19.04.2014. - “Mən prezidentin əsgəriyəm”

19.04.2014. -  “Mən prezidentin əsgəriyəm”






Milli Məclisin deputatı
Cavid Qurbanov
son günlər rəhbərlik etdiyi “Azəryolservis”
ASC-nin Nəqliyyat Nazirliyinin tərkibindən çıxacağı ilə bağlı gəzən söz-söhbətlərə
KİV-ə açıqlamasında aydınlıq gətirib.


- 2015-ci olimpiya oyunları ilə bağlı tədbirlər nə yerdədir?

- Olimpiya oyunları ilə bağlı kompleks tədbirlər davam edir. Balaxanı yolunu şəxsən özüm keçib düzəltdirmişəm. Əvvəlcə Xocəsən yolunun təmiri başa çatdırılmalıdır. Bütün bunların hamısı insanların rahatlığı üçündür. Nəinki mən, cənab prezidentin də məqsədi budur. Kimin xoşuna gələr ki, Bakının içərisində basabas, tıxac olsun. Amma sadəcə şəhərin strukturu elədir ki, onun 3 tərəfi sudur. Bircə tərəf açıqdır. Maşın axını eyni istiqamətədir. Odur ki, əsas məqsədlər ondan ibarətdir ki, çıxış düzəlsin.

- Pirallahı rayonunun Abşeronla birləşdirən yolun çəkilişi nə zamana planlaşdırılır?

- Bu qlobal bir məsələdir. Sovet vaxtında o qədər lazımsız şeylər, beton zavodları, təmir zavodları tikmişdilər. Dünya hamısı öz dənizlərindən istifadə edir. Dincəlmək, istirahət mərkəzləri üçün istifadə olunur. Amma bizdə bunlar üçün istifadə olunmur. Təsəvvür edin ki, körpü salınıb. Belə olan halda görünüş itə bilər. Prezident bu işin layihəsi ilə tanış oldu. Qərar qəbul olundu, amma bu siyasi bir qərardır. Həmin körpü altdan və ya üstdən gedəcək, bunu fikirləşmək lazımdır. Təmizlənmiş, düzəlmiş bulvarı kəsəkmi, yoxsa aşağıdan keçsin. Bu barədə qərar verilməlidir.

- Sizcə hansı variant seçilməlidir?

- Bir mütəxəssis kimi hesab edirəm ki, dənizin qabağı açıq olmalıdır və Dənizkənarı Milli Parkı körpü salaraq kəsmək olmaz.

- Yol kənarındakı səkilərin standarta uyğun olmadığı, daha hündür olduğu barədə iddialara münasibətiniz necədir?

- Bəzi mütəxəssisləri deyə bilmərəm. Mən iki institut bitirmişəm, ikisi də avtomobil yollarının istismarı ilə əlaqədardır. Mən onu bilmirəm. Bunu hər hansı bir ölkə qəbul edirsə, bizim qəbul etməyimizin nəyi pis olar ki? Dənizkənarında 4 zolaqlı yollar düzəldilib. Baxsanız görərsiniz ki, onların hamısı tərs gedir. Yollarda yolüstü keçidlər var. Yaşlı qadın, kişi dəmirin üstündən keçir, 5 metr aralıdakı keçiddən keçmir. Bəs neyləyək? Londonda yolların hamısı xüsusi dəmirlərlə ayrılır. Onların quruluşu keçmiş quruluşdur. Bizim şəhərimiz də yenidən qurulur. Biz də istəyirik ki, daha gözəl, müasir, qiymətli olsun.

- Prezident çıxışında avtodayanacaqlarla bağlı məsələyə toxundu. Bakıda yerüstü dayanacaqların salınması üçün şərait varmı?

-Avstriyada, Parisdə insanlar 300 il bundan əvvəl şəhəri tikəndə onun bünövrəsini qoyublar. Məsələn, orada kanalizasiya yerləri var. Həmin şəhəri tikən mühəndis fikirləşib ki, bu şəhər nə zamansa 4 milyonluq ola bilər. Bunu hesablayıb tikiblər. Amma Bakı şəhərində bu “altyapı” deyilən bir şey yoxdur. Çox sərəncamlar səhv verilib ki, parkinglər olmayıb. Ona görə də şəhərdə çoxlu basabas əmələ gəlib. Bizdə tıxac yoxdur, sıxlıq var. Küçələrimiz dardır. Məsələn, şəhərin Ziya Bünyadov küçəsi, bundan başqa şəhərdə çoxlu “gecəqondu”larımız var. Şəhərimiz onsuz da köndələndir. Kim necə istəyib balkon çıxardıb, kim istəyib əlavə tikililəri yola çıxardır. Hesab edirəm ki, bu bir psixologiyadır. İnsanlar yavaş-yavaş buna hazırlaşıb gəlməlidir. Bütün bu məsələlərin həlli üçün zaman lazımdır. Cənab prezident düz deyir. Dünyanın hər bir yerində küçələrdə polislər dayanır. Avtomobil lazım olmayan yerdə saxlayırsa, həmin polis avtomobil sahibini cərimələyir. Dövlət Yol Polisi ilə bərabər bir plan hazırlanmalıdır ki, avtomobil şəhərin bu yerlərində durmalıdır. Bunun üçün aparatlar, kameralar qurulmalıdır. Səhv edən şəxslər ciddi cəzalandırılmalıdır. Qalan şəxslər üçün də şərait yaradılmalıdır ki, maşını haradasa saxlayıb getsinlər.

- Avtomobil dayanacaqlarının qiymətlərinin baha olmasına münasibətiniz necədir?

- Mən bu barədə bir şey deyə bilmərəm. Bu məsələyə Tarif Şurası qərar verir.

-Ziya Bünyadov prospekti nə vaxt istifadəyə veriləcək?

-Ziya Bünyadov prospektinin təmiri bu il başa çatacaq. Əvvəlcə 4 zolaqlı yolun tikintisi nəzərdə tutulurdu. Daha sonra bu yolların sayını 8-ə çatdırdıq. İndi isə 10 zolaqlı yol salınacaq.

- Sumqayıt yolu da genişləndirilir. Amma orada çoxlu ağaclar kəsildi....

- Biz də ağacların kəsilməsinin tərəfdarı deyilik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndəririk ki, biz bu yolu genişləndirmək istəyirik. Ağacların pulunu ödəyirik, yeni pöhrələrin alınması üçün şərait yaradırıq. Deyirik, köçürtmək mümkündürsə köçürün, köçürmək mümkün deyilsə, yenisini alıb əkin. Sumqayıtla Bakı arasında 220 min maşın var. Sabah o yol bağlanıb, dayananda kim buna cavab verəcək?

-Sumqayıta alternativ yol çəkmək mümkündür?

-Həmin yolun sağ və sol tərəfini görmüsünüz. Orada hansı tərəfi sökək?!

- Sizin vəzifənizi dəyişəcəyiniz barədə mediada məlumatlar yayılıb. Buna münasibətiniz necədir?

-Mən sarı mətbuata inanmıram. Bir vaxtlar deyirdilər ki, Brejnev sağdır və 18 yaşında bir xanımla haradasa yaşayır. Vəzifəyə qoymaq da, ordan onu çıxarmaq da yalnız bir səlahiyyət sahibindədir. Qərarı prezidentimiz qəbul edəcək. Mən onun əsgəriyəm. O, hansı küncə qoysa, orada da duracağam.

- “Azəryolservis”in Nəqliyyat Nazirliyindən ayrılacağı doğrudurmu?

- ASC-nin nazirlikdən ayrılmasına ehtiyac yoxdur. Bizim bir problemimiz yoxdur. Biz Nəqliyyat Nazirliyinin tərkib hissəsiyik.






Fikirlər