Hökumət bank borclularını “bir damın” altına yığır BÖLÜM: İqtisadiyyat

Hökumət bank borclularını “bir damın” altına yığır

Dollar kreditləri 1.05-lə qaytarıla bilər-fərqi dövlət ödəmək şərti ilə... 

 

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır. Bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. R.Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir: “Müvafiq hesabat artıq Prezident Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.
Qeyd edək ki, istiqlal.az saytı da Azərbaycanda böyük kredit amnistiyası gözlənilməsi ilə bağlı xəbər yayıb. Bank sektorundakı mənbəyə istinadən yayılan xəbərə görə, 10 min dollara qədər kredit borcu olanların borcları indiki məzənnə ilə deyil, köhnə məzənnə ilə (1 dollar 1.05 manat) ilə hesablanacaq. Bu, 20 dekabr 2015-ci il tarixə qədər kredit götürənlərə şamil ediləcək.
Məlumata görə, layihə Maliyyə Bazarlarına Nəzarət Palatası və prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik etdiyi İşçi Qrupla birgə hazırlanıb. Layihədə dollar kreditlərinə güzəşt müqabilində banklara dövlət təzminatının mexanizmi də əksini tapıb. Bank sektorundakı mənbənin verdiyi məlumata görə, 10 minədək olan dollar kreditlərini borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Mərkəzi Bankın simasında dövlət qarşılayacaq. 
360 min ölkə vətəndaşını əhatə edən bu proqram aztəminatlı əhalinin devalvasiyanın vurduğu ziyandan çıxarılması istiqamətində çox vacib addımdır. 
Qeyd edək ki, bank sektorunda problemli kreditlərin ümumi məbləği 1.5 milyard manatı aşır. Bunun təxminən 30 faizi vətəndaşların payına düşür. R.Aslanlının sözlərindən belə aydın olur ki, layihə artıq tamamlanıb, son dəqiqləşmə işləri aparılır. Güman edilir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı olacaq.
“Yeni Müsavat”a açıqlamasında bu məsələyə toxunan Milli Məclisin  İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, bu məsələnin yaxın zamanlarda həll olunması gündəmdədir: “Bu yaxınlarda İqtisadi siyasət komitəsinin iclası olanda biz bu məsələyə toxunduq. Onda palata sədri dedi ki, biz bu məsələ üzərinə işləyirik. Biz əvvəldən də demişdik ki, mənim və Əli Məsimlinin 14 səhifəlik təklifləri var. Orada kredit borcları ilə bağlı məsələyə uyğun da sxem vermişdik. Həmin sxemə uyğun olaraq bu məsələyə baxılacaq.  
Image result for Vahid Əhmədov
Həmin təklifləri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıya, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova və Milli Məclisin sədri Oqtay Əsədova göndərmişdik. Həmin təkliflərə baxılır və yəqin ki, dövlət başçısı bununla bağlı qərar verəcək. Bank sisteminin sağlamlaşdırılması Azərbaycanda ən önəmli məsələlərdən biridir. İnsanlarla bank arasında etimad yaratmaq üçün ən əsas addımdır. Yəqin ki, bununla əlaqədar məlumatlar yaxın vaxtlarda yayılacaq. Burada söhbət bütün kredit növlərindən getmir, ola bilər 5 min manata qədər, ola bilər 10 min manata qədər kreditlər 1.05-lə ödənilsin. Hazırda bizim təkliflərimiz üzərində iş gedir, onlardan hansının qəbul ediləcəyini indi deyə bilmərik”.
Image result for Rəşad Həsənov
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov bu qərarın verilməsinin vacib olduğunu bildirsə də, hökumətdən belə bir addımı gözləmədiyini vurğuladı: “Xatırlayırsınızsa, bu problemlərin yarandığı ilk gündən etibarən biz bildiririk ki, bu yük hansısa formada vətəndaşın üzərindən götürülməlidir. Faktiki olaraq vətəndaşın heç bir günahı olmadan, sadəcə, dövlət qurumlarının, Mərkəzi Bankın, hökumətin qəbul etdiyi qərarlar nəticəsində borc yükü artıb. Azərbaycan qanunvericiliyinə görə, hər hansı dövlət qurumu yerli idarəetmə orqanının qəbul etdiyi qərarlar səbəbindən vətəndaş borc öhdəliyini yerinə yetirə bilməzsə, dəymiş zərər dövlət vəsaiti hesabına ödənməlidir. Bu, qanunvericiliyin tələbidir. Bu günə qədər də bu istiqamətdə hər hansı addımın atılmaması anlaşılan deyil. Maliyyə intizamsızlığı səbəbindən bir sıra dövlət qurumları müxtəlif bəhanələr gətirərək bu addımı atmaqdan yayınıblar. Əslində rəsmi qurumların bu günə qədər ortaya qoyulan mövqe, səsləndirdiyi fikirlər belə bir qərarın baş verəcəyindən xəbər vermir. Mən hökumətin belə bir addım atacağını düşünmürəm. Bu günə qədər dövlət qurumları, əsasən də Maliyyə Nazirliyi borclarla bağlı hər hansı kompensasiyanın verilə biləcəyini birbaşa inkar ediblər. Hər zaman ən sərt formada buna getməyəcəklərini bildiriblər. O baxımdan, hesab etmirəm ki, belə bir qərar veriləcək”. 
Ekspert dollarla olan kredit borclarının yükünün bir hissəsinin vətəndaşın çiyinlərindən götürülməsinin vacibliyini diqqətə çatdırdı: “Bankların da bu qərarın verilməsinə ehtiyacı var. Çünki bankların maliyyə problemi günü-gündən artır. Bankların problemi rəqəmlərdə əks olunandan dəfələrlə artıqdır. Bu isə növbəti dövrlərdə bankların bağlanmasına gətirib çıxaracaq. Görünən odur ki, növbəti aylarda da, hətta 2017-ci ildə də bankların bağlanması prosesi davam edəcək. Onsuz da həmin vəsait dövlətdən çıxır. Son olaraq Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna nə qədər vəsait ayırdı. Bankların bağlanması prosesinin özü də xərcdir. Vəsaitləri bu formada xərcləməkdənsə, yaxşı olar ki, daha çox insana yardım edilsin”.
 
 






Fikirlər