bu gün C və D qrupunda da ilk oyunlara start veriləcək. Saat 17:00-da Fransa-Avstraliya oyunu başlayacaq. Daha bir oyunun start fiti saat 20:00-da olacaq. Bu görüş Peru və Danimarka milliləri arasında olacaq

Fransa güclü, Avstraliya iddialıdır

20 il əvvəl-1998-ci ildə ölkələrində keçirilən dünya kuboku uğrunda mübarizədə qalib olan fransızlar bu mundiala ümidli gəliblər.

Fransa indiyədək Avstraliya ilə dörd dəfə qarşılaşıb. Avstraliya beşinci dəfədir ki, mundiallara qatılsa da, fransızlarla güclərini ilk dəfə sınayacaqlar. Buna qədər onlar müxtəlif turnirlərdə qarşılaşıblar. Yalnız 2001-ci ildə Melburnda keçirilən yoldaşlıq görüşündə tərəflər sülh bağlayıb. Digər qarşılaşmalarda fransızlar üstün olublar.  Sonuncu dəfə Avstraliya qapısında 6 cavabsız top buraxıb. Bu 2013-cü ildə Fransada baş tutan yoldaşlıq görüşündə olub.        

Fransa-Avstraliya DÇ 2018 ile ilgili görsel sonucu

Heç şübhəsiz, “xoruz” ləqəbli Fransa millisi bu  qrupun ən təcrübəli komandasıdır. Avro-2012-dən sonra komandaya rəhbərlik edən Didye Deşam Rusiya mundialına iddialı gəldikləri gizlətmir. Antuan Qrizmann, Kilyan Mbappe, Usman Dembele və Florian Toven kimi hücumçuları olan Fransa milisi bu mundialda irəli gedə bilər. 

Yeri gəlmişkən, Fransa millisi mundialın qalibi olacağı təqdirdə, oyunçuların alacağı mükafat müəyyənləşib. Yığma DÇ-2018-in kubokunu qazansa,  hər oyunçuya 300 min avro mükafat veriləcək. Əgər onlar finalda uduzsalar, 280 min avro, yarımfinalda mübarizəni dayandırsalar, 150 min avro qazanacaqlar. Şair yaxşı deyib6 “Arzuya bax sevgilim…” Qrup mərhələsi başa çatadıqdan sonra Fransanın hansı məbləğə iddia etdiyini demək olar. Çünki uzaq Avstraliyadan gələn futbolçular da mundialda turist hesab etmək olmaz.

Səudiyyə Ərəbistanının mundiala vəsiqə qazanmasını təmin edən holland mütəxəssis  Bert van Marveyk  2018-ci ilin yanvarında Avstraliya yığmasının baş məşqçisi təyin olunub. Bu, onun üçün yığmada ilk böyük sınaqdır.  

Avstraliyanın müdafiə xəttində oynayan Trent Seynsberi deyib ki, Fransa millisinin oyunçulardan bir neçə  komanda yaratmaq olar. “Biz öz şansımızı axtarmağa çalışacağıq. Bilirəm ki, Fransa milisinin ulduz hücumçusu Antuana qarşı oynamalıyam və bu çətin olacaq. Amma futbol komanda oyunudur və ümid edək ki, yaxşı nəticəyə nail ola biləcəyik”.  Qeyd edək ki, Avstraliya millisinin Tim Kehill,  Mettyu Leki və Daniel Arzani kimi perspektivli hücumçular var.

Komandanın qapıçısı Rayan Mettyu isə deyib ki, Fransa millisinə qarşı oynamaq çətin olacaq, amma onların da bu cür nüfuzlu komandalara qarşı oynamaq təcrübəsi var: “Biz Braziliyaya, Hollandiyaya və Çili kimi komandalara qarşı oynamışıq. Bu təcrübə Fransa ilə qarşılaşmada bizə motivasiya olacaq. İnanırıq ki, yaxşı oyun nümayiş etdirərək, meydanı başıaşağı tərk etməyəcəyik”.

Peru-danimarka DÇ 2018 ile ilgili görsel sonucu

Peru, yoxsa Danimarka?

Peru və Danimarka yalnız bir dəfə rəsmi görüşə çıxıblar. 1997-ci ildə ABŞ Kuboku yarışında Danimarka millisi rəqiblərinə 1 top fərqlə qalib gəliblər.(2:1).

Peru millisi də  5-ci dəfədir ki, mundialda gücünü sınayacaq. Sonuncu dəfə 1982-ci ildə mundialda iştirak edən milli komanda ən mötəbər futbol turnirinə həsrət qalıb. 36 il sonra isə yenidən dünya çempionatına qayıdıblar.

Komandanı mundiala 60 yaşlı argentinalı Rikardo Qareka hazırlayıb. Püşkatmadan sonra açıqlama verən Qareka deyib ki, mundialda asan rəqib axtarmaq lazım deyil. Onun sözlərinə görə, Perunun “ölüm qrupu”na düşdüyünü zənn etmir. “Bir də görürsən ki, asan görünən rəqib çətin, çətin görünən isə asan rəqib olur. Bu səbəbdən də yaxşı oynamaq əsas şərtdir” deyə, o bildirib.

Danimarka sonuncu dəfə  2010-cu ildə DÇ iştirakçı olub.  Millinin heyəti çox gənc olmasa da, perspektivli futbolçulardan ibarətdir. İdman şərhçiləri yazır ki,  Rusiyaya ən güclü heyətlə gələn komanda bu qrupda Fransada sonra ikinci yerə ən şanslı namizəddir.  Danimarka millisi də mundiala bugünkü rəqibləri kimi   əlavə matçda İrlandiyaya böyük hesablı qələbə sayəsində vəsiqə əldə edib.

Bukmeykerlər Perunun şansını bu oyunda yüksək qiymətləndirmirlər, oyunun heç-heçə bitəcəyi də gözlənilən proqnozlar sırasındadır.  

Argentina İslandiya DÇ 2018 ile ilgili görsel sonucu

Argentina ulduzları İslandiyaya qarşı   

Bu gün D qrupunda da ilk qarşılaşmalar olacaq  Saat 17: 00-da Argentina və İslandiya meydana çıxacaq. Saat 23:00-də  isə Xorvatiya – Nigeriya milliləri üz-üzə gələcəklər.

Yadınızdadırsa, bu  qrup “ölüm qrupu” kimi qiymətləndirilir və ilk qarşılaşmalarda iddiaların nə qədər real olduğunu görə biləcəyik.

Argentina və İslandiya təbii ki, heç vaxt mundiallarda qarşılaşmayıblar. Çünki İslandiya ilk dəfədir ki, dünya çempionatında iştirak edir. Buna baxmayaraq, qrupdakı  komandalar bir-birini yaxşı tanıyır. Məsələn, Argentina və Nigeriya Braziliyada mundialında bir qrupda yer alırdılar. İslandiya da seçmə mərhələdə qrupda Xorvatiya ilə birgə mübarizə aparırdı. 

Argentina mundialın favoritləri sırasında ilk beşlikdədir.  1986-cı ildə dünya çempionluğunu bayram etmiş Argentina millisi uzun illərdir ki, mundialı əsas mükafatsız tərk edir. 2014-cü ildə finalda oynasalar da, Argentina mundial boyu istənilən parlaq oyun nümayiş etdirmədi. Yaddan çıxarmayaq ki, rəqibləri İslandiyadan fərqli olaraq bu çempionata zorla vəsiqə qazandılar.

Millinin baş məşqçisi Xorxe Sampaolinin ixtiyarında dünyanın ən yaxşı oyunçuları cəmlənib. Müdafiədə Markos Roxo,  Nikolas Talyafiko, yarımmüdafiədə  Xavyer Maskerano, Anxel Di Mariya, Covanni Lo Selso, hücumda Lionel Messi, Qonsalo İquain, Paulo Dibala…Tərəzinin bir gözünə debütant İslandiyanı qoyun bir də bunları…Adamı soyuq tər basır.  

Seçmə mərhələdə keçirdiyi 10 oyunun 7-də qələbə qazanan İslandiya millisi isə mübariz komandadır və bu gün Argentinaya ciddi başağrısı yarada bilər. Hətta qalib də gələ bilər. Komandanın baş məşqçisi Heymir Hadlqrimsson bir neçə ildir ki, millidə çalışır. Avro-2016-dan sonra komandanın baş məşqçisi odur və uğuru göz önündədir. Argentinanı bu gün çətin sınaq gözləyir, nəinki rəqiblərini... 

Nigeriya Xorvatiya DÇ 2018 ile ilgili görsel sonucu

Nigeriya “qoca” Xorvatiyaya sürpriz edə bilər  

Xorvatiya-Nigeriya qarşılaşması da bu gecə azarkeşlərə həyəcanlı anlar yaşatmağı vəd edir. Bu komandalar tarixlərində ilk dəfədir ki, yaşıl meydanda rəqib olacaqlar. 

Xorvatiya beşinci dəfədir dünya çempionatına qatılsa da, stabil oyun nümayiş etdirmir. Dünya çempionatlarında ilk dəfə 1998-ci ildə iştirakçı olan Xorvatiya millisi üçüncülük əldə etdi və bununla da hər şey bitdi.  2002, 2006, 2014-cü illər mundialında da  Xorvatiya uğursuz çıxış etdi. Xorvatiya Rusiya mundialına ən sonda vəsiqə qazanan komandalar sırasındadır. Pley-off mərhələsində Xorvatiya Yunanıstanı mübarizədən kənarlaşdırdı. Komandanın heyətində də Domqaoy Vida,  Deyan Lovren , Luka Modriç, Mateo Kovaçiç, İvan Rakitiç, Mario Mandjukiç  kimi ulduz futbolçular yer alır.   

Nigeriya Xorvatiya DÇ 2018 ile ilgili görsel sonucu

Nigeriya isə seçmə mərhələdə öz qrupunda lider olub və Afrika qitəsindən Rusiyaya ilk vəsiqəni onlar qazanıblar.  Nigeriya 2014-cü il mundialında qrup mərhələsini adlaya bilsələr də  1/8-i Fransa onları mübarizədən kənarlaşdırdı. Nigeriya millisində rəqibləri kimi ulduz futbolçu yoxdur.

Milliyə cəlb olunmuş futbolçuların bəziləri Türkiyənin ortabab komandalarında (Şeku (“Bursaspor”), Trost-Ekonq (“Bursaspor”), Omeru (“Kasımpaşa”, Onazi (“Trabzonspor”)) oynayırlar. Hücumçular arasında isə Musa, İhenaçço (hər ikisi “Lester”), Mozes (“Çelsi”),  Ayobi (“Arsenal”) kimi futbolçular yer alır.

Amma Nigeriya futbolu komanda oyunu kimi daha çox diqqət çəkir və fizik hazırlıq baxımdan da həmişə fərqləniblər. Bu gün hər iki komandanın şansı bərabərdir. Nigeriya isə məhz bir qədər yaşlaşmış Xorvatiya millisinə ciddi müqavimət göstərə bilər, hətta...

Axşamı gözləyək. 

Musavat.com  
 
   






Fikirlər