Maliyyə nazirinin Cahangir Hacıyevi bitirmək planı artıq onun öz əleyhinə işləməyə başlayıb
Beynəlxalq Bankla bağlı "kredit qalmaqalı”nın hələ ilk günlərində belə iddialar səsləndirilirdi – bu olay maliyyə naziri Samir Şərifov və Cahangir Hacıyev arasında Baş nazir postu uğrunda gedən mübarizənin təzahürüdür. Bu iddia indiyə qədər də tutarlı arqumentlərlə gündəmdədir. Lakin deyəsən, Samir Şərifovun Cahangir Hacıyevi bitirmək planı artıq onun öz əleyhinə işləməyə başlayıb.
Politika.Az-a daxil olan məlumata görə, "kredit qalmaqalı”na görə həbs olunanların ailə üzvlərinin bir müddət əvvəl prezident İlham Əliyevə müraciət edərək "kredit qalmaqalı” ilə bağlı bəzi məqamları dövlət başçısının diqqətinə çatdırıblar.
Məlumatda deyilir ki, onlar Samir Şərifovun fürsətdən istifadə edərək Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlər hesabına açılan müəssisələri ələ keçirmək istədiyini iddia ediblər. Onların sözlərinə görə, Samir Şərifov "Metanol” zavodunu, "Şəki İpək” ASC-ni, Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində tikilən "İntertekstil” fabrikini və "İnterstil” poladtökmə zavodunu, BOT ayaqqabı şirkətini, Bakı Fındıq Zavodunu və digər müəssisələri ucuz qiymətə satışa çıxarıb. Əslində isə məqsəd bu müəssisələri ələ keçirməkdir.
İddialara görə, bu müraciət Cahangir Hacıyevin tövsiyyəsi ilə hazırlanıb. Bildirilir ki, Samir Şərifova həlledici zərbəni Cahangir Hacıyevin özü vurmaq istəyir. Bankir həbsdə maliyyə naziriylə bağll kifayət qədər ciddi məqamların yer aldığı dosye hazırlayabilib. Cahangir Hacıyev hələlik bu dosyenin daxildə araşdırılmasında maraqlıdır. Əgər bu baş verməsə, bankirin dosyeni ictimailəşdirəcəyi şübhəsizdir. Bu isə Samir Şərifova sarsıdıcı zərbə ola bilər.