“QARABAĞ”, sənə güvənir, sənə İNANIRIQ!
Bu gün Avropa Liqasının təkrar pley-off qarşılaşmasında “Qarabağ” Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına stadionda keçiriləcək matç Bakı vaxtilə saat 21:00-da başlayacaq. “Qarabağ”ın səfərdə 0:1 hesabı ilə məğlub olması Bakıdakı oyunun intriqasını qətiyyən azaltmır, əksinə, qarşılaşmaya maraq olduqca böyükdür. Çünki “Qarabağ” bugünkü oyunda Avropa Liqasının qrup mərhələsinə düşmək üçün çalışmalıdır. “Çalışmalıdr” ifadəsini “meydanda savaşmalıdır” kimi də yazmaq olardı, amma məncə, “Qarabağ”dan daha artığını tələb etmək də ədalətli deyil. Həm Çempionlar Liqasının təsnifat mərhələsində, həm “Şerif”lə qarşılaşmadan sonra “Qarabağ”ın gücünün nə olduğunu gördük. Doğrusu, müşahidələrim nə qədər ədalətlidir deyə bilmərəm, Qurban Qurbanovda da ötənilki qrup mərhələsi istəyini görmədim. Məsələn, “Neftçi” ilə qarşılaşmada (oyun 1:1 hesabı ilə bitib) Qurban qardaşımız daha emosional, daha həyəcanlı görünürdü, nəinki klubun Avropa miqyaslı oyunlarında. Mümkündür ki, baş məşqçi klubun bu mövsüm Avropa turnirlərində oynamağa gücünün yetməməsi ilə barışıb. Üstəlik, indi milli komandanın Millətlər Liqasında iki mühüm oyunu yaxınlaşır. Millimiz isə Millətlər Liqasında ilk oyunu Bakıda Kosovo millisinə qarşı keçirəcək. İkinci matç isə səfərdə Malta ilə olacaq. Bu milli komandaya baş məşqçilik mövzusuna qayıtmaq istəməzdim, amma saytlardan biri hamı üçün maraqlı olan bir məsələni araşdırıb. Əcəba, Qurban Qurbanov belə mühüm bir ərəfədə həm “Qarabağ”a, həm milli komandaya necə vaxtını ayırır. Qol.az saytının araşdırmasından belə aydın olur ki, baş məşqçi səhər millini, axşam isə “Qarabağ”ı məşqə çıxarır, millidəki köməkçisi Elçin Rəhmanov da ona kömək edir. “Qarabağ”ın builki vəziyyətini birmənalı Qurban Qurbanovun milliyə baş məşqçi təyinatı ilə əlaqələndirmək olmaz. Amma görünür, bunun da təsiri var ki, indi ortaya bu cür sual çıxır. Hamı Qurban qardaşımızın milli komandaya baş məşqçi təyinatını alqışlayanda, deyəsən, elə mən meydanda tək qalmış kimi görünürdüm. Çünki elə o zaman da, indi də elə hesab edirəm ki, Qurban Qurbanov “Qarabağ”da qalmalı idi. Qüsura baxmayın, ötən ilin oktyabrın 28-də “Qurban Qurbanov millinin baş məşqçisi olması” yazısında bir sitatla bu mövzuya nöqtə qoyuram. Sitat: “Milliyə yerli mütəxəssis gətirək” yazanlardan biri də mən olmuşam, amma Qurbandan əl çəkək. Bu, ən pis variantdır. Qurban qardaşımız və “Qarabağ” klubunun rəhbərliyi özləri aralarında hansısa qərar verərsə, bu ayrı. O razılaşmanı dəyişməyə gücümüz yetməz. Amma AFFA rəhbərliyi də bir müddət əvvəl elə mən deyəni demişdi. Təxminən belə: “İmkan verək, Qurban ”Qarabağ"la məşğul olsun". Bu mənada mən Qurban Qurbanovun millinin baş məşqçi postuna təyinatına qarşıyam. Qurbanın “Qarabağ”da Azərbaycan futbolu adına gördüyü iş indi milli komandadan daha önəmlidir. Qurbanın da “Qarabağ”da hələ görəcəyi çox iş var... İmkan verək işini görsün..." (http://musavat.com/news/qurban-qurbanov-millinin-bas-mesqcisi-olmasin_478812.html ). Doğrusu, milli komandanın oyunlarına hələ baxmamışam, amma bildiyim qədər elə onlar da indiki “Qarabağ” kimi oynayırlar...Nə isə.. Bu gün nə gözləyək? Əlbəttə ki, “Qarabağ”dan qələbə gözləyirik. Avropa Liqasının qrupunun qaranti edən qələbədən söhbət gedir. Məlumdur ki, “Qarabağ” əvvəl 1 topun əvəzini çıxmalı, sonra isə qapısını qoruyaraq minimum daha bir top vuraraq pley-off mərhələsinin qalibi olmalıdır. “Şerif” ilk oyunda ötən ilkindən daha yaxşı klub təsiri bağışladı, ola bilsin, klubumuzun səfərdə zəif oynadığından bu üstünlük kimi göründü. Hər halda, yenə də müdafiə xəttinin kobud səhvi ucbatından qapımıza erkən qol(8-ci dəqiqədə)vuruldu. Təəssüf ki, bugünkü qarşılaşmada “Qarabağ”ın istər Avropa, istər milli çempionatdakı oyunlarında yaxşı təsir bağışlayan Miçel oynamayacaq. Klubun baş məşqçi hələ “Şerif”lə ilk oyundan sonra keçirdiyi mətbuat konfransında Bakıda keçiriləcək cavab matçı haqda bunlarını dediyini yada salmaqla kifayətlənək: “Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq". Qurban Qurbanov demişdi ki, cavab oyunu üçün heyətdə ciddi dəyişiklik olmayacaq: “Taktika dedikdə, bir o qədər də dəyişiklik olmayacaq. Sadəcə, ola bilər, sistemdə kiçik bir dəyişiklik olsun. Qalib gəlmək üçün daha aktiv, daha aqressiv olmalıyıq. Düşünürəm ki, bunu öz meydanımızda edə biləcəyik”. Sabliç Bakıya ürəkli gəlir “Şerif”in xorvatiyalı baş məşqçisi Qoran Sabliç klubun rəsmi saytına açıqlamasında “Qarabağ”la səfər oyunun barədə optimist danışıb. “Klub cavab oyunu ərəfəsi yaxşı əhval-ruhiyyədədir. Pley-off mərhələsinin ikinci oyununu gözləyirik. İlk matçda yaxşı bir nəticə əldə etdik ki, indi Avroliqanın qrupuna düşəcəyimizi düşünürük. Səfər qarşılaşmasında bizi çətin oyun gözlədiyini başa düşürük. Amma inanıram ki, komanda yaxşı fiziki vəziyyətdədir və qarşılaşmaya hazırıq”. Baş məşqçi səfər oyununda Yuri Kendişın meydana çıxa bilməyəcəyi barədə də danışıb. “Onu əvəz etmək asan olmayacaq, amma hesab edirəm ki, biz bir vəzifəni yerinə yetirə biləcək oyunçu tapa biləcəyik. Hesab edirəm ki, hər şey yaxşı olacaq” deyə, o bildirib. Qapımıza vurulan yeganə qolun müəllifi Rifet Kapiç də “Qarabağ”la Bakıdakı qarşılaşmanın çox çətin olacağını deyib. “Oyun çətin olacaq. Özümə və komandama inanıram. Bakıda müdafiədə diqqətli oynamalı və şansımızı əks-hücumlarda axtarmalıyıq. ”Qarabağ" ilk dəqiqədən hücum edəcək və erkən qol vurmağa çalışacaq. Amma bizim də güclü oyun keyfiyyətlərimiz var" deyə, o bildirib. Uğurlar “Qarabağ”! Sənə güvənir, sənə inanırıq! Nazim SABİROĞLU,Bu gün Avropa Liqasının qrupuna düşmək üçün Moldovanın “Şerif”klubuna 2 top fərqi ilə qalib gəlmək lazımdır...
“Yeni Müsavat”