"Acces” və "Nikoil” bankların Bərdə filialları sahibkarlara kredit verməmək üçün iyrənc təbliğata əl atılıb
Qarabağ bölgəsində fəaliyyət göstərən yerli banklar sözün həqiqi mənasında təxribata imza atıblar. Onlar yerli sakinlərlər yanaşı, sahibkarlara tezliklə düşmənin bir neçə rayonu "işğal” edəcəyi barədə sərsəm fikirlər səsləndirərək, kredit verməyin "bu səbəbdən” mümkün olmadığını deyiblər.
Tərtər rayonun İsmayılbəyli kəndində yaşayan Teyyub Səfərzadə Bərdə rayonuna gedib kredit almaq istəsə də, istəyi baş tutmayıb. Ona bildirilib ki, krediti yalnız Bakıdan əldə edə bilər. Belə ki, sahibkar 15 min manatlıq kredit üçün 100 min manat dəyərində girov qoymaq istədiyini bildirsə də krediti əldə edə bilməyib./jam.az/
Bununla bağlı adı çəkilən sahibkar və digərlərindən çoxlu sayda şikayətlər daxil olub. Sahibkar Teyyub Səfərzadə açıqlamasında bildirib ki, işi ilə bağlı bankların Bərdə filiallarına dəfələrlə müraciət etsə də nəticə olmayıb. "Mənə banklardan deyirlər ki, Tərtəri ermənilər işğal edəcək. Evimin, torpağımın sənədini verirəm, evimi də, fermamı da çəkiblər. Cavab olaraq bildirsəm də Tərtər heç vaxt işğal olunmayacaq, deyirlər ki, Tərtərə pul verə bilmərik. 4 aydır gedirəm gedirəm məni geri qaytarırlar. "Accesbank”, "Nikoil” banklarının Bərdə filiallarına müraciət etmişəm. Sanki bu ölkə vətəndaşı deyiləm kimi mənimlə rəftar edirdilər. Özümə də dedilər ki, Tərtərə pul verə bilmərik. "Tərtəri ermənilər işğal etsə pulu kimdən alacağıq?” deyirlər. Axırıncı dəfə bir ay bundan öncə "Parabank”ın Bərdə filialına müraciət etmişəm, onlar gəlib evimi, fermamı çəkdi və mənlə bir insan kimi davrandılar”.
T.Səfərzadə Sahibkarlara Kömək Milli Fonduna müraciət etdiyini də qeyd edib. "Fondun icraçı direktoru Şirzad Abdullayev 20 gün öncə rayona gəlmişdi, orada çıxış etdim. Sənədlərimin qaydasında olduğunu deyib, mənə kömək edilməsini bildirdi. Amma banklara gedirəm, mənə heç biri yaxın durmur. Bircə Parabank”a ümidim qalıb. Onlar evimi, fermamı çəkəndə dedilər ki, sənə kredit düşür. 100 min dollarlıq evə, fermaya pul xərcləmişəm, evin çıxarışına isə dövlət 11 min manat qoyub. Amma mənə 15 minlik krediti vermirlər”.
Xatırladaq ki, "Accesbank” Bank alman sərmayəsi əsaında qurulub. Faiz dərəcələri həddindən artıq yüksəkdir. "Nikoil” Bank isə Rusiya sərmayəsi əsasında fəaliyyət göstərir.