Samir Şərifovun karyerasına əngəl - CAHANGIR Hacıyev niyə susmur?

 Samir Şərifovun karyerasına əngəl - Cahangir Hacıyev niyə susmur?

Ölkədə yeni idarəçilik institutunun yaradıldığı bir vaxtda maliyyə naziri kimi bir fiqurun “vurulması” onu rəqib hesab edənlərin maraqlarına uyğundur 

 

26 sentyabr referendumundan sonra iqtisadi və siyasi sferada inqilabi dəyişikliklər olacağı, prezident İlham Əliyevin xüsusilə yeni iqtisadi modelini həyata keçirmək üçün hakim komandada bəzi kadr islahatları aparacağı gözlənilir.  
“Yeni Müsavat” ötən həftə bu barədə geniş manşet yazı dərc edib. Bildirilir ki, referendumdan sonra yaradılacaq vitse-prezidentlik institutunun əsas vəzifələrindən biri məhz dövlət başçısının nəzərdə tutduğu geniş islahatlar proqramını həyata keçirməkdir. Yəni 1-ci vitse-prezident əsas etibarilə iqtisadi komandanı kurasiya etməklə, islahatların həyata keçirilməsinə təhkim olacaq. 
Çünki Nazirlər Kabinetinin iqtisadiyyatın bütün sahələrini əhatə edəcək geniş proqramı həyata keçirmək gücündə olmadığını artıq iqtidar təmsilçiləri də etiraf edirlər. Gözlənilir ki, vitse-prezident məhz hakim komandadan iqtisadi-maliyyə siyasətini dərindən bilən bir nəfər arasından seçiləcək. 
Məlumatlara görə, indidən məmurlar arasında vitse-prezidentlik kürsüsü uğrunda pərdəarxası mübarizə başlayıb. Ehtimal edilir ki, yaxın vaxtlarda bu posta iddialıların rəqiblərinə qarşı mediada “qara piar” kampaniyası aparması da istisna deyil. Vitse-prezidentlik şansları olanlar sırasında “əvəzedilməz” baş nazir Artur Rəsi-Zadənin, vergilər naziri Fazil Məmmədovun, maliyyə naziri Samir Şərifovun, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun, baş nazirin müavinləri - YAP-ın icra katibi Əli Əhmədovun və Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun adları çəkilir. Qeyd edək ki, bunlar yalnız medianın ehtimallarıdır və adıçəkilən məmurların belə iddiaları haqda heç bir rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur. Amma bu məmurlar sırasında bir nəfərin şansları haqda xüsusi danışmaq lazım gəlir. Bu, maliyyə naziri Samir Şərifovdur. 
Sentyabrın 7-də 55 yaşı tamam olan S.Şərifov 2006-cı ildən maliyyə naziri postundadır. Onun baş nazir postuna gətiriləcəyi barədə vaxtaşırı məlumatlar yayılırdı. Nazirin qərbyönümlü məmur olduğu, bu mənada onun ciddi dəstək aldığı da yayılan məlumatlar sırasında idi. Amma son illər, xüsusilə Beynəlxalq Bankda baş verən ciddi maliyyə fırıldaqları üzə çıxdıqdan sonra maliyyə naziri əsas hədəfə çevrilib. 
Image result for Samir Şərifov
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev istintaqa cəlb olundu və ötən ilin dekabrında həbs edildi. Hələ sabiq bankirin istintaqı davam edəndə o, maliyyə nazirini ittiham edirdi. 
C.Hacıyev iddia edirdi ki, Beynəlxalq Bankda baş verənlərin məsuliyyəti həm də bankın Müşahidə Şurasında təmsil olunan Maliyyə Nazirliyinin üzərindədir. S.Şərifov bu ittihamları ciddiyə almadıqca, ona gözlənilmədən daha bir ağır zərbə vuruldu. Sovet kəşfiyyatçısı olmuş, hazırda isə ABŞ-ın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində maliyyə nazirini Rusiya, Türkiyə və ABŞ xüsusi xidmət orqanları ilə əlaqədə suçladı. Nazirə bu “xarici hücumun” arxasında qudaların dayandığı barədə ciddi şübhələr olsa da, S.Şərifov bu ittihamları şəxsən cavablandırmadı. Elə hakim komanda da maliyyə nazirini xüsusi müdafiə etmədi. 
Bu şok ittihamlar tezliklə unudulsa da, hazırda məhkəməsi davam edən C.Hacıyev nazirin yaxasını buraxmır. Son məhkəmə proseslərinin birində həbsdəki bankir “Samir Şərifov özü istintaqa cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada, mənim yanımda əyləşməlidir. 
Bunu sübut edən faktlarım var” - deyərək, maliyyə nazirini hədəf alıb. Doğrudur, Maliyyə Nazirliyi ittihamları “səfehləmə” kimi qiymətləndirərək  C.Hacıyevi məsuliyyətdən yayınmaqda, bankdan mənimsədiyi  5 milyardı offşor zonalarda gizlətdiyini bəyan edib ki, bu da kifayət qədər realdır. Amma  bildirilir ki, C.Hacıyev  susmayacaq, əksinə, ona “dil verən” qudası Eldar Mahmudovun təlimatı ilə növbəti məhkəmə proseslərində də maliyyə naziri barədə sensasion iddialar irəli sürəcək.
Image result for Cahangir hacıyev
Məlumata görə, C.Hacıyev məhkəmə prosesinin sonuna qədər çıxışlarını S.Şərifovu ittiham üzərində quracaq. Çünki sabiq bankir “kredit qalmaqalı”nın üzə çıxmasında və həbsində naziri suçlu bilir. İndi qəribə  görünsə də, C.Hacıyev qudası hakimiyyətdə ən güclü mövqedə olan zamanlarda baş nazir postuna iddialı olanlardan biri idi. C.Hacıyev hələ də düşünür ki, nazir onu (və qudasını) sıradan çıxarmaq üçün ölkə rəhbərliyinə yalan məlumatlar verib. S.Şərifov həm də bu qısasçılığın hədəfidir... 
İqtidar düşərgəsi və mediası S.Şərifova bu qədər ciddi ittihamlara rəğmən yenə də susqunluq içərisindədir. Təhlillər onu deməyə əsas verir ki, S.Şərifovun gələcək karyerası indilikdə tam aydın deyil. Bu səbəbdən də ölkədə yeni idarəçilik institutunun yaradıldığı bir vaxtda maliyyə naziri kimi bir fiqurun “vurulması” həm də onu rəqib kimi görənlərin  maraqlarına uyğundur... 

 






Fikirlər